Samsung-un qarşıdan gələn ultra səviyyəli flaqmanı — Galaxy S26 Ultra — kameraya yönəlik bir neçə əhəmiyyətli yenilik əldə edə bilər. Söhbət yeni hardware-dən yox, cihazın foto və video təcrübəsini ümumilikdə yaxşılaşdırmağa yönəlmiş proqram təminatı əsaslı təkmilləşdirmələrdən gedir.
Məşhur insayder Ice Universe-in (Weibo paylaşımına istinadən) verdiyi məlumata görə, Galaxy S26 Ultra-da linza parıltısı (lens flare) xeyli azaldılacaq. Bu problem hətta yüksək səviyyəli iPhone və Galaxy S seriyalı smartfonlarda da tez-tez rast gəlinir. Samsung bu problemi həll etmək üçün təkmilləşdirilmiş linza və örtük (coating) texnologiyasından istifadə edəcək.
Bundan əlavə, Galaxy S26 Ultra fotolarda tez-tez rast gəlinən həddindən artıq sarı dəri tonları problemini də aradan qaldıra bilər. Bu, görüntü emalı (image processing) sistemində edilən dəyişikliklər hesabına mümkün olacaq. Xüsusilə ISP (Image Signal Processor) kadrda insan olduğunu aşkar etdikdə, sarı tonlar bir qədər azaldılacaq.
Galaxy S26 seriyası (yalnız Ultra deyil) həmçinin One UI 8.5 üzərində işləyən Camera Assistant (Good Lock) tətbiqinə yeni funksiyalar əldə edə bilər. Qeyd edək ki, Galaxy S26 seriyasının One UI 8.5 ilə təqdim olunacağı gözlənilir. Bu isə artıq bəzi Galaxy S və Galaxy Tab modellərində sınaqdan keçirilən böyük sistem yenilənməsidir.
Android Authority-nin hesabatına görə, One UI 8.5 beta versiyasında yer alan yeni Camera Assistant tətbiqi “Video Softening” (videonun yumşaldılması) adlı funksiya təklif edir. Bu xüsusiyyət videoların həddindən artıq kəskin (over-sharpened) görünməsinin qarşısını alaraq daha təbii və axıcı görüntü yarada bilər. Xüsusilə çox parlaq və sərt işıq şəraitində video çəkən istifadəçilər üçün faydalı olacaq.
Video softening funksiyası aktiv/deaktiv edilə bilən seçim kimi təqdim olunacaq. Bundan başqa, avtofokusun həssaslığı və sürəti üçün yeni parametrlər də əlavə olunacaq:
Həssaslıq – kadrda yeni obyekt daxil olub-çıxdıqda fokusun nə qədər tez dəyişəcəyini müəyyən edir.
Sürət – fokus keçidi zamanı kameranın nə qədər sürətlə yenidən fokuslanacağını tənzimləyir.
Nəzərə alsaq ki, Galaxy S26 Ultra və seriyanın digər modelləri əvvəlki nəsillə eyni kamera quruluşu ilə gələcək, bu proqram təminatı dəyişiklikləri potensial alıcılar üçün çox ümidverici siqnaldır.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
