Dünyada bərpa olunmayan enerji mənbələri tükənən olduğundan, həm də onların istehsalı prosesi ətraf mühitə zərər verdiyindən alternativ enerji resurslarından istifadə edilməsi aktualdır və bu sahədə tədarükçü və istehlakçı ölkələr arasında əməkdaşlığın mühüm perspektivləri vardır.
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet istiqamət kimi irəli sürülüb və 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması qarşıya məqsəd olaraq qoyulub. Azərbaycanda bərpa olunan enerji istehsalı siyasətinin strateji əsasını 2021-ci ilin fevral ayında qəbul olunan “Sosial- iqtisadi inkişafın milli prioritetləri: Azərbaycan 2030” təşkil edir. Burada beş milli prioritetdən biri – təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsinin yaradılması əsas məqsəddir. 2022-ci il dekabrın 17-də tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanın bu sahədə potensialının reallaşdırılmasını və dünya enerji bazarında mühüm rolunun daha da genişləndirilməsini şərtləndirir. 2021-ci ildə Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransının 26-cı sessiyası zamanı Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faiz azaltmağı hədəflədiyini bəyan edərək 2050-cı ilədək azad edilmiş ərazilərdə karbon-neytral zona yaradılması təşəbbüsü ilə çıxış etdi.
Azərbaycan alternativ – yaşıl enerji sahəsində mühüm potensiala malikdir. Hesablamalara əsasən Azərbaycanda istifadə oluna bilən Xəzər dənizinin ümumi külək enerjisi 157 GVT-dır. Bunun da 35 GVt-yə qədəri dayaz suda və 122 GVt dərin su ərazisindədir. Azərbaycan dövləti 2027-ci ilə qədər 3 QVt külək və 1 QVt günəş enerjisi istehsal etməyi qarşısına məqsəd qoyub ki, bunun da 80%-i ixrac olunacaq, həmçinin əlavə olaraq ən azı 6 QVt alternativ enerji gücü yaradılacaq. Bu sahədə Azərbaycanın Avropa ilə geniş əməkdaşlıq imkanları var. Azərbaycan Avropanı “yaşıl” elektrik enerjisi ilə təmin edən əsas yol kimi Qara dənizin dibi ilə çəkilmiş 1100 km uzunluğunda sualtı kabelin yaradılması layihəsini nəzərdən keçirir. Onun gücü ən azı 1000 MVt qiymətləndirilir. Bu sualtı elektrik xəttinin üç-dörd il ərzində tikilə biləcəyi və Azərbaycan elektrik enerjisinin Gürcüstandan Rumıniyaya çatdırılmasını təmin edəcəyi proqnozlaşdırılır. Buna görə də “Xəzər – Qara dəniz – Avropa” (Black Sea Energy) yaşıl enerji dəhlizi layihəsi və onun texniki əsaslandırılması məsələləri ən aktual mövzulardan biridir.
Azərbaycanla Rusiya arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın geniş perspektivləri vardır. Ümumiyyətlə, Rusiya ilə uzun sərhədi, ənənəvi sıx ticarət-iqtisadi əlaqələri nəzərə alsaq, yaşıl enerjinin inkişafı rus investorları üçün cəlbedicidir. Belə ki, 2023-cü ilin yanvar- noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 952 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 21 faiz çox idi. Rusiya Federasiyası Azərbaycanın İtaliya və Türkiyədən sonra ilk üç əsas ticarət tərəfdaşlarındandır: ölkənin ümumi xarici ticarət dövriyyəsinin 8,35%-i Rusiyanın payına düşür. Bu konteksdə Rusiya şirkətlərinin Azərbaycan bazarına çıxması onun müəyyən payını möhkəmləndirməklə yanaşı, müvafiq texnologiyaların və texniki həllərin daha da inkişaf etdirilməsini təmin edəcək, o cümlədən xarici tərəfdaşların oxşar təklifləri ilə müqayisədə rəqabət qabiliyyətinin qorunmasına kömək edəcəkdir. Так, российские решения в сфере ветроэнергетики на сегодня представлены разработками таких компаний, как ПАО «Фортум», АО «НоваВинд» и др.
