Avqust 27, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Səssiz xəstəlik osteoporozdan qorunmaq üçün nə etmək lazımdır?

Osteoporoz, yəni sümük əriməsi, sümüklərin sıxlığının və möhkəmliyinin azalması ilə xarakterizə olunan və uzun müddət heç bir əlamət vermədiyi üçün “səssiz xəstəlik” adlandırılan bir xəstəlikdir. Xüsusilə yaşlı insanlarda və menopauzadan sonra qadınlarda daha çox rast gəlinir. Lakin risk faktorları olan gənc qadın və kişilərdə də osteoporoz yarana bilər.

Yaş artdıqca sümüklər zəifləyir. Osteoporoz nəticəsində yaranan sınıqların böyük hissəsi 65 yaş və yuxarı insanlarda baş verir.

Düzgün qidalanma vacibdir

Sümük sağlamlığının qorunmasında balanslı qidalanmanın mühüm rolu var. Kalsium və proteinlə zəngin qidalar, həmçinin meyvə və tərəvəzlər sümük sağlamlığına müsbət təsir göstərir. D vitamini çatışmazlığı da osteoporoz riskini artıran amillərdəndir.

Xüsusilə günəş işığından az yararlanan yaşlı insanlarda və qış aylarında D vitamini çatışmazlığına daha çox rast gəlinə bilər. D vitamini və ya kalsium əlavələrinə ehtiyac olub-olmadığını isə həkimlə məsləhətləşmək lazımdır.

Hərəkət və idman sümükləri möhkəmləndirir

Fiziki aktivliyin az olması osteoporoz üçün əsas risk faktorlarından biridir. Müntəzəm hərəkət və uyğun məşqlər sümük kütləsinin qorunmasına, əzələlərin güclənməsinə və yıxılma nəticəsində sınıq riskinin azalmasına kömək edir.

Sağlam qidalanma və kifayət qədər fiziki aktivlik uşaqlıqdan etibarən sümük inkişafının düzgün getməsinə, böyüklərdə isə əldə edilmiş sümük kütləsinin qorunmasına kömək edir.

Siqaret, alkoqol və həddindən artıq kofein risk yaradır

Siqaret çəkmək, alkoqoldan istifadə etmək və kofeinli içkiləri həddindən artıq qəbul etmək osteoporoz riskini artıra bilər. Çox aşağı bədən çəkisi də risk faktorları arasındadır. Buna görə sağlam bədən çəkisini qorumaq vacibdir.

Bundan başqa, revmatoid artrit, bəzi bağırsaq xəstəlikləri, böyrək xəstəlikləri, hormonal pozğunluqlar və bəzi xroniki xəstəliklər də osteoporoz ehtimalını artıra bilər. Bəzi dərmanların uzunmüddətli istifadəsi də sümük sağlamlığına mənfi təsir göstərə bilər.

Sınıqlar xəbərdarlıq əlaməti ola bilər

Osteoporoz çox vaxt heç bir əlamət vermir. Lakin sadə yıxılma və ya yüngül zərbədən sonra sınıq yaranması xəstəliyin göstəricisi ola bilər. Sınıqlar daha çox onurğa, bud-çanaq və bilək nahiyəsində baş verir. Onurğa sınıqları bel və kürək ağrısına, boyun qısalmasına və donqarlaşmaya səbəb olur.

Xüsusilə 50 yaşdan sonra kiçik yıxılma nəticəsində yaranan sınıqlar həkim müayinəsi üçün ciddi səbəbdir.

Kimlər müayinədən keçməlidir?

Menopauzadan sonrakı qadınlar və 50 yaşdan yuxarı kişilər osteoporoz riskinə xüsusi diqqət yetirməlidirlər. Risk faktoru olmasa belə, 65 yaşdan yuxarı qadınlara və 70 yaşdan yuxarı kişilərə osteoporoz üçün müayinədən keçmək tövsiyə olunur.

Osteoporoz müalicə oluna bilən xəstəlikdir. Erkən aşkarlanma, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və həkim nəzarəti sümüklərin sağlamlığının qorunmasında mühüm rol oynayır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az