İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlar həftəyə müsbət başladı

Qlobal maliyyə bazarları həftəyə müsbət notla başlayıb.

Gundelik.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi prosesini bərpa edəcəyi gözləntiləri və Rusiya-Ukrayna müharibəsinə son qoymaq istiqamətində atılan addımlar investorların risk iştahını artırıb. Bununla yanaşı, bazar iştirakçılarının diqqəti bu həftə ABŞ-da keçiriləcək Cekson Hole İqtisadi Siyasət Simpoziumuna yönəlib.

FED sədri Cerom Pauellin verəcəyi siqnalların faiz siyasəti və bazar istiqamətinə birbaşa təsir göstərəcəyi gözlənilir. Çikaqo FED-in prezidenti Austan Qulsbi də inflyasiya təzyiqlərinin azaldılmasına dair əlavə məlumat görmək istədiyini bildirib.

Keçən həftə açıqlanan istehsalçı qiymətləri indeksinin yüksək göstəriciləri bazarlarda ehtiyatlı ab-hava yaratsa da, sentyabrda FED-in 25 bəndlik faiz endirim imkanına dair gözləntilər hələ də qüvvədə qalır.

Geosiyasi inkişaflar

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin cümə günü Alyaskada görüşərək Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqlar aparıblar. Birgə mətbuat konfransında Tramp “irəliləyiş əldə olunduğunu, lakin yekun razılığın olmadığını” deyib. Putin isə əldə olunan anlaşmanın sülhə aparacağına ümid etdiyini bildirib.

Bu gün Vaşinqtonda Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında mühüm görüş keçiriləcək. Toplantıya Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, NATO baş katibi Mark Rutte və bir sıra Avropa liderlərinin də qatılacağı gözlənilir. Analitiklər hesab edir ki, bu görüşdə qəbul olunacaq qərarlar sülh prosesinə həlledici təsir göstərə və bazarlarda risklərin azalmasına səbəb ola bilər.

ABŞ bazarları

Cümə günü Nyu-York birjasında qarışıq nəticələr qeydə alınıb: S&P 500 indeksi 0,29%, Nasdaq 0,40% ucuzlaşıb, Dow Jones isə 0,08% bahalaşıb. Yeni həftəyə isə ABŞ indeks fyuçersləri müsbət tendensiya ilə başlayıb.

Korporativ xəbərlər fonunda Intel-in səhmləri hökumətlə səhmdarlıq müzakirələrinin aparıldığına dair xəbərlərdən sonra 2,9% bahalaşıb. UnitedHealth səhmləri isə Berkshire Hathaway-in böyük pay alması ilə 12% artıb. Əksinə, Applied Materials zəif mənfəət proqnozu fonunda 14,1% ucuzlaşıb.

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,31% səviyyəsindədir. Dollar indeksi 97,9-a enib. Qızılın bir unsiya qiyməti 3 354 dollarla ötən həftəyə nisbətən 0,6% bahalaşıb. Brent markalı neft isə 65,5 dollardan ticarət olunur.

Avropa bazarları

Cümə günü Avropa birjaları əsasən müsbət bağlanıb: FTSE 100 – 0,42%, DAX 40 – 0,07%, CAC 40 – 0,67%, FTSE MIB – 1,11% artıb. Bu gün Avropa fyuçersləri də yüksəlişlə açılıb.
Leyen Ukrayna Prezidenti Zelenski ilə görüşdən sonra bəyan edib ki, “beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz” və Ukrayna müzakirələrdə birbaşa iştirak etməlidir. Analitiklər Vaşinqton görüşündən gələcək xəbərlərin Avropa bazarlarına, xüsusilə müdafiə sənayesi səhmlərinə təsir göstərə biləcəyini qeyd edirlər.

Asiya bazarları

Asiyada da əksər indekslər yüksəlib. Yaponiyanın Nikkei 225 indeksi 1%, Çinin Şanxay Kompozit indeksi 1,2%, Honq Konqun Hang Senq indeksi 0,7% artıb. Cənubi Koreyanın Kospi indeksi isə 1,3% dəyər qazanıb.

Türkiyə bazarı

İstanbul Birjasında BIST 100 indeksi cümə günü 0,43% artaraq 10 870,57 bəndlə bağlanıb. VİOP-da BIST 30 fyuçersləri isə 12 238 bəndə yüksəlib.

USD/TRY məzənnəsi isə bu gün banklararası bazarda 40,8950 səviyyəsindədir. Analitiklər texniki baxımdan BIST 100-də 10 800 və 10 700 bəndlərin dəstək, 10 900 və 11 000 bəndlərin isə müqavimət səviyyəsi olduğunu bildirirlər.

Gundelik.az