1947-ci ildə ABŞ-də baş verən qəza zamanı sağ qaldığı iddia edilən yadplanetlilərin aclıqdan öldüyü bildirilir.
Gundelik.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri yazıb.
Nəşr ABŞ-nin keçmiş kəşfiyyat əməkdaşı Cey Strