Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi danışıqlar aparmaq üçün Qazaxıstandadır. Səfər çərçivəsində o, Astana şəhərində ikitərəfli görüşlər keçirəcək və daha sonra Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi liderlər zirvəsinə qatılacaq.
Ərdoğan əvvəlcə Astana şəhərində Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev ilə təkbətək görüşəcək. Daha sonra iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.
Danışıqlarda iki ölkə arasındakı “gücləndirilmiş strateji tərəfdaşlıq” münasibətləri bütün istiqamətlər üzrə müzakirə olunacaq və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün addımlar nəzərdən keçiriləcək.
Səfərin iqtisadi hissəsində 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi və enerji sahəsində əməkdaşlıq layihələri əsas mövzulardan olacaq. Həmçinin yeni əməkdaşlıq sazişlərinin imzalanması gözlənilir.
Ərdoğanın Türkiyə–Qazaxıstan İş Forumunda iş adamları ilə görüşərək investisiya imkanlarını da müzakirə etməsi planlaşdırılır.
Astana səfərini başa vurduqdan sonra o, Türk dünyasının mənəvi paytaxtı sayılan Türküstan şəhərinə gedərək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək. Zirvə çərçivəsində regional və qlobal məsələlərlə bağlı çıxış etməsi və liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
