Gundelik.az Elm və təhsil Ədəbiyyat Rus poeziyasının sevilən xanımı – Anna Axmatova
Ədəbiyyat

Rus poeziyasının sevilən xanımı – Anna Axmatova

Böyük əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernevski yazırdı: “Sənət əsəri, doğrudan da o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”. Rus mədəniyyətinin zəngin, sürəkli inkişaf mərhələsi, heç şübhəsiz ki, XIX əsr hesab olunur. Həmin əsrin mütərəqqi ənənələrinə və klassik dünya ədəbiyyatının humanist təcrübəsinə istinad edərək yüksələn XX əsr rus ədəbiyyatı da məhz özünün şeir-sənət korifeyləri ilə möhtəşəmdir. Poetik yaradıcılıqları ilə təkcə rus rejimində deyil, həm də dünya poeziyasında müstəsna yer tutan A.Blok, V.Bryusov, K.Valmont, N.Qumilyov, V.Mayakovski, S.Yesenin, B.Pasternak kimi ədəbi şəxsiyyətləri xatırlatmaq kifayətdir. Bunlarla bir vaxtda poeziya səltənətinin ən uca taxt-tacda əyləşən və əbədi şöhrət qazanan şairə qadınları da yazıb-yaratmışlar–Anna Axmatova, Marina Svetayeva kimi! Dünya poeziyası antik dövrdə gözəl Şapfonu necə tanıyırsa, XX əsrdə bu iki xanım o cür tanınır. Rus ədəbiyyatının heç bir mərhələsində bu səviyyədə şairə qadın yetişməmişdir. Azərbaycanda da vaxtilə çox az öyrənilən, tədqiq olunan Anna Axmatova son zamanlarda bizim şair və tədqiqatçılarımızın,alimlərimizin diqqətini cəlb etməkdədir. Ç.Əlioğlunun, Vaqif  Cəbrayılzadənin, Mahir Qarayevin, A.Əmrahoğlunun, T.Hacıyevin tərcümə və tənqidçilik fəaliyyətində bunu aydın görürük və onların qədirşünaslığını xüsusi ehtiramla qeyd edirik.Axmatovanın poeziyasında daha çox qəm, kədər motivləri, “dünyəvi iztirab” üstünlük təşkil edir. “Ruhun, qəlb aləminin dialektikası” onun şeirlərində incə lirizmlə ifadə olunmuşdur.

     Həyat normalarına, ictimai kanonlar çərçivəsinə sığmayan Anna Axmatova sakit, yumşaq, üsyankarlıq, etiraz və ittihamlarla öz ideya-fikir qənaətlərini cəsarətlə deməkdən çəkinmirdi. Zəmanəyə, cəmiyyətə söyləmək istədiklərini o, birbaşa deyil, özünəməxsus simvolik obrazlarla deməyi bacarırdı. Şairin əsərlərlərində bəşəri ideyalar, əzəli və əbədimövzular, məhəbbət, gözəllik, xəyanət, qısqanclıq kimi hisslər, fəlsəfi mühakimələr, müdrik deyim tərzi başlıca yer tutur. Ayrı-ayrı şahanə misralara, beytlərə nəzər salmaq olar:

Təkcə qəm-kədərdir əbədi, heyhat,

Bir də hər səslənən şahanə kəlmə…

Öz doğma balanın boğazından kəs,

Bir tikə çörək ver o yad yetimə…

C.Əlioğlunun tərcüməsində verdiyimiz bu misralarda “Dirilməkdən, ölməkdən, yaşamaqdan yorulan” şair insanlığı ədalətə, insaf və humanizmə səsləyir. Sözdə “Şahanə kəlməyə” yüksək qiymət verir, həqiqi söz sənətinin əbədiliyinə inanır. Böyük sənət həmkarı Marina Svetayeva, əbəs deyil ki, onu “ilahələr gözəli”, “ağı ilahəsi”, “bəyaz gecələrin şıltaq, dəcəl övladı” adlandırırdı. A.Axmatova bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə dəoxucunu valeh edir. Bu bir həqiqətdir ki, şairə Axmatovanın sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də olmamışdır. Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. Orada sevgiyə, sədaqətə, əhdə, vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə, məftunluğa, azadlığa, ədalətə kifayət qədər yer verilmişdir. Şairin lirik əsərləri ilə yaxından tanış olduqca, onlarla səmimi ünsiyyət tapdıqca, bir həqiqət daha inandırıcı şəkildə üzə çıxır.

