Gundelik.az İdman Salahın transferi ilə bağlı danışıqlar dayandırıldı
İdman Xəbərlər

Salahın transferi ilə bağlı danışıqlar dayandırıldı

“Beşiktaş”ın futbol direktoru Önder Özen klubun transfer gündəmi və xüsusilə ulduz futbolçu Məhəmməd Salahın mümkün keçidi ilə bağlı açıqlama verib.

Gundelik.az-ın xəbərinə görə, Özen bildirib ki, İstanbul təmsilçisi Salah üçün danışıqlara başlasa da, hazırda transfer prosesini dayandırıb.

Önder Özen Məhəmməd Salahın transferinin klub üçün həm idman, həm də kommersiya baxımından böyük layihə olduğunu deyib.

“Salah kimi superulduzla əlaqə saxladıq. Bu, qlobal bir addımdır. O, beynəlxalq səviyyədə böyük nüfuza malik və çox hörmət edilən futbolçudur. Eyni zamanda, onun məhsuldarlıq potensialını da gördük”, – deyə Özen bildirib.

Onun sözlərinə görə, “Beşiktaş” transferin mümkün kommersiya nəticələrini də araşdırıb: “Neçə forma satılacaq? Xaricdə nə qədər istehlak ediləcək? Bununla bağlı texniki-iqtisadi əsaslandırma aparıldı”.

Özen Salahla ümumilikdə üç dəfə görüşdüklərini açıqlayıb. O, futbolçu ilə iki dəfə transfer layihəsi və bunun yaradacağı maraq barədə danışdığını, baş məşqçi Vinçentso İtalyanonun isə Salahla bir dəfə taktiki məsələləri müzakirə etdiyini bildirib.

“Beşiktaş” rəsmisi danışıqların maliyyə mərhələsinə çatdıqdan sonra prosesin yavaşladığını deyib.

“Salah bu hissədən xəbərsiz ola bilər. Transfer prosesi maliyyə mərhələsindən etibarən yavaşladı. Klubun müəyyən prinsipləri və transfer siyasəti var. Bundan kənara çıxmaq olmaz”, – Özen vurğulayıb.

O, klub rəhbərliyinin müəyyən həddə qədər irəliləmək qərarı verdiyini və bundan sonra geri çəkildiyini bildirib.

“Düşünürəm ki, prezidentimiz harada dayanacağını düzgün müəyyənləşdirdi və orada qaldı. Salahın transferindən müvəqqəti olaraq imtina etdik. Məhəmməd Salah məsələsi hələlik bizim üçün təxirə salınıb”, – deyə futbol direktoru bildirib.

Önder Özen “Beşiktaş”ın Salah üçün danışıqları tamamilə bağlayıb-bağlamadığı sualına da cavab verib.

“Bəli və ya xeyr demək şansım yoxdur. “Beşiktaş”ın öz şərtləri ilə verdiyi təklif aydındır. Bu təklifə cavab gələrsə, onu qiymətləndirə bilərik. Amma “Beşiktaş” başqa bir təklif verməyəcək”, – deyə Özen bildirib.

Onun sözlərinə görə, Salahın nümayəndələri futbolçunun başqa bir klubla da danışıqlar apardığını və həmin danışıqlardan nəticə əldə edə biləcəklərini bildiriblər.

Özen “Beşiktaş”ın Salah üçün etdiyi son təklifin klubun maliyyə və idarəçilik prinsiplərini qoruyan son hədd olduğunu vurğulayıb.

Exit mobile version