İstirahət etməyinizə baxmayaraq keçməyən yorğunluq, motivasiya itkisi və işə qarşı həvəssizlik tükənmişlik sindromunun (burnout) əlaməti ola bilər. Səssiz şəkildə inkişaf edən bu vəziyyət zamanla təkcə iş həyatına deyil, ailə və sosial münasibətlərə də mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, həftələrlə davam edən əlamətlər diqqətdən kənarda qalmamalı, vaxtında peşəkar dəstək alınmalıdır.
Müasir həyatın gərgin tempi, bitməyən iş yükü və daim əlçatan olmaq məcburiyyəti çalışanlarda tükənmişlik riskini artırır. İstirahətdən sonra belə keçməyən yorğunluq, işə marağın azalması və motivasiya itkisi bunun adi iş stressindən daha ciddi problem ola biləcəyini göstərir.
Uzun müddət idarə olunmayan stress insanın fiziki, zehni və emosional gücünü tədricən tükəndirir. Xüsusilə yüksək məsuliyyət tələb edən peşələrdə çalışanların bu əlamətləri görməzlikdən gəlməməsi vacibdir.
İş stresi ilə tükənmişlik eyni deyil
Hər bir gərgin iş dövrü tükənmişlik sindromu demək deyil. İş stresi yaşayan insan qısa istirahət və ya məzuniyyətdən sonra özünü daha yaxşı hiss edir.
Tükənmişlik sindromunda isə vəziyyət daha ağır olur. İnsan istirahət etsə belə enerjisini bərpa edə bilmir, gördüyü işə marağını və motivasiyasını itirir. Başlanğıcda yalnız iş həyatına təsir edən bu problem zaman keçdikcə ailə münasibətlərinə və sosial həyata da sirayət edir.
Əlamətlər tədricən ortaya çıxır
Tükənmişlik sindromu adətən qəfil başlamır. Əlamətlər yavaş-yavaş inkişaf edir və ilk mərhələdə onları fərq etmək çətin olur.
Ən çox rast gəlinən əlamətlər bunlardır:
Daimi yorğunluq hissi;
Səhərlər dincəlməmiş oyanmaq;
Baş və əzələ ağrıları;
Ümidsizlik, əsəbilik və səbirsizlik;
Boşluq hissi;
Diqqətin dağılması, unutqanlıq və qərar verməkdə çətinlik;
İşə getmək istəməmək;
Sosial mühitdən uzaqlaşmaq;
Məsuliyyətləri davamlı təxirə salmaq;
Siqaret və ya alkoqol istifadəsinin artması.
Bu peşələrdə risk daha yüksəkdir
İnsanlarla birbaşa ünsiyyət və yüksək məsuliyyət tələb edən peşələrdə tükənmişlik sindromuna daha çox rast gəlinir.
Risk qrupuna aşağıdakılar daxildir:
Həkimlər;
Tibb bacıları;
Müəllimlər;
Rəhbər və idarəçilər;
Hüquqşünaslar;
Bank əməkdaşları;
Çağrı mərkəzi işçiləri.
Bundan əlavə, evdə xəstə və ya yaşlıya qulluq edən şəxslər, eləcə də hər işi mükəmməl görməyə çalışan perfektsionist insanlar da tükənmişliyə daha meyilli hesab olunur.
İş üzərində nəzarətin olmaması, əməyin lazımi səviyyədə qiymətləndirilməməsi və işlə şəxsi həyat arasındakı tarazlığın pozulması bu prosesi daha da sürətləndirir.
Depressiya ilə qarışdırılmamalıdır
Psixiatr Levent Turhan bildirir ki, tükənmişlik birbaşa depressiya demək deyil. Lakin uzun müddət müdaxilə olunmadıqda depressiya və təşviş pozuntularının yaranmasına zəmin hazırlayır.
Tükənmişlik əsasən işlə bağlı uzunmüddətli stress nəticəsində yaranır. Depressiya isə insanın həyatının demək olar ki, bütün sahələrinə təsir göstərir. Buna görə də bu iki vəziyyətin düzgün qiymətləndirilməsi vacibdir.
Müalicədə ilk addım
Mütəxəssislərin sözlərinə görə, tükənmişliklə mübarizədə ilk növbədə stressin əsas mənbəyi müəyyən edilməlidir. Psixoterapiya, stressin idarə olunması, lazım gəldikdə “yox” deməyi bacarmaq və sağlam şəxsi sərhədlər formalaşdırmaq sağalma prosesinə əhəmiyyətli töhfə verir.
Bundan əlavə:
kifayət qədər yuxu;
müntəzəm fiziki fəaliyyət;
ailə və dostların dəstəyi;
hobbilərə vaxt ayırmaq
bərpa prosesini sürətləndirir.
Əgər tükənmişliyə depressiya və ya güclü təşviş də qoşulubsa, həkim nəzarəti altında dərman müalicəsi də tətbiq olunmalıdır.
Mütəxəssislər vurğulayırlar ki, həftələrlə davam edən yorğunluq, iş performansının nəzərəçarpacaq dərəcədə azalması, həvəssizlik və davamlı bədbinlik hissi yaşayan şəxslər vaxt itirmədən psixoloq və ya psixiatr müraciət etməlidirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

