Gundelik.az Dünya Qızıl qiymətləri yenidən artdı
Dünya Xəbərlər

Qızıl qiymətləri yenidən artdı

Qram qızıl yeni ticarət gününə bahalaşma ilə başlayıb və hazırda 6 405 lirədən satılır. Çərək qızılın qiyməti 10 620 lirə, Cümhuriyyət qızılı isə 42 350 lirə təşkil edir.

Cümə günü yüksəliş meyli göstərən qram qızıl günü əvvəlki bağlanış qiymətindən 0,3 faiz yüksək, yəni 6 273 lirə səviyyəsində başa vurmuşdu.

Bu gün isə bazara artımla başlayan qram qızıl saat 09:35 etibarilə əvvəlki bağlanışla müqayisədə 2,1 faiz bahalaşaraq 6 405 lirəyə yüksəlib. Həmin vaxt çərək qızıl 10 620 lirədən, Cümhuriyyət qızılı isə 42 350 lirədən alıcılara təklif olunur.

Beynəlxalq bazarlarda isə qızılın bir unsiyasının qiyməti 2,2 faiz artaraq 4 304 dollara çatıb.

Geosiyasi hadisələr bazarlara təsir edir

Aktivlərin qiymətinə təsir göstərən əsas amillərdən biri geosiyasi inkişaflardır.

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında razılıq əldə olunduğunu açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp da İranla sülh sazişinin tamamlandığını, Hörmüz boğazının yenidən açılacağını və ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının dərhal ləğv ediləcəyini bildirib.

İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi də bu razılaşmanı təsdiqləyərək, anlaşma memorandumunun 19 iyun tarixində İsveçrədə imzalanacağını qeyd edib.

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra neft qiymətlərinin enməsi, inflyasiya və yüksək faiz dərəcələri ilə bağlı narahatlıqların azalması qızıl bazarında müsbət əhval-ruhiyyə yaradıb. Bundan əlavə, dövlət istiqrazlarının gəlirliliyinin aşağı düşməsi və dolların zəifləməsi də qızılın bahalaşmasını dəstəkləyən əsas amillər sırasındadır.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, sülh sazişinin nə dərəcədə davamlı olacağı ilə bağlı qeyri-müəyyənlik gələcəkdə qızıl qiymətlərinə yenidən təzyiq göstərə bilər.

Bazarların diqqəti Fed-in iclasındadır

Bu həftə investorların diqqəti ABŞ Mərkəzi Bankının (Fed) yeni sədri Kevin Warshın rəhbərliyi ilə keçiriləcək ilk faiz qərarı iclasına yönəlib. Bazar iştirakçıları faiz dərəcələrinin dəyişməyəcəyini gözləsələr də, Warshın gələcək pul siyasəti ilə bağlı verəcəyi mesajların bazarların istiqamətinə ciddi təsir göstərə biləcəyi bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, bu gün daxili bazarda sənaye istehsalı göstəriciləri, xaricdə isə ABŞ və Avrozonada açıqlanacaq sənaye istehsalı məlumatları investorlar tərəfindən yaxından izləniləcək.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version