Rusiyada günəş enerjisi istehsalı sahəsində Hevel Şirkətlər Qrupunun (ümumi gücü 1 QVt- dan çox layihələr həyata keçirilmişdir), TELECOM-StV SC-nin (müxtəlif tipli fotovoltaik modulların istehsalı), Kvant Elmi-İstehsalat Müəssisəsi SC-nin (silikon günəş batareyalarının istehsalı) nailiyyətlərini qeyd etmək olar. Rusiyanın fotovoltaik və ümumiyyətlə günəş enerjisi sahəsindəki inkişafı, digər məsələlərlə yanaşı, kosmik sənayedə sınaqdan keçirilmiş elmi-texniki həllərə əsaslanır.
Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyasının məlumatına əsasən, Rusiyada 2023-cü ilin iyul ayında enerji sistemində işə salınan bərpa olunan enerji mənbələrinin ümumi gücü 6 GVt-ı ötüb. 2022-ci ilin sonunda bu rəqəm 5,78 GVt təşkil edib, yəni altı ay ərzində Rusiyada bərpa olunan enerjinin gücü 4% çox olub. 7 Sanksiyalar Rusiyada yaşıl elektrik stansiyalarının işə salınmasının ləngiməsinə səbəb olub. Əgər 2020–2021-ci illərdə dövlət dəstəyi proqramı sayəsində hər il 1,2 QVt yaşıl güc istismara verilirdisə, 2022 ci ildə və 2023-cü ilin birinci yarısında ümumi bhəcm 610 MVt-a qədər məhdudlaşdırılıb. Bu sahədə çətinliklər ilk növbədə Rusiyadan böyük investorların, məsələn, “Fortum” və “Enel”in getməsi ilə yarandı. Rusiyanın yaşıl enerji siyasətinə “Siemens”, “Vestas” və “Largerwey” kimi külək və günəş elektrik stansiyaları üçün avadanlıq təchizatçılarının bazardan çıxarılması təsir etdi.
Azərbaycanda alternativ enerji bazarının inkişaf perspektivləri potensial olaraq müvafiq səlahiyyətlərə malik bir çox şirkətlər üçün həm külək enerjisi, həm də günəş enerjisi istehsalı, hidroenergetika və “yaşıl” enerji gündəliyinin digər sahələrində müxtəlif layihələr həyata keçirmək üçün imkanlar açır. Bu baxımdan Azərbaycanla Rusiya arasında bərpa olunan enerji sahəsində perspektiv əməkdaşlıqla bağlı dialoq mövcuddur. Baş nazirin müavini Ş. Mustafayev ikitərəfli hökumətlərarası komissiyanın 2022-ci ilin aprelində keçirilən 20-ci iclasında Rusiya tərəfinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iki layihə ilə bağlı ilkin məlumatların təqdim olunduğunu bildirdi. Bu, Laçın və Kəlbəcər rayonlarında gücü 100 MVt olan quruda külək elektrik stansiyasının, eləcə də Tərtərçay üzərində ümumi gücü 20 MVt-a qədər olan kiçik su elektrik stansiyalarının layihəsidir. 9 Ümumiyyətlə, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində fəal iş aparır və Qarabağın və Şərqi Zəngəzur bərpa olunan enerji baxımından böyük potensiala malikdir. 2023-cü il dekabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ilin noyabrın 11-dən 22-ədək Bakıda keçirilməsinin müəyyən edilməsi 10 tarixi hadisədir və iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində mühüm töhfədir.
Samirə Əbülfət qızı İmanova
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti
Imanovas@bk.ru
+ 994 050 503-95-30
Gundelik.az

