Görüş Cumhurbaşkanlığı Külliyesi kompleksində mətbuata qapalı şəkildə baş tutub. Görüşdə Hakan Fidan, Yaşar Güler və Akif Çağatay Kılıç da iştirak ediblər.
Tərəflər qarşıdakı NATO Liderlər Zirvəsi Ankara hazırlıqlarını, Alyansın gündəmindəki əsas mövzuları, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, regiondakı qeyri-sabitlik NATO müttəfiqləri arasında həmrəyliyin nə qədər vacib olduğunu bir daha göstərir. O, Ankara zirvəsində alyans daxilində əməkdaşlığı gücləndirəcək və NATO-nun böhranlara hazırlığını artıracaq qərarların qəbul olunacağına ümid etdiyini vurğulayıb.
Ərdoğan həmçinin Türkiyənin, xüsusilə hava müdafiə sistemləri sahəsində, müdafiə sənayesini sürətlə inkişaf etdirdiyini və müttəfiqlərlə bu istiqamətdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.
Görüşdə transatlantik əlaqələrin qorunmasının vacibliyi də ön plana çəkilib. Türkiyə tərəfi Avropa qanadının daha çox məsuliyyət götürməsini dəstəklədiyini, lakin Avropa İttifaqına üzv olmayan müttəfiqlərin müdafiə təşəbbüslərindən kənarda saxlanmasının düzgün olmadığını bildirib.
Bundan əlavə, Ərdoğan Türkiyənin İranla bağlı gərginlik fonunda özünü sülh və diplomatiya tərəfdarı kimi mövqeləndirdiyini vurğulayıb. O, həmçinin Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə başa çatması üçün Türkiyənin vasitəçilik səylərini davam etdirdiyini və danışıqların yenidən canlandırılması üçün çalışdığını qeyd edib.
Sonda tərəflər Ankara sammitinin hazırlıqlarını geniş şəkildə qiymətləndiriblər.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

