Saç tökülməsi cəmiyyətdə ən çox “vitamin çatışmazlığı” ilə əlaqələndirilən problemlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, saçların seyrəlməsinin səbəbi heç də həmişə vitamin və mineral çatışmazlığı deyil. Bəzən adi görünən bu problem hormonal pozuntu, qalxanabənzər vəz xəstəlikləri, dəmir çatışmazlığı, güclü stress, sürətli çəki itkisi, genetik faktorlar və müxtəlif dermatoloji xəstəliklərlə bağlı ola bilər. Gün ərzində müəyyən sayda saç telinin tökülməsi normal hesab olunur. Ancaq saç tökülməsi nəzərəçarpacaq şəkildə artıbsa, saçın sıxlığı azalıbsa, baş dərisi görünməyə başlayıbsa və ya başın müəyyən hissələrində boşluqlar yaranıbsa, artıq səbəbi araşdırmaq lazımdır. Xüsusilə qəfil başlayan və sürətlə artan saç tökülməsi diqqətdən kənarda qalmamalıdır.
Estetik cərrah, dermatoloq və trixoloq Səma Məmmədli Gundelik.az-a açıqlamasında bildirib ki, saç tökülməsi ilə üzləşən şəxslərin özbaşına vitamin və preparat qəbul etməsi düzgün deyil.
Onun sözlərinə görə, əvvəlcə problemin mənbəyi müəyyənləşdirilməlidir:
“Saç tökülməsinə yanaşma fərdi olmalıdır. Hər tökülmə vitamin çatışmazlığı demək deyil. Pasiyent özbaşına vitamin qəbul etmək əvəzinə, ilk növbədə həkim müayinəsindən keçməlidir. Zərurət olduqda qan analizləri, dəmir ehtiyatları, vitamin və hormonal göstəricilər yoxlanılır, baş dərisinin vəziyyəti qiymətləndirilir”.
Mütəxəssis vurğulayıb ki, saç tökülməsi ilə yanaşı baş dərisində qaşınma, qızartı, qabıqlanma, ağrı və ya dairəvi tüksüz sahələr yaranırsa, həkimə müraciət gecikdirilməməlidir. Qaş və kirpiklərin də tökülməsi isə problemin daha ciddi araşdırılmasını tələb edən əlamətlərdən biridir.
Səma Məmmədlinin fikrincə, saç tökülməsinin müalicəsində əsas məqsəd yalnız tökülməni azaltmaq deyil, onun səbəbini aradan qaldırmaqdır. Buna görə də müxtəlif yağlar, ev üsulları və təsadüfi vitamin qəbulu ilə problemi “ört-basdır etmək” əvəzinə, düzgün diaqnoz qoyulması vacibdir.
Beləliklə, saçınız son dövrlərdə əvvəlkindən daha çox tökülürsə, bunu sadəcə mövsümi dəyişiklik və ya vitamin çatışmazlığı kimi qəbul etməyin. Davamlı və sürətli saç tökülməsi orqanizmin verdiyi siqnal ola bilər və səbəb nə qədər tez müəyyənləşdirilsə, müalicənin nəticəsi də bir o qədər effektiv ola bilər.
Nurəddin Abdullayev
Gundelik.az

