Gundelik.az Elm və təhsil Şagirdlərin Yay İnkişafı: Oxu Vərdişləri və Tətil Planlaması
Elm və təhsil Müsahibə

Şagirdlərin Yay İnkişafı: Oxu Vərdişləri və Tətil Planlaması

Tədris ilinin başa çatması ilə şagirdlər uzun müddət gözlədikləri yay tətilinə çıxırlar. Yay ayları onların həm fiziki, həm də zehni baxımdan dincəlməsi, yeni enerji toplaması üçün mühüm bir dövrdür. Lakin bəzən valideynlər və müəllimlər yaxşı niyyətlə də olsa, uşaqları müxtəlif əlavə məşğələlər və tapşırıqlarla həddindən artıq yükləyirlər. Nəticədə istirahət etməli olan şagirdlər yorğunluq, maraqsızlıq və hətta psixoloji gərginliklə üzləşirlər. Məhz bu aktual mövzu ilə bağlı Gundelik.az xəbər portalı təhsil eksperti Afərim Seyidovanın fikirlərini öyrənib.

Yay tapşırıqları: məqsəd bilik deyil, bacarığın qorunmasıdır

Afərim Seyidovanın sözlərinə görə, müasir təhsil sistemi artıq yalnız bilik ötürülməsinə deyil, şəxsiyyət formalaşdırılmasına xidmət edir:

— Bu gün təhsil şəxsiyyətyönümlü xarakter daşıyır. Biz şagirdə sadəcə məlumat vermirik, onun qazandığı biliklər əsasında şəxsiyyətini formalaşdırmağa çalışırıq. İstər ədəbiyyat, istər tarix, istərsə də digər fənlər tədris olunarkən əsas məqsəd gələcək üçün düşünən, analiz edən, müstəqil qərar verən fərd yetişdirməkdir.

Ekspert hesab edir ki, yay tapşırıqlarının əsas məqsədi il ərzində qazanılmış bacarıqların unudulmamasını təmin etməkdir. Lakin bu tapşırıqlar yorucu və məcburedici olmamalıdır:

— Bəzən valideyn və ya müəllim uşağa yay boyu kitab oxumağı tapşırır. Təbii ki, bu halda şagirdin marağı azalır və o, daha çox telefona və ya digər əyləncələrə üstünlük verir. Tapşırıqlar uşağın maraqlarına uyğun seçilməlidir. Burada fərdi yanaşma çox vacibdir. Hər bir şagirdin marağı fərqlidir və verilən tapşırıqlar da buna uyğun olmalıdır.

Onun fikrincə, uşaqlar maraq dairələrinə görə qruplaşdırıla və hər qrupa fərqli məzmunlu tapşırıqlar verilə bilər. Bu tapşırıqlar araşdırma, müşahidə və ya yaradıcılıq xarakterli olmaqla yanaşı, müxtəlif fənlərlə inteqrasiya edilməlidir.

— Əsas məsələ istirahət, maraq və inkişaf arasında düzgün balans yaratmaqdır. Tapşırıq həm maraqlı, həm yaradıcı, həm də düşündürücü olmalıdır.

Yay oxu proqramları uşağın dünyagörüşünü necə formalaşdırır?

Afərim Seyidova yay oxu proqramlarının şagirdlərin intellektual və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayır:

— Əgər oxu proqramı uşağın maraqlarına cavab verirsə, onun dünyagörüşünü genişləndirir, nitqini inkişaf etdirir və mütaliəyə marağını artırır. Lakin bunun üçün şagird oxuduğu əsəri sadəcə vərəqləməməli, onun üzərində düşünməli və müzakirə etməlidir.

Ekspert hesab edir ki, müəllim və şagird arasında əsər ətrafında müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır:

— Şagird oxuduğu əsəri yaşamalı, qəhrəmanların hisslərini anlamalı və onu müasir həyatla əlaqələndirə bilməlidir. Yalnız bu halda oxu prosesi onun şəxsiyyətinin inkişafına təsir göstərəcək.

Müsahibin fikrincə, yay oxusu üçün seçilən əsərlər uşağın təxəyyülünü zənginləşdirməli, düşüncə sərhədlərini genişləndirməli və həyatla əlaqəli olmalıdır.

— Dünya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, klassik və müasir nümunələrdən istifadə etmək olar. Əsas şərt odur ki, əsər şagirdin yaşına, maraqlarına və dünyagörüşünə uyğun olsun.

O qeyd edir ki, bəzi klassik əsərlər tarixi baxımdan dəyərli olsa da, müasir şagird üçün maraq yaratmaqda çətinlik çəkə bilər:

— Bu gün şagirdə elə əsərlər təqdim edilməlidir ki, o həmin mövzuları öz həyatı ilə əlaqələndirə bilsin. Ümumbəşəri və aktual problemləri əks etdirən əsərlər daha çox maraq doğurur və oxu vərdişinin formalaşmasına müsbət təsir göstərir.

Valideynlər yay tətilini necə planlaşdırmalıdır?

Afərim Seyidova valideynlərin yay aylarında övladlarının inkişafı və istirahəti arasında tarazlıq yaratmasının vacibliyini vurğulayır:

— Valideyn elə bir mühit yaratmalıdır ki, uşaq həm inkişaf etsin, həm də rahat şəkildə istirahət edə bilsin. Beynin fasiləsiz yüklənməsi düzgün deyil.

Ekspertin fikrincə, valideynlər uşaqların maraqlarına diqqət yetirməli, onları məcbur etmədən müxtəlif fəaliyyətlərə cəlb etməlidirlər:

Əgər uşaq muzeyə getmək istəyirsə, onu muzeyə aparmaq lazımdır. Bəzən valideynlər öz arzularını uşağın üzərinə köçürür və onu istəmədiyi fəaliyyətlərə yönləndirirlər. Bu isə düzgün yanaşma deyil.

Onun sözlərinə görə, yay aylarında uşaqların gündəlik həyatında sosial fəaliyyətlər, fiziki aktivlik, mütaliə və əyləncə harmonik şəkildə birləşdirilməlidir:

— Həm istirahət, həm əyləncə, həm də inkişaf yönümlü fəaliyyətlər balanslı şəkildə təşkil olunmalıdır. Ən vacibi isə uşağın istirahət hüququnun əlindən alınmamasıdır.

Yay tətili yalnız dərsdən uzaqlaşmaq deyil, həm də uşağın özünü yenidən kəşf etdiyi, maraqlarını inkişaf etdirdiyi və yeni bacarıqlar qazandığı bir dövrdür. Bu müddətdə müəllimlərin və valideynlərin əsas vəzifəsi şagirdi yormaq deyil, onu düşünməyə, araşdırmağa və öyrənməyə həvəsləndirməkdir. Düzgün qurulmuş yay proqramı həm istirahəti, həm inkişafı, həm də gələcək təhsil uğurlarını təmin edən mühüm vasitəyə çevrilə bilər.

Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

Exit mobile version