İllərdir belə bir fikir formalaşıb ki, “Yaş artdıqca maddələr mübadiləsi (metabolizm) yavaşıyır.” Bəs əgər bu, doğru deyilsə?
Science jurnalında dərc olunan genişmiqyaslı araşdırma göstərib ki, 20-60 yaş arasında maddələr mübadiləsinin sürəti demək olar ki, dəyişmir. Bəs illər keçdikcə çəki artımının səbəbi nədir? Alimlər bunun əsas səbəbinin əzələ kütləsinin azalması olduğunu bildirirlər.
Uzun illərdir tibb sahəsində, sağlam həyat tərzi ilə bağlı tövsiyələrdə və gündəlik söhbətlərdə “yaş artdıqca metabolizm zəifləyir” fikri səsləndirilir. Lakin Science jurnalında dərc olunan, minlərlə insanın məlumatlarının təhlilinə əsaslanan araşdırma bu fikrin tam doğru olmadığını ortaya qoyub.
Metabolizm deyil, əzələ itkisi təsir göstərir
Cəmiyyətdə geniş yayılmış düşüncəyə görə, 40 yaşdan sonra metabolizm zəifləyir və buna görə insanlar kökəlirlər. Araşdırmanın nəticələrinə əsasən isə, hamiləlik dövrü də daxil olmaqla, 20-60 yaş arasında maddələr mübadiləsinin sürəti əsasən sabit qalır.
Bildirilir ki, fiziki aktivliyi olmayan, lakin qidalanma vərdişlərini dəyişməyən insanların zaman keçdikcə çəki almasının əsas səbəbi əzələ kütləsinin azalmasıdır.
Onun sözlərinə görə, skelet əzələləri orqanizmdə enerji sərfiyyatının ən yüksək olduğu toxumalardandır. Əzələ kütləsi nə qədər çox olarsa, enerji sərfiyyatı da bir o qədər yüksək olar. Fiziki aktivlik ümumi maddələr mübadiləsinə birbaşa təsir etdiyindən, metabolizmi aktiv saxlamağın ən effektiv yolu hərəkətli həyat tərzidir.
Mütəxəssis qeyd edir ki, 60 yaşdan sonra maddələr mübadiləsində azalma başlayır. Bunun əsas səbəbi isə sarkopeniya adlanan, yaşla əlaqədar əzələ kütləsi və əzələ gücünün tədricən azalmasıdır. Bu proses təxminən 30 yaşdan başlayır və 60 yaşdan sonra daha da sürətlənir.
Səssiz irəliləyən təhlükə – sarkopeniya
Əzələ itkisi əksər hallarda hiss olunmadan inkişaf edir. Lakin bu, təkcə xarici görünüşə deyil, həm də orqanizmin normal fəaliyyətinə ciddi təsir göstərir.
Sarkopeniya yorğunluq, tarazlıq pozğunluğu, yıxılma riskinin artması, insulin müqaviməti və hətta 2-ci tip diabet kimi problemlərlə əlaqələndirilir.
Büşra Can bildirir ki, hərəkətsiz həyat tərzi, zülalın kifayət qədər qəbul edilməməsi, hormonal pozğunluqlar, iltihabi və nevroloji xəstəliklər, həmçinin qidalanma çatışmazlıqları əzələ itkisini daha da sürətləndirir.
Onun sözlərinə görə, 30-60 yaş arasında əzələ kütləsi hər il orta hesabla təxminən 1 faiz azalır.
Yaş artdıqca zülala ehtiyac azalmaz, əksinə artır
Geniş yayılmış yanlış fikirlərdən biri də yaşlandıqca zülala olan tələbatın azalmasıdır. Halbuki yaş artdıqca orqanizmin yeni əzələ toxuması yaratmaq qabiliyyəti zəifləyir. Buna görə də əvvəlki qədər zülal qəbul etmək kifayət etmir.
Mütəxəssis vurğulayır ki, yaşlı insanların həm kalori, həm də zülal baxımından kifayət qədər qidalanması çox vacibdir. Bundan əlavə, B qrupu vitaminlərinin çatışmazlığı aşkar edilərsə, onların da mütləq bərpa olunması lazımdır.
Məşqlə əzələ itkisini ləngitmək mümkündür
Mütəxəssislərin fikrincə, əzələ itkisi yaşlanmanın qaçılmaz nəticəsi sayılsa da, müntəzəm idmanla bu prosesi xeyli ləngitmək, hətta müəyyən dərəcədə geri çevirmək mümkündür.
Büşra Can bildirir ki, idmana başlamaq üçün heç vaxt gec deyil. İstənilən yaşda, fərdi imkanlara uyğun hazırlanmış proqram əsasında məşq etmək əzələ kütləsini qorumağa, maddələr mübadiləsini aktiv saxlamağa və sarkopeniyanın qarşısını almağa kömək edir.
Qadınlar və kişilər arasında hormonal fərqlər olsa da, əzələ itkisinin qarşısının alınması üçün tövsiyə olunan məşq proqramı hər iki cins üçün oxşardır.
Mütəxəssislər həftədə ümumilikdə 150 dəqiqə (2,5 saat) aerobik fiziki fəaliyyət və əlavə olaraq 2-3 gün müqavimət (güc) məşqləri etməyi tövsiyə edirlər.
Yeriş, velosiped sürmə və üzgüçülük kimi aerobik məşqlərlə yanaşı, ağırlıq qaldırma və rezin müqavimət lentləri ilə edilən gücləndirici məşqlər əzələ kütləsinin qorunmasında xüsusilə faydalıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
