Gundelik.az Dünya Qəzzada yeni idarəetmə sistemi qurulur
Dünya Siyasət Xəbərlər

Qəzzada yeni idarəetmə sistemi qurulur

Qəzza zolağında münaqişənin tənzimlənməsi məqsədilə təsis edilmiş Sülh Şurası Fələstin anklavında yeni idarəetmə sisteminin tətbiqinə yaxın aylarda başlanılmasını planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunan bəyanatında qeyd edilib.

“Beynəlxalq sabitləşdirici qüvvələr humanitar yardımın həcminin artırılmasında və Qəzzanın bərpa edilməsi prosesində həlledici rol oynayacaq. Yaxın aylarda bu səylər yeni idarəetmə modelinin qurulması, təhlükəsizliyin və iqtisadi imkanların təmin olunması istiqamətində real addımlara çevriləcək”, – deyə açıqlamada vurğulanır. Bundan əvvəl İsrail dövləti Qəzza zolağında beynəlxalq hərbi kontingentin yerləşdirilməsinə icazə verən qərar qəbul etmişdi.

Sülh Şurasının Qəzza üzrə nümayəndəsi Nikolay Mladenov bu addımı dəstəklədiyini bildirərək, beynəlxalq qüvvələrin qısa müddətdə bölgəyə gələcəyinə və HƏMAS hərəkatının tərksilah ediləcəyinə ümid etdiyini diqqətə çatdırıb. Yanvarın 22-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Qəzza zolağında vəziyyətin nizamlanması üçün yaradılan Sülh Şurasının nizamnaməsinə imza atıb.

ABŞ hökumətindən verilən məlumata görə, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası Qəzzanın idarə olunması məqsədilə İsrail və HƏMAS arasındakı razılaşmaya əsasən formalaşdırılsa da onun gələcəkdə digər regionlardakı münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı da nəzərdə tutulur.

Qəzzada nizamlanmanın birinci mərhələsindən ikinci mərhələsinə keçid, o cümlədən anklavda idarəetmənin xüsusi olaraq yaradılmış texnokratik komitəyə təhvil verilməsi prosesi hazırda HƏMAS qruplaşmalarının tərksilah edilməsi məsələsinə görə çətinləşib.

Exit mobile version