Gundelik.az Dünya Rusiya 2028-ci il Los-Anceles Olimpiadasında iştirak edə bilər
Dünya İdman Xəbərlər

Rusiya 2028-ci il Los-Anceles Olimpiadasında iştirak edə bilər

Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsinin üzvlüyünün dayandırılması ilə bağlı qərarı müvəqqəti olaraq ləğv etməsindən sonra rusiyalı idmançıların 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında öz ölkələrini təmsil etmələrinə icazə verilə biləcəyi açıqlanıb.

Beynəlxalq Olimpiya Komitəsi 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən Rusiya Olimpiya Komitəsinin üzvlüyünü dayandırmışdı. Komitənin son açıqlamasında bildirilib ki, bu qadağa artıq qüvvədə deyil və rusiyalı idmançılar antidopinq qaydalarının bütün tələblərinə əməl etdikləri halda beynəlxalq yarışlarda yenidən iştirak edə bilərlər.

Bununla belə, Rusiyanın Olimpiya Oyunlarında öz dövlət bayrağı, milli rəngləri və dövlət himni ilə çıxış edib-etməyəcəyi barədə hələ yekun qərar verilməyib. Beynəlxalq Olimpiya Komitəsi Rusiyada beynəlxalq idman tədbirlərinin keçirilməməsi və Rusiya hökumətinin nümayəndələrinin təşkilatın tədbirlərinə dəvət olunmaması qərarının isə qüvvədə qaldığını bildirib.

Rusiya qərarı müsbət qarşılayıb

Rusiyanın idman naziri Mixail Deqtyaryov sosial şəbəkədə yaydığı açıqlamada Olimpiya hərəkatının siyasətdən uzaq saxlanılmasının vacibliyini vurğulayaraq qəbul edilən qərarı məmnunluqla qarşıladıqlarını bildirib. O qeyd edib ki, Rusiya 2028-ci il Olimpiya Oyunlarının seçmə mərhələsində iştirak etməyi planlaşdırır.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini hələ də qətiyyətlə pislədiyini bildirsə də, idmançıların hökumətlərinin siyasi və ya hərbi qərarlarına görə cəzalandırılmasının doğru olmadığını qeyd edib. Komitənin prezidenti Kirsti Koventri bildirib ki, hər bir idmançının neytral və ədalətli şəraitdə yarışmaq hüququ qorunmalıdır.

Son qərarı beynəlxalq federasiyalar verəcək

Beynəlxalq Olimpiya Komitəsinin bu qərarı yalnız tövsiyə xarakteri daşıyır və hər idman növü üzrə beynəlxalq federasiya son qərarı özü verəcək.

Beynəlxalq Atletika Federasiyası bu ilin may ayında Belarus idmançılarının və komandalarının öz dövlət bayraqları altında yarışmasına icazə verilməsi təklifini qəbul etməyib.

Beynəlxalq Futbol Federasiyası isə 2022-ci ilin fevralından Rusiyaya tətbiq olunan beynəlxalq yarışlardan kənarlaşdırılma qərarının dəyişdirilib-dəyişdirilməyəcəyini müəyyən etmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qərarını araşdıracağını açıqlayıb.

Digər tərəfdən, Beynəlxalq Paralimpiya Komitəsi mart ayında Rusiyaya tətbiq olunan uzunmüddətli qadağanı ləğv edərək rusiyalı idmançıların Qış Paralimpiya Oyunlarında öz dövlət bayraqları altında iştirakına icazə verib.

Qərara etiraz edənlər də var

Ukraynalı skeleton idmançısı Vladıslav Heraskeviç qəbul edilən qərarı “tamamilə utancverici” və “böyük ədalətsizlik” adlandırıb.

Böyük Britaniyanın mədəniyyət naziri Liza Nendi də qərara sərt etiraz edib. O bildirib ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirdiyi müddətdə beynəlxalq idman yarışlarında təmsil olunmamalıdır. Nazir əlavə edib ki, Rusiyanın antidopinq qaydalarını dəfələrlə pozması fonunda belə bir qərarın verilməsi qəbulolunmazdır.

Beynəlxalq Olimpiya Komitəsi bildirir ki, Rusiya Olimpiya Komitəsi işğal altında olan Ukrayna ərazilərində fəaliyyət göstərən regional idman qurumlarını öz tərkibinə daxil etdiyi üçün cəzalandırılmışdı. Lakin hazırda həmin pozuntunun aradan qalxdığı və qadağanın hüquqi əsasının qalmadığı hesab olunur.

Bununla yanaşı, idman ictimaiyyətinin bir hissəsi hesab edir ki, Rusiyaya tətbiq olunan məhdudiyyətlər yalnız ölkə Ukrayna ərazisindən tamamilə çıxarıldıqdan sonra ləğv edilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version