Avqust 31, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qlüten həssaslığı olanlar nələrə diqqət etməlidir?

Buğda, arpa və çovdar… Süfrələrdə tez-tez istifadə olunan bu taxılların tərkibindəki qlüten bəzi insanlarda həssaslığa səbəb olur. Bu vəziyyət xüsusilə həzm sistemində müxtəlif problemlərə yol açır. Mütəxəssislərə görə, qlütenlə əlaqəli xəstəlik diaqnozu qoyulan şəxslərdə qidalanmaya ciddi diqqət yetirilməlidir.

Son illərdə daha çox gündəmə gələn qlüten həssaslığı diqqətdən kənarda qalmamalı olan problemlərdən biridir. Gün ərzində qəbul edilən bir çox qidanın tərkibində olan qlüten bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Üstəlik, bir çox insan yaşadığı şikayətlərin səbəbinin qlüten həssaslığı olduğunu fərq etmir.

Qlüten həssaslığı olan insanlarda qarın ağrısından diqqət pozğunluğuna qədər müxtəlif şikayətlər yaranır. Bu vəziyyət xüsusilə çölyak xəstəliyi olan şəxslər üçün əhəmiyyətlidir. Çölyak xəstələri ömür boyu qlütensiz qidalanmalıdır.

Hansı əlamətlərlə özünü göstərir?

Qlüten buğda, arpa və çovdar kimi taxıllarda olan bitki mənşəli zülaldır. Bəzi insanlarda onun qəbulu xüsusilə həzm sistemində müxtəlif problemlərə səbəb olur.

Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Qastroenterologiya şöbəsinin müəllimi Dos. Dr. H. Tarık Kani qlüten həssaslığında əsasən qarın ağrısı, qarında şişkinlik və ishal kimi şikayətlərin yarana biləcəyini bildirir.

Əlamətlər yalnız həzm sistemi ilə məhdudlaşmır. Halsızlıq, yorğunluq, diqqət pozğunluğu, baş ağrısı, sümük və oynaq ağrıları da müşahidə olunur.

Şikayətlər qlüten qəbulundan bir neçə saat və ya gün sonra ortaya çıxa və qlüten qəbulu dayandırıldıqda azalır.

Buğda allergiyası qlüten həssaslığı ilə qarışdırılır

Qlütenlə əlaqəli xəstəliklərə əsasən çölyak xəstəliyi və çölyak olmayan qlüten həssaslığı daxildir. Bununla yanaşı, buğda allergiyası da oxşar əlamətlərlə özünü göstərə bildiyindən qlüten həssaslığı ilə qarışdırılır.

Qlütenlə əlaqəli xəstəliklərin ilkin əlamətləri bir çox başqa xəstəliklərlə də oxşarlıq təşkil edir. Bu səbəbdən bəzi insanlar həkimə müraciət etmədikdə diaqnoz gecikir.

Çölyak olmayan qlüten həssaslığının müəyyənləşdirilməsi zamanı əvvəlcə çölyak xəstəliyi və buğda allergiyası kimi oxşar problemlər istisna edilir. Daha sonra həkim nəzarəti altında qlütenin qəbul edilməsi və dayandırılması ilə simptomların dəyişməsi qiymətləndirilir.

Çölyak xəstəliyi nədir?

Qlüten həssaslığı dedikdə ilk ağla gələn xəstəliklərdən biri çölyakdır. Çölyak genetik meyilliliyi olan insanlarda buğda, arpa, çovdar və bəzi taxıl məhsullarında olan qlütenə qarşı nazik bağırsaqda yaranan immun reaksiyanın nəticəsində meydana gələn xroniki xəstəlikdir.

Xəstəlik qida maddələrinin, vitamin və mineralların sorulmasının pozulmasına səbəb olur.

Çölyak xəstəliyi qarın ağrısı, şişkinlik, qaz, ishal və ürəkbulanma kimi həzm sistemi əlamətləri ilə özünü göstərir.

Bundan əlavə, çəki itkisi, qanazlığı, osteoporoz, dəri və nevroloji əlamətlər, qaraciyər fermentlərinin yüksəlməsi və əzələ zəifliyi kimi həzm sistemi xaricində olan problemlər də yaranır.

Hansı qidalar qəbul edilməməlidir?

