İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Rusiya iqtisadiyyatında pessimizm son üç ilin ən yüksək səviyyəsinə çatıb

Rusiya PMI Kompoziti avqust ayında 49,1-dən 46,6-ya düşüb. Bu göstərici 2022-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir və son üç ilin ən yüksək iqtisadi pessimizmini əks etdirir.

Gundelik.az xəbər verir ki, bu barədə “S&P Global”ın hesabatında bildirilib.

Qeyd olunub ki, 50 baldan yuxarı göstərici sənayedə ümumi əhval-ruhiyyənin nikbin olduğunu, 50-dən aşağı isə əksinə, mənfi əhval-ruhiyyəni göstərir.

Sözügedən nəticələr emal sənayesində məhsul istehsalının azalmasının sürətlənməsi və xidmətlər sektorunda yenidən geriləmə ilə əlaqələndirilir. Eyni zamanda, istehsalçılar və xidmət təminatçılarından yeni sifarişlərin kəskin azalması 2022-ci ilin may ayından bəri özəl sektorda yeni satışların ən sürətli azalma tempinə səbəb olub.

Məlumatda həmçinin qeyd olunub ki, ümumi işçi qüvvəsi 2024-cü ilin avqust ayından bəri ən sürətli templə artıb, tamamlanmamış sifarişlərin sayı isə üçüncü ay ardıcıl azalmaqdadır. İqtisadi pessimizmi gücləndirən başqa bir amil isə həm istehsal, həm də xidmət sahələrində xərclərin və qaimə məsrəflərinin daha sürətlə artmasıdır.

Daha əvvəl açıqlanmış məlumatlara görə, Rusiya istehsal sənayesinin PMI göstəricisi sentyabrda 48,2-yə düşüb. Avqust ayında bu göstərici 48,7, iyulda isə 47 səviyyəsində olub ki, bu da 2022-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

Gundelik.az