Rusiyanın Baş naziri Mixail Mişustin Çinə rəsmi səfərə gedib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətini aparan təyyarə Hançjou hava limanına enib.
İki gün davam edəcək səfər çərçivəsində Mişustin noyabrın 3-də Çinin Baş naziri Li Qianq ilə görüşəcək. Səfərin ikinci günündə isə o, Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq.
Görüşlərdə Rusiya ilə Çin arasında münasibətlərin daha da gücləndirilməsi, ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı, eləcə də enerji, kənd təsərrüfatı və təhsil sahələrində birgə təşəbbüslərin dəstəklənməsi müzakirə olunacaq.
Tərəflərin birgə bəyanat yayması və bir sıra sazişlər imzalaması gözlənilir.
Xatırladaq ki, Rusiya Baş nazirinin birinci müavini Denis Manturov noyabrın 1-də işgüzar səfərlə Pekinə gəlib və İnvestisiya sahəsində əməkdaşlıq üzrə Rusiya–Çin Hökumətlərarası Komissiyasının 12-ci iclasında iştirak edib.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Si Cinpin mütəmadi əlaqə saxlayırlar. Lakin Peskov, Mişustinin səfəri zamanı Putin tərəfindən Çin liderinə hər hansı mesajın çatdırılıb-çatdırılmayacağı barədə məlumat verməyib.
Gundelik.az