    Axmatovanın yaradıcılığının araşdırılması bir daha sübut edir ki, ilk yaradıcılıq dövrü və gənclik çağları mübarizələrdə keçən şairə, poeziyamızda ayrılıq, vətən həsrəti, gözəlliyin tərənnümü, azadlıq, məhəbbət mövzusuna ardıcıl müraciət edənlərdən biridir. Anna Axmatova 1889-cu ilin 23 iyununda Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-mexanik olub. Anna özünü ana tərəfdən Qızıl Orda xanı Əhməd xanın nəslindən hesab edirdi və məhz buna görə sonradan Axmatova təxəllüsünü götürmüşdü. Amma bunun əfsanə olduğu deyilir. Axmatova 1900-1905-ci illərdə Sarskoye Selo Marinski Gimnaziyasında təhsil alıb. 1906-1907-ci illərdə Kiyev Fundukleyevski Gimnaziyasında təhsilini davam etdirib. On bir yaşından bədii yaradıcılığa başlayan Annanın ilk şeiri 1911-ci ildə “Appolon” jurnalında çap olunur. 1912-ci ildə “Axşam” adlı ilk şeirlər toplusu işıq üzü görür.Tənqidçilər tərəfindən mehribanlıqla qarşılanan Axmatova tez bir zamanda böyük rus şairləri cərgəsinə qoşulur. Bir qədər keçdikdən sonra onun adı artıq Aleksandr Blokla yanaşı çəkilirdi. Hətta Blok vəfat etdikdən sonra, tənqidçilərdən biri yazırdı: “…rus şairləri arasındakı birinci yer mübahisəsiz Axmatovanındır”. 1907-ci ildə N.Qumilyov redaktor olduğu “Sirius” jurnalında Axmatovanın “Əllərində onun parlaq üzüklər…” (Na ruke eqo mnoqo blestyaşih kolets…) adlı şerini Anna Q. imzası ilə ilk dəfə olaraq çap edib. 1908-1910-cu illərdə ali təhsilini Kiyev Universitetində, sonradan N.P.Rayevin Sankt-Peterburqda təsis etdiyi Qızlar üçün Ali Tarix-Ədəbiyyat Universitetində davam etdirib. 1910-cu ildə Nikolay Stepanoviç Qumilyov ilə ailə qurub. 1910-1912-ci illərdə N. Qumilyov ilə Paris və İtaliyaya səyahət edib, Amedeo Modilyani ilə tanış olub. 1911-ci ildə “Аnna Axmatova” təxəllüsü ilə əsərlərini ilk dəfə çap etməyə başlayıb. 1912-ci ilin oktyabr ayında oğlu Lev Nikolayeviç Qumilyov dünyaya gəlib. Həmin ilin mart ayında “Axşam” (Veçer) adlı ilk şeirlər kitabı 300 nüsxə ilə çap olunub. 1914-cü ildə “Təsbeh” (Çetki) adlı kitab 1000 nüsxə, 1917-ci ildə üçüncü “Ağ qanadlı qatar” (Belaya staya) kitabı 2000 nüsxə ilə işıq üzü görüb. 1921-ci ilin aprel ayında “Petropolis” nəşriyyatında “Bağayarpağı” (“Podorojnik”) şeirlər məcmuəsi 1000 nüsxə ilə çap olunub. Oktyabr ayında “Petropolis” nəşriyyatında Axmatovanın “Anno Domini MCMXXI” adlı kitabı nəşr olunub. 1922-ci ildə sənətşünaş Nikolay Puninlə nigah bağlayıb. 22 oktyabr 1935-ci ildə N.N. Punin və Lev Qumilyov həbs olunublar və bir həftədən sonra buraxılıblar. 1938-ci ildə oğlu Lev Qumilyov beş il müddətinə azadlıqdan məhrum edilib. Şairə 1935-1940-cı illərdə o illərin repressiyalarını və özününağır həyatını əks etdirən məşhur “Rekviyem” əsərini yazır. “Rekviyem” adlı avtobioqrafik poeması 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii əsərlərdən hesab olunur. Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə çap etdirib. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli axmatovların nəslindən idi. 1923-cü ildən 1934-cü ilə qədər Anna demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Axmatova o vaxtlar “Özüm haqda bir- iki kəlmə” başlıqlı qeydlərində yazırdı: “Mənim köhnə şeirlərimi yada salan, təzələrini isə çap edən yoxdur”. Cüzi sayda işıq üzü görən şeirlər isə ciddi senzuraya məruz qalırdı. 1951-ci ilin yanvarında A.A.Fadeyevin təşəbbüsü ilə A.Axmatova Sovet Yazıçıları Birliyinə bərpa olunur. 1962-ciildə A.Axmatova Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olundu. Elə həmin il də İtaliyada “Etna-Taormina” ödülünə layiq görüldü. 1965-ci ildə Oksford Universitetinin fəxri doktoru diplomunu alır. Elə həmin il də “Vaxt Tanrısı” adlı şeirlər toplusu işıq üzü görür. “Qəhrəmansız poema” əsərində isə Axmatova Rusiya ədəbiyyatının “Gümüş dövrü” nün epoxasını yaratmağa çalışıb. Anna Axmatovanın şeirləri dünyanın bir çox dillərinə tərcümə olunub. Axmatova 1966-cı il 5 martda Domodedovo şəhərində vəfat etmişdir. 7 mart saat təxminən 22:00 da Ümumittifaq radiosu onun vəfatını elan etmişdir. A.Axmatova Sankt-Peterburq şəhərinin yaxınlığında Komarovo qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Axmatovanın məzarı üzərində barelyef olan daş divar oğlu Lev Qumilyov tərəfindən tikilmişdir. Bu divar Anna Axmatovanın “Kresti” istintaq təcridxanası qarşısında günlərlə oğlu üçün yemək çatdırmaq niyyəti ilə dayandığı divarın simvoludur. Şöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi A.Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur. Doğrudur, A.Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri-birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb. 1910-1018-ci illərdəki həyat yoldaşı N.Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini  barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə onun əsərlərinə qadağa mövcud olub. “Vətən xaini” nin anası və “vətən xaini” nin arvadı Axmatovanın “təcrübəsi” öz əksini “Rekviem” poemasında tapıb. Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı “personal” nifrətinə baxmayaraq, A.Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə olunub. Axmatova 1966-cı il 5 martda Domodedovo şəhərində vəfat etmişdir. 7 mart saat təxminən 22:00-da Ümumittifaq radiosu onun vəfatını elan etmişdir. O, iki gün əvvəl, Moskva yaxınlığında, Domodedovodakı sanatoriyada, ürəyinin kardioqrammını çıxarmaq üçün başına toplaşan həkimlərin və tibb bacılarının əhatəsində dünyasını dəyişmişdi. Rus poeziyasının “Gümüş dövrü” nün ən parlaq, ən istedadlı adlarından biri olan A.Axmatovanı Sankt Peterburq yaxınlığındakı Komorovo adlanan yerdə dəfn etdilər. Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün son illərini “ölkənin köhnə və yeni paytaxtları arasında gedib gələn, evsiz-eşiksiz kraliça kimi keçirmişdir”. Xarici dilləri asan öyrənirdi, fransız dilini uşaqlıqda bacısına keçilən dərslərdə mənimsəmişdi. Ailə həyatıqurduqdan sonra Parisdə olarkən fransız dilini mükəmməlləşdirdi və bu dili bütün həyatı boyu unutmadı. Ata tərəfdən əcdadlarının birinin yunan olduğunu və “burbon sümüyü” adlanan əyri burnunun ondan miras qaldığını söyləməyi də unutmurdu. Anna Andreyevnanın sözlərinə görə ana babası Erazm İvanoviç Stoqov “jandarm-polkovniki” olmuşdu, amma Axmatova üçün bundan daha önəmlisi onun Uralda hərbi xidmət keçdiyi zaman Puşkini canlı olaraq görməsi idi. Axmatovanın bütün hallarda müxtəlif xalqlar, müxtəlif şəhərlərlə əlaqəsi vardı. Uşaqlıqda dəfələrlə yaşayış yerini dəyişməli olmuşdu. Qara dənizdə mühəndis-dənizçi olan atası Baltikaya xidmətə göndərilmişdi, valideynlərinin boşanmasında sonra isə evlər dəyişildi. Elə bu səbəbdən də A.Axmatovanın sağlığında işıq üzü görən, onun ədəbi fəaliyyətinin başlandığı şəhərdə nəşr edilən ilk kitabının ön sözünün müəllifi Boris Filippov iddia edir: “Anna Axmatovada (o həm də Qorenkodur) həm tatar, həm də yunan əcdadlarının qanı dolaşır, Novorossiyadan birbaşa Tsarskoe seloya təkcə şair kimi deyil, həm də puşkinşünas kimi gəlmişdi… Amma poetik ifadəsində cənub havası deyil, ən qeyri-adi, təkrarolounmaz sadə Axmatova gözəlliyi ilə bərabər, daha çox şimal ab-havası duyulur…” Rus ədəbiyyatı qarşısında böyük xidmətlər göstərənAxmatova öz sahəsində durmadan işləyib, rus ədəbiyyatına səmərəli töhfələr verərək böyük təsir göstərib.