Qlüten həssaslığı və xüsusilə çölyak xəstəliyi olan insanlar qida seçimində diqqətli olmalıdır.

Qlüten ehtiva edən və ya ehtiva edə bilən məhsullara:

buğda unu və çörək;

makaron;

xəmir və un məmulatları;

pizza;

keks və bəzi krem məhsulları;

kraker;

bəzi souslar;

bəzi emal olunmuş ət məhsulları;

malt tərkibli məhsullar daxildir.

Çölyak xəstəsi uşaqlar üçün başqa bir məqam da vacibdir. Bəzi oyun xəmirlərində və kağız kütləsi materiallarında qlüten olur. Buna görə məhsulların etiketləri diqqətlə oxunmalı, qlüten ehtiva edən məhsullarla təmasdan sonra əllər yuyulmalıdır.

Qlüten əvəzinə hansı qidalar seçilməlidir?

Buğda ununun əvəzinə qarğıdalı unu, lobya unu, fındıq unu və soya unu kimi alternativlərdən istifadə edilməlidir.

Təbii halda yumurta, ət, balıq, düyü, kartof, kinoa, noxud, mərci, meyvə və tərəvəzlər qlüten ehtiva etmir. Süd, pendir və digər süd məhsullarında da təbii olaraq qlüten yoxdur.

Qlüten qəbul etməməli olan insanların dietoloqdan dəstək alması da tövsiyə olunur. Beləliklə, insanın gündəlik enerji və qida ehtiyaclarını qarşılayan balanslı qidalanma planı hazırlanır.

Qablaşdırılmış məhsullarda etiketə diqqət!

Məhsulun qlüten ehtiva edib-etmədiyini müəyyənləşdirməyin əsas yollarından biri etiket məlumatlarını oxumaqdır.

Türkiyə Qida Kodeksinə əsasən, hər kiloqramında 20 milliqramdan az qlüten olan qidalar “qlütensiz” məhsul kimi müəyyən edilir. Buna görə qablaşdırılmış məhsulların üzərindəki “qlütensiz” ifadəsinə və müvafiq işarəyə diqqət yetirilməlidir.

Restoranlarda yemək yeyərkən də ehtiyatlı olmaq vacibdir. Qlütenlə çarpaz təmasın qarşısını almaq üçün bu məsələyə ciddi yanaşan restoranlara üstünlük verilməlidir.

Mətbəxdə çarpaz təmasın qarşısı necə alınmalıdır?

Evdə qlüten­siz qidalanarkən mətbəxdə çarpaz təmasın qarşısını almaq xüsusilə vacibdir.

Mümkün olduqda mətbəxdə yalnız qlü­tensiz məhsullar hazırlanmalıdır. Mətbəx ümumi istifadə olunursa, qlü­tensiz məhsullar üçün ayrıca sahə ayrılmalı və məhsullar işarələnməlidir.

Bundan başqa:

taxta və teflon mətbəx əşyaları mümkün qədər yalnız qlü­tensiz qidalar üçün istifadə edilməlidir;

mətbəx səthləri və soba istifadədən əvvəl təmizlənməlidir;

ümumi sobadan istifadə edilirsə, qlü­tensiz qida ayrıca soba qabında bişirilməlidir;

tost aparatı mümkün qədər çörək bişirmə kağızı ilə istifadə edilməlidir;

qab yumaq üçün ayrıca süngərdən istifadə olunmalıdır;

mümkün olduqda yalnız qlü­tensiz undan istifadə edilməlidir.

Sağlam insanların qlü­tensiz qidalanması doğrudurmu?

Qlüten həssaslığı olmadığı halda, yalnız eşitdikləri məlumatlara əsaslanaraq qlüten tərkibli qidalardan uzaq durmaq düzgün yanaşma hesab edilmir.

Mütəxəssislər bildirirlər ki, sağlam insanların müntəzəm olaraq qlü­tensiz qidalanması tövsiyə edilmir.

Qlütenlə bağlı şikayətləri olan şəxslər əvvəlcə həkimə müraciət etməli, çölyak və ya digər qlütenlə əlaqəli xəstəlik diaqnozu qoyulan insanlar isə həkimin tövsiyəsi əsasında qlüteni qida rasionundan çıxarmalıdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az