Gundelik.az Dünya ABŞ–İran müharibəsi yenidən başlayıb?
Dünya Siyasət Xəbərlər

ABŞ–İran müharibəsi yenidən başlayıb?

Hörmüz boğazında üç neft tankerinə edilən hücumlardan sonra ABŞ İrana qarşı hava zərbələri endirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-ın atəşkəsi pozduğunu iddia edərək, cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 Amerika hərbi obyektini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, çərşənbə axşamı keçirilən əməliyyat zamanı Hörmüz boğazında İnqilab Keşikçilərinə məxsus 60-dan çox kiçik qayıq da daxil olmaqla, ümumilikdə 80-dən çox hədəf vurulub.

Açıqlamada qeyd olunub ki, əməliyyat beynəlxalq dəniz marşrutunda kommersiya gəmiçiliyinə qarşı həyata keçirilən hücumlara sərt cavab vermək məqsədi daşıyıb.

CENTCOM əlavə edib ki, raket buraxılış mövqeləri, hava hücumundan müdafiə sistemləri və komanda mərkəzləri də məhv edilib. Lakin hədəflərin dəqiq yerləşdiyi məkan barədə məlumat verilməyib.

İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonun addımlarını ötən ay imzalanmış 14 maddəlik memorandumun pozulması kimi qiymətləndirib və ölkənin milli maraqlarını qorumaq üçün qətiyyətli addımlar atacağını bəyan edib.

İran dövlət mediası Keşm adası, Bəndər-Abbas və Sirik bölgələrinin vurulduğunu, qəlpə yaraları alan şəxslərin olduğunu bildirib. Bununla yanaşı, Tehran üç neft tankerinə hücumun məsuliyyətini üzərinə götürməyib.

Neft sanksiyalarından azadolma ləğv edildi

Hərbi əməliyyatdan əvvəl ABŞ Maliyyə Nazirliyi ötən ay Vaşinqton və Tehran arasında əldə olunan razılaşma çərçivəsində İran neftinə tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılması barədə verilmiş güzəşti ləğv edib.

İran Xarici İşlər Nazirliyi bu qərarın ABŞ hökumətinin etibarsızlığını və pis niyyətini nümayiş etdirdiyini bildirib.

Qətər və Səudiyyə Ərəbistanı da Hörmüz boğazında öz ölkələrinə məxsus bir neft tankerinin hücuma məruz qaldığını təsdiqləyərək, hadisəyə görə İranı məsuliyyət daşımaqda ittiham ediblər.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari “Ər-Rəqayyat” adlı tankerə edilən məqsədli hücuma görə bütün məsuliyyətin Tehranın üzərində olduğunu deyib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə sosial şəbəkədə yaydığı açıqlamada “Vadyan” adlı neft tankerinin Hörmüz boğazından keçərkən İran tərəfindən hədəfə alındığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qətərin ittihamlarını mehriban qonşuluq prinsiplərinə zidd adlandırıb.

O bildirib ki, İranla razılaşdırılmış marşrutlardan istifadə etməyən və ya gəmi izləmə sistemlərini söndürən ticarət gəmiləri toqquşma riski ilə üzləşir və bu vəziyyət boğazda təhlükəsiz hərəkətə mane olur.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti (UKMTO) də açıqlayıb ki, bazar ertəsi Hörmüz boğazından keçən tankerlərdən birinin mühərrik bölməsinə naməlum mərmi düşməsi nəticəsində yanğın baş verib.

Çərşənbə axşamı baş verən daha iki hadisədə isə bir tanker boğazdan çıxarkən vurulsa da yoluna davam edib, digər tanker isə yüngül konstruksiya zədəsi alıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version