Gundelik.az Mədəniyyət və cəmiyyət Sağlam həyat tərzi ürəyi qoruyur
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam həyat tərzi ürəyi qoruyur

Dünyada hər il milyonlarla insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Halbuki sağlam həyat tərzinə dair sadə qaydalara əməl etməklə bu ölümlərin əhəmiyyətli hissəsinin qarşısını almaq mümkündür.

Ürək insan orqanizminin ən vacib orqanlarından biridir. Təəssüf ki, eyni zamanda ən çox xəstəliklərin inkişaf etdiyi orqanlardan da sayılır. Dünyada baş verən ölümlərin təxminən 75 faizi yoluxucu olmayan xəstəliklərdən qaynaqlanır. Bunların arasında ən geniş yayılmış və ölümcül olanı isə ürək-damar xəstəlikləridir. Xüsusilə infarkt və insult ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Hər il 18,6 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişir. Bu ölümlərin üçdə biri isə 70 yaşdan aşağı şəxslərin payına düşür.

Hazırda dünyada 300 milyondan çox insan ürək xəstəliyi ilə yaşayır, 2 milyarddan artıq insan isə bu xəstəliklərə tutulma riski daşıyır.

Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi ürək xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır. Bəs ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik həyatda nələrə diqqət edilməlidir?

Ürək xəstəliyi yalnız infarkt demək deyil

Mərmərə Universitetinin Pendik Təhsil və Araşdırma Xəstəxanasının Kardiologiya Klinikasının professoru Ahmet Altuğ Çinçinin sözlərinə görə, cəmiyyətdə “ürək xəstəliyi” anlayışı çox vaxt yalnız infarktla əlaqələndirilsə də, əslində bu termin daha geniş xəstəlik qrupunu əhatə edir.

Onun sözlərinə görə, ürək-damar xəstəlikləri arasında ən çox rast gəlinəni koronar arteriya xəstəliyidir. Risk faktorları və müalicə üsulları inkişaf etsə də, xəstəliyin yayılmasında ciddi azalma müşahidə olunmur.

Risk yaş və cinsə görə dəyişir

Araşdırmalar göstərir ki, koronar arteriya xəstəliyinin rastgəlmə tezliyi yaş artdıqca yüksəlir. Türkiyədə aparılan statistikaya əsasən:

45–55 yaş arasında xəstəliyin yayılma göstəricisi 6 faizdir;

55–65 yaş arasında bu göstərici 17 faizə yüksəlir;

65 yaşdan yuxarı şəxslərdə isə 28 faizə çatır.

Başqa sözlə, 65 yaşdan yuxarı hər 3–4 nəfərdən biri koronar arteriya xəstəliyindən əziyyət çəkir.

Professor Çinçin bildirir ki, kişilərdə bu xəstəlik qadınlarla müqayisədə daha erkən yaşlarda başlayır. Lakin menopauzadan sonra qadınlarda da risk kişilərlə eyni səviyyəyə çatır.

O qeyd edir ki, 50 yaşdan aşağı qadınlarda siqaret çəkmək kişilərə nisbətən daha böyük risk yaradır. Əvəzində yüksək LDL (“pis”) xolesterin kişilərdə daha təhlükəli hesab olunur. Bəzi tədqiqatlar qadınlarda koronar arteriya xəstəliyinin daha ağır nəticələr verdiyini də göstərir.

Əsas risk faktorları

Ürək-damar xəstəliklərinin yaranmasının başlıca səbəbi ateroskleroz, yəni damar divarında yağlı lövhələrin əmələ gəlməsidir. Vaxt keçdikcə bu lövhələr böyüyür, sərtləşir və damarları daraldır. Onların qopması isə damarda qəfil laxtalanmaya və infarkta səbəb olur.

Riski artıran əsas amillər bunlardır:

Hipertoniya;

Yüksək xolesterin;

Şəkərli diabet;

Siqaret çəkmək;

Piylənmə;

Hərəkətsiz həyat tərzi;

İrəli yaş;

Genetik meyillilik.

Sağlam həyat ürəyi qoruyur

Mütəxəssislər vurğulayırlar ki, sağlam həyat tərzi ürək xəstəliklərinin qarşısını almağın ən təsirli yoludur.

Müntəzəm fiziki aktivlik böyük əhəmiyyət daşıyır. Həftədə ən azı 4 gün, gündə təxminən 1 saat idman etmək ürək sağlamlığını qorumağa kömək edir. Planlı idman mümkün olmadıqda isə gün ərzində daha çox hərəkət etmək tövsiyə olunur.

Qidalanma da mühüm rol oynayır. Təzə meyvə və tərəvəzlə zəngin Aralıq dənizi tipli qidalanma ürək üçün ən faydalı hesab edilir. Heyvani və digər doymuş yağların istifadəsi azaldılmalı, onların əvəzinə zeytun yağına üstünlük verilməlidir. Sadə karbohidratlar və şəkərli qidalardan uzaq durmaq, qidaları qızartmaq əvəzinə sağlam üsullarla bişirmək tövsiyə edilir.

Bundan əlavə, duzun həddindən artıq qəbulu yüksək qan təzyiqinə səbəb olduğundan onun istifadəsi məhdudlaşdırılmalıdır.

Siqaretdən uzaq durmaq vacibdir

Professor Ahmet Altuğ Çinçinin sözlərinə görə, siqaret təkbaşına belə ürək-damar xəstəlikləri üçün ciddi risk faktorudur. Digər risk amilləri ilə birlikdə isə onun zərəri daha da artır. Siqareti tərgitməkdə çətinlik çəkən şəxslərə xüsusi siqaret tərgitmə mərkəzlərində peşəkar dəstək göstərilir.

Mütəxəssis həmçinin bildirir ki, şəkərli diabetin düzgün idarə olunması ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Diabet xəstələri qan şəkərini mütəmadi nəzarətdə saxlamalı və həkim tövsiyələrinə ciddi əməl etməlidirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version