“Qarabağ” Kiyev “Dinamo”su ilə oyuna istədiyi kimi hazırlaşıb.
Gundelik.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis Ukrayna təmsilçisi ilə oyunla bağlı gözləntilərini bölüşüb:
“Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunları təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik”.
O, narahat olduğu məqamları açıqlayıb:
“ÇSKA ilə Sofiyadakı oyundan sonra bəzi futbolçularımız zədələndi. İstədikləri kimi məşqlərdə hazırlaşa bilmədilər. 120 dəqiqə oynamaq asan deyil. Bərpaları gec oldu. Yenilənməyə ehtiyacımız var. Amma bu o demək deyil ki, durumumuz pisdir. Yolumuza davam edirik. Sadəcə, zaman lazımdır və düşünürəm ki, hər şey yaxşı olacaq”.
Q.Qurbanov komandasının təcrübəsini qabardıb:
“Belə rəqiblərə qarşı çox oynamışıq. UEFA Çempionlar Liqasında çox yüklənmişdik. Bizim kimi digər komandalar da qazandıqları müsbət nəticəni qoruyub saxlaya bilmədilər. İlboyu eyni nəticələri göstərmək olmur. Sofiyada ÇSKA-ya qalib gəlməsək də, məğlub da olmadıq. Cavab matçında yaxşı oynamışdıq, futbolçulardan razı qalmışdım”.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo” – “Qarabağ” matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
