Ağız və diş sağlamlığına qətiyyən laqeyd yanaşmaq olmaz. Çünki vaxtında müalicə edilməyən sadə bir diş çürüyü ciddi ürək-damar xəstəliklərinə, hətta beyin funksiyalarına mənfi təsir göstərərək Alzheimer xəstəliyinin yaranma riskini artıra bilər.
Gözəl təbəssümün sirri sağlam dişlərdə gizlidir. Lakin bunun əhəmiyyəti yalnız estetik görünüşlə məhdudlaşmır. Diş sağlamlığı insanın ümumi sağlamlığına və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Məsələn, əskik və ya sağlam olmayan dişlər nitq pozğunluğuna səbəb olaraq insanın özünəinamını azalda bilər. Buna görə də ağız və diş sağlamlığı yalnız estetik məsələ deyil, həm də sosial və psixoloji baxımdan böyük əhəmiyyət daşıyır.
Ən ciddi problem isə sağlam olmayan dişlərin orqanizmdə yaratdığı fizioloji fəsadlardır. İlk baxışdan əhəmiyyətsiz görünən bir diş çürüyü zaman keçdikcə bütün orqanizmə təsir edə biləcək xəstəliklərə səbəb ola bilər. Bu barədə Marmara Universiteti Diş Həkimliyi Fakültəsinin dekan müavini, professor Gühan Dərgin məlumat verib.
Sadə bir diş çürüyü nələrə səbəb ola bilər?
Prof. Dr. Gühan Dərgin bildirir ki, sağlamlıq ağız boşluğundan başlayır. Ağız həzm prosesinin ilk mərhələsidir. Əgər dişlər əskik və ya sağlam deyilsə, qidanın normal çeynənməsi mümkün olmur. Bu isə ilk növbədə həzm sistemində problemlərə, mədə pozğunluqlarına, köp və həzmsizlik kimi narahatlıqlara yol açır.
Ağız və diş sağlamlığı ilə bağlı müxtəlif problemlər olsa da, ən geniş yayılanı diş çürümələridir. Çox vaxt ağrı verməyənə qədər diqqətə alınmayan çürük diş orqanizmdə zəncirvari fəsadlar yarada bilər.
Professorun sözlərinə görə, diş çürümələri və diş əti xəstəlikləri səbəbindən ağız gigiyenası qorunmadıqda ağız boşluğunda olan mikroorqanizmlər qan dövranına keçərək xroniki iltihab yaradır. Xroniki iltihab isə damarların zədələnməsinə, ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Hətta beyin funksiyalarına mənfi təsir göstərərək Alzheimer xəstəliyinin yaranma riskini də artıra bilər.
Bu problemlər əlbəttə ki, bir anda meydana çıxmır. Onlar uzun müddət ərzində tədricən inkişaf edərək ciddi təhlükəyə çevrilir.
Hər 6 aydan bir stomatoloq müayinəsi vacibdir
Bəs ağız və diş sağlamlığını qorumaq üçün nə etmək lazımdır?
Prof. Dr. Gühan Dərginin sözlərinə görə, hər altı aydan bir stomatoloq müayinəsindən keçmək, diş çürümələri və diş əti xəstəliklərini vaxtında aşkar edib müalicə etdirmək lazımdır. Bu, gələcəkdə daha ciddi problemlərin qarşısını almağa kömək edir.
Dişlər mütəmadi fırçalanmalıdır
Ağız gigiyenasının ən sadə qaydası hər yeməkdən sonra dişləri fırçalamaqdır. Professor qeyd edir ki, əsas məsələ diş fırçasının və ya məcunun markası deyil, dişlərin gündə üç dəfə, hər yeməkdən sonra müntəzəm şəkildə fırçalanmasıdır.
Xüsusilə gecə yatmazdan əvvəl dişlərin fırçalanması böyük əhəmiyyət daşıyır. Çünki gecə saatlarında tüpürcək ifrazı azalır. Nəticədə bakteriyalar daha sürətlə çoxalır, onların ifraz etdiyi turşular diş minasını zədələyərək çürüməni sürətləndirir və daha ciddi ağız-diş problemlərinin yaranmasına səbəb olur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

