Gundelik.az Elm və təhsil Ədəbiyyat SƏNİ DİNLƏYƏN SÜKUT
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

SƏNİ DİNLƏYƏN SÜKUT

Hava limanları… Bəzən bir başlanğıcdır, bəzən bir son. Bəzən ayrılıq, bəzən qovuşmaq yeri. Amma həmişə bir gözləmə var — kiminsə qapıdan çıxmasını gözləmək, səs eşitmək, bir adın səslənməsini duymaq.

O, hava limanına gələndə hava qaranlığa bürünmək üzrə idi. Payız idi. Külək pəncərə şüşələrinə toxunduqca sanki nəsə demək istəyirdi — amma insan bəzən o qədər içində boğulur ki, heç bir səsə qulaq asa bilmir.

İçəri daxil oldu. Bir əlində gül buketi, o birində qəhvədən daha çox ümid daşıyan bir kağız stəkan vardı. Arvadını və oğlunu qarşılamağa gəlmişdi. İki ildən sonra.

İki il… Uşağının boyunun necə uzandığını görmədiyi, səsini telefonda eşitdiyi, amma qucaqlaya bilmədiyi iki il. Arvadının son zamanlar çox danışmadığı, soyuqlaşdığı, amma “yaxşıyam” deyə cavab verdiyi iki il.

Səssizcə gözləmə zalına keçdi. Ətrafdakı insanlar, xoşbəxt səslər, uşaqların qışqırtısı ona çatmırdı.

O, yalnız bir sətri izləyirdi: “Frankfurt-Bakı — 22:05 — ENİŞ GÖZLƏNİLİR”

Saat 22:04. Bir dəqiqə.

Sonra…

22:05 — GECİKİR

Sözlər dəyişəndə, o da dəyişdi. Dərindən nəfəs aldı. Bu adi gecikmə ola bilərdi. Təyyarələr bəzən ləngiyərdi. Amma nədənsə bu dəfə… qəlbində qəribə bir narahatlıq vardı. Sanki içində bir zəng çalırdı, heç kim eşitmirdi, amma o, o səsi duyurdu.

Ayağa qalxıb məlumat məntəqəsinə yaxınlaşdı.

— Frankfurt-Bakı reysi… bir problem olub? Gecikmə niyədir?

İşçilərdən biri gözlərini aşağı saldı. Digəri isə çox tanış bir ifadə ilə — nə deyəcəyini bilməyən bir adamın saxta təbəssümü ilə — dilləndi:

— Zəhmət olmasa, bir az gözləyin, bəy… rəsmi məlumat hələ gəlməyib.

Gözləyin. Yenə gözləyin. Həyat boyu bu sözü eşitmişdi.

“Bir az da işləsən, hər şey yaxşı olacaq.”

“Bir az daha döz, münasibətlər düzələcək.”

“Bir az daha səbirli ol, uşağınız böyüyəcək.”

Həmişə gözləmişdi. İndi də gözləyirdi. Bu dəfə isə sanki gözlədiyi təkcə arvadı və oğlu deyildi — sanki həyatın cavablarını da gözləyirdi.

Bir stulda əyləşdi. Əlləri dizlərinin üzərində, gözləri tablonun dəyişməyən sətrində idi. Üzündəki ifadə — yorğun bir mübarizənin səssiz hekayəsi.

— Bəy, zəhmət olmasa bizimlə gələrsiniz?

Kostyumlu, ciddi görkəmli bir kişi onun qarşısında durmuşdu. Onun səsində nə həyəcan vardı, nə də təsəlli. Sadəcə boşluq.

Otağa aparıldığında, içini boğan hiss artıq sinəsinə yerləşmişdi. Sanki nəfəs aldıqca nəfəsi azalıb yox olurdu.

Sorğular başladı. Başqa cür. Həyatının detallarına enən, ruhunun içini eşələyən suallar.

— Arvadınızla münasibətiniz necə idi?

— Niyə onlarla birlikdə yaşamırdınız?

— Sizcə, oğlunuz sizi sevir?

Bu suallar bir sənədi doldurmaq üçün deyildi. Sanki kimsə onun içini oymaq, ruhunun dərinliklərini ortaya çıxarmaq istəyirdi. O hiss edirdi — burada nəsə baş verir. Və bu “nəsə”, düşündüyündən daha ağır bir şey idi.

Sonra xəbər verildi.

Təyyarə radarlardan itib. Pilotla əlaqə yoxdur. Qəza siqnalı verilməyib. Sanki göydə buxarlanıb.O an, o kişi sanki içində yıxıldı. Daxili bir uçurumda addım atdı və düşdü. Heç bir reaksiya vermədi. Sadəcə susdu. Çünki insan bəzən hiss edər ki, səs də kömək etmir. Bəzən qışqırmaq belə içindəki ağrını ifadə edə bilməz.

Günlər keçdi. Umidlər öləzidi. Analar ağladı, atalar göz yaşı tökdü. Televiziyalar danışdı, ekspertlər analiz verdi. Amma o, danışmadı. O, sadəcə gözləyirdi. Yeganə duası vardı: Oğlum sağ qalsın.

Və o dua… bir qapı araladı.

Tapılan təyyarə — bir adada. Təsadüfən. Texniki problem nəticəsində qeyri-rəsmi eniş. Amma… sərnişinlərin hamısı tələf olmuşdu.

Yalnız bir nəfər sağ idi… Onun oğlu.

Tapılanda dili tutulmuşdu. Danışmırdı. Nə qışqırırdı, nə də ağlayırdı. Sadəcə susurdu. Donmuş bir baxışla boşluğa baxırdı.

Xəstəxanada ata onun yanında günlərlə, həftələrlə oturdu. Gözləmə salonları, palata pəncərələri, tibb bacılarının səssizliyi — bunlar onun yeni həyatı idi.

Oğluna kitab oxudu. Sakitcə çiyninə başını qoydu. Gözlərini bağladı və sadəcə nəfəs aldı. Danışmadı. Səssizliklə ona yaxınlaşmağa çalışdı. Çünki bu uşağın travması – səslərdən yox, səssizlikdən doğmuşdu.

Bəzən adam öz övladına necə yaxınlaşacağını bilmir. Ən yaxın insan belə bir yad olur. Və bu yadlığı yalnız ürək dili ilə sındırmaq olar. Ata bunun fərqində idi. Oğlunun qarşısında günahkar deyildi, amma üzr istəməyə hazır idi. Susaraq.

Bir gün uşaq gözlənilmədən danışdı.

— Ata…

Kişi təəccüblə çevrildi. Gözlərinə yaş doldu.

— Mən… səni sevirəm.

Səssizlik. Duyğular boğazında düyünləndi.

— Ana… deyirdi ki, sən bizi heç vaxt sevməmisən… Deyirdi sən həmişə işdə, uzaqda… Mən o vaxt inandım… Amma adada… tək qalanda… düşündüm…

— Nə düşündün, oğlum

— Düşündüm ki… sən bizim üçün özünü unutmuşdun. Yorğunluqla evə gəlməyin, cibindəki son pulu mənim oyuncağım üçün xərcləməyin… Bunları indi anlayıram.

Uşaq bir az dayandı. Sonra sakitcə davam etdi.

— Ana… başqa bir kişinin evində idi. Deyirdi, bacısıgildə qalarıq. Amma yalan idi. Mən onu görmüşdüm… qorxmuşdum. Sənə deyə bilməmişdim…

Kişi nə deyəcəyini bilmədi. İçində qopan tufan ona dil tapmağa imkan vermədi. Sadəcə oğlunu qucaqladı. Onun titrəyən balaca bədənini sinəsinə sıxdı. Və ilk dəfə – həqiqətən ağladı.

Arvadının soyuq baxışları, gecikən zəngləri, ikibaşlı cümlələri — hamısı bir cavab tapırdı. İndi, oğlunun sözlərində.

Aylar keçdi. Ata və oğlu başqa bir şəhərə köçdü. Yeni həyat. Sakit. Sadə. Amma sevgi dolu. Ata daha çox danışmağa başladı. Oğlu isə dinləməyi öyrəndi.

Bir gün uşaq atasına baxıb dedi:

— Sən heç kimə sübut etmədin bizi sevdiyini. Amma mənə sübut etdin. Mənə kifayətdir.

Ata gülümsədi. O səssiz gülümsəmə həyatının bütün suallarına cavab idi.

Sevgi, bəzən yüksək səslə deyilmir. O, susqunluqda, dözümün içində, boynubükük baxışlarda, axşam evə gec gələn bir kişinin köynəyində, cibində saxladığı son qəpikdə yaşayır. Və bəzən yalnız bir uşaq… o sevgini görə bilir. Çünki uşaqlar səsə yox, niyyətə inanır. Səssizlik danışdığında isə, bütün həqiqətlər üzə çıxır.

Nahid Tağıyev

Maliyyəçi, biznes təlimçi

Gundelik.az

Exit mobile version