    XX yüzilliyin əvvəllərində A.Axmatovanın ədəbiyyata “rahat və asan” gəlişi o zaman rus şeirinin misralarında təzə-təzə yaranmağa başlayan zəif titrəyişləri qısa bir zamanda təlatümə çevrilir. Ədəbiyyata yeni ruh, yeni baxış və yeni istiqamət gəlir. Anna Qorenkonun bu uğurlu gəlişindən sonra təzə əsr özünün gələcək yeni ədəbiyyatını çaxnaşma ilə qarşılamağa məcbur olur. Poeziyaya sel kimi gələn qadın axını həmin illərdə yazıb-yaradan kişi şairləri belə üstələyir. Bəlkə elə buna görə də təəssübkeşliklə yazan Axmatova o dövr üçün məqbul sayılan “qadın başlanğıcı” nı qəbul etmək istəmir, hər şeydə; hisslərin çılğınlığında, mənanın dərinliyində, fikrin emosiyanallığında bərabərliyə üstünlük verirdi. Xarakterində cəmləşən və yaradıcılığında özünü göstərən bu məziyyətlərə görə də ona heç kəs şair demir. A.Axmatova əsl şair idi. O zaman ulu nənəsinin şərəfinə tatar ismini özünə təxəllüsseçəndə qayğısız Anyanın ağlına gəlməzdi ki, sonralar Axmatova yanğısıyla belə yazacaq:

Taleyimə yapışıb.

Fəlakətdir siqləti

Hər dərd ilə tapışır.

Əlbəttə, “silqətində fəlakət daşıyan türk ismi” Axmatovanı novator şair kimi qəbul etmək istəməyənlərin əlində bir bəhanə idi. Çünki o ədəbiyyata yeni və diktə olunmamış şair kimi daxil oldu. A.Tarkovskinin təbirincə desək, “şöhrət öz qapılarını onun üzünə çox ani, bir gündə açdı… “Lakin o şöhrətdən asılı deyildi. Rusların “qluxie qodı” adlandırdıqları illərdə də Anna yazırdı. Özü də ruhdan düşmədən! Əzab çəkdiyi üçün yazırdı!

Qır-qızıl paslanar, çürüyər polad,

Mərmər də məhkumdur, axır ölümə.

Təkcə qəm-kədərdir əbədi heyhat

Bir də hər səslənən şahanə kəlmə!

O gün Komarovoda-Anna Axmatovanın məzarı önündə ziyarətə gəlmiş əli gül-çiçəkli insanlar onu son mənzilinə yola salmağa gəlmişdi. İndi şairənin Anna Axmatovanın vəfatından çox uzun zaman keçib. Buna baxmayaraq, o, gözəl şairə kimi oxucuların qəlbində elə yüksək zirvəni fəth edib ki, bu gün də sevilə-sevilə oxunur. Bu gün onun adını iftixarla çəkir, onun şəxsiyyət və yaradıcılığına ehtiramla yanaşırıq. 80-ci illərin sonlarında Rusiyada A.Axmatovanın əsərlərinin kütləvi çapı geniş vüsət aldı. Bu illərdə şairin toplularını həm Moskva, həm də Leninqrad nəşriyyatları bir-birinin ardınca yüksək tirajla nəşr edirlər. Bundan sonra A.Axmatovanın şeirləri bir çox dünya xalqlarının dilində də yayılmağa başlayır. Bu gün Azərbaycanda A.Axmatovanın həyat və yaradıcılığını araşdırmaq, tətbiq etmək, onun şeirlərini dilimizə çevirmək dövrün və zamanın zərurətindən daha çox, müasir oxucunun tələbi və ehtiyacını ödəmək baxımından vacibdir. Gəlin, birlikdə Anna Axmatova şeirlərinin işığına toplaşaq,“axmatovacasına sevgi” nin ləzzətini paylaşaq.

  Aynur Turan

Gundelik.az

 

Exit mobile version