Gundelik.az Dünya Qətl şübhəlisinin izləyiciləri 15 dəfə artdı: Yazılan rəylər qəzəbləndirdi – FOTO
Dünya Xəbərlər

Qətl şübhəlisinin izləyiciləri 15 dəfə artdı: Yazılan rəylər qəzəbləndirdi – FOTO

Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda 18 yaşlı Gökçe Alkanın öldürülməsi ilə bağlı həbs edilən 24 yaşlı Mustafa B.-nin sosial media hesabında diqqətçəkən artım qeydə alınıb.

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, qətl şübhəlisinin izləyicilərinin sayının qısa müddətdə təxminən 15 dəfə artması, bəzi istifadəçilərin isə onu “yaraşıqlı” və “tipi yaxşıdır” kimi ifadələrlə izlədiklərini bildirməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

İddiaya görə, Gökçe Alkan sevgilisi Mustafa B. ilə avtomobillə meşəlik əraziyə gedib. Ayrılma məsələsi ilə bağlı aralarında mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra Mustafa B.-nin gənc qızın boğazını kəsərək ölümünə səbəb olduğu iddia edilir. Hadisədən sonra saxlanılan şübhəli məhkəmənin qərarı ilə qəsdən adam öldürmə ittihamı əsasında həbs edilib.

Qətldən sonra Mustafa B.-yə aid olduğu bildirilən sosial media hesabında kəskin hərəkətlilik müşahidə olunub. Hesabın izləyici sayının qısa müddətdə təxminən 15 dəfə artması diqqət çəkib.

Ən böyük reaksiyaya isə bəzi istifadəçilərin şübhəlini niyə izlədikləri ilə bağlı verdikləri cavablar səbəb olub. Bir istifadəçiyə “Niyə bir qadın olaraq qadın qatilini izləyirsən?” sualı ünvanlanıb. Cavab isə “Yaraşıqlıdır deyə” olub. Digər bir istifadəçi isə eyni suala “Tipi yaxşıdır” cavabını verib.

18 yaşlı Gökçenin həyatını itirdiyi hadisədən sonra qətl şübhəlinin xarici görünüşünə görə dəyərləndirilməsi və sosial media hesabının izləyici sayının artması sosial şəbəkələrdə geniş müzakirə olunub.

İstifadəçilər xüsusilə bir gənc qadının həyatını itirdiyi hadisədən sonra diqqətin zərərçəkmişdən uzaqlaşaraq cinayət şübhəlisinə yönəlməsinə etiraz ediblər. Şübhəlinin xarici görünüşünün cinayət faktından daha çox ön plana çıxarılması sosial mediada cinayət və zorakılığın romantikləşdirilməsi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Hadisə sosial medianın cinayət və zorakılıqla bağlı xəbərlərə yanaşmasını, eləcə də bəzi istifadəçilərin şübhəlilərə göstərdiyi marağın yaratdığı sosial reaksiyaları bir daha gündəmə gətirib.

Nuri
Gundelik.az

Exit mobile version