“Crocus City Hall” konsert zalında terror aktının qurbanlarını müdafiə edən hüquqşünaslar Rusiya İstintaq Komitəsinə müraciət edərək iş adamları Araz və Emin Ağalarovun aktivlərinə həbs qoyulmasını xahiş ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə TASS agentliyi zərərçəkənlərin vəkili İqor Trunova istinadla məlumat yayıb.
Müraciətdə vurğulanır ki, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərlə bağlı işlərdə zərərçəkmiş şəxslərin dəymiş ziyanın ödənilməsi hüquqlarının təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir.
Hüquqşünasın sözlərinə görə, “Crocus” ASC konsert zalının yanğınsöndürmə sisteminə xidmət göstərib və qəza çıxışlarına nəzarət edib. “Crocus Group” mədəni-əyləncə tədbirlərinin təşkili ilə məşğul olub, “Crocus Profi” isə binanın təhlükəsizliyinə cavabdeh olub. Onun sözlərinə görə, müraciət artıq baxılmaq üçün qəbul edilib.
Xatırladaq ki, “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də baş verib. Bu, Beslan faciəsindən sonra Rusiyada baş vermiş ən böyük terror hücumlarından biri kimi tarixə düşüb. Hadisə zamanı “Piknik” rok qrupunun konsertinə toplaşan tamaşaçılara hücum təşkil olunub. Nəticədə 149 nəfər həlak olub, ümumilikdə 2300 nəfər zərərçəkmiş qismində tanınıb.
Gundelik.az

