Rusiyaya qarşı ikinci cəbhəni Cənubi Qafqazdan açmaq planları ABŞ, ümumilikdə Qərb bloku üçün ağıllı gediş olardı. Çünki belə olsa, NATO-ya ehtiyac qalmadan Türkiyə də münaqişəyə sürüklənə bilər, Ukrayna rahat şəkildə Rusiyaya zərbələr endirərək Şərqi Avropada status-kvonu dəyişə bilərdi.
Gundelik.az xəbər verir ki, bu barədə siyasi şərhçi Həşim Səhrablı fikirlərini bölüşüb.
O bildirib ki, ən əsası isə ümumilikdə Qafqazda rus şovinizmindən bezənlər üçün ideal fürsət yarana bilər və Rusiya üçün xüsusi əhəmiyyət daşıyan belə bir regionda çaxnaşma ruslara ABŞ-nin “könlünü qazanmaq üçün” hər cür güzəşti şərt edəcəkdi: “Nə olacaqdı? Qafqaz da Ukrayna kimi qurban ediləcək, ruslar ABŞ-yə boyun əydikdən sonra biz ruslara qurban veriləcəkdik”.
H. Səhrablı vurğulayıb ki, məhz buna görə, Qafqazda ikinci cəbhə açılmalayacaq: “Ən azından Azərbaycan bu oyuna getməyəcək”.
O bildirib ki, Mərkəzi Asiyada ikinci cəbhə açıla bilər: “Qərbin bölgəyə uzaqlığı və təsirlərinin az olması buna imkan vermir. İkinci cəbhə üçün ən yaxşı iki seçim var – Şimal-şərqi Avropa və ya Qara dənizin digər sahilləri. Yəni Rumıniya, Moldova və sürükləyə bilsələr yenə Türkiyə.
Finlandiya prezidentinin Zelenski ilə birlikdə ABŞ-a səfəri finlərin birinci versiyanın fərqində olduğunu göstərir. Amma açığı, bu bölgədən ikinci cəbhənin açılması daha məqsədəuyğundur. Çünki son 300 ildir ruslar Qara dənizdə üstündürlər. Osmanlını belə dəfələrlə məğlub ediblər. Rumıniya, Moldova kimi ölkələrin ciddi gücü yoxdur. NATO çərçivəsində nəsə etməyə isə hələlik şərait yetişməyib, Qərb bunu ikinci plana atıb”.
“Finlər isə ən zəif hallarında, həmçinin rusların ən güclü zamanlarında imperiyaya qarşı ciddi uğurlar qazanıblar. Psixoloji üstünlük, ölkənin NATO üzvü olması və iqtisadi-hərbi cəhətdən də az-çox inkişaf etmiş olması Finlandiyadan, ümumilikdə Şimal-şərqi Avropadan mübarizəni effektiv edə bilər”, – deyə H. Səhrablı qeyd edib.
Gundelik.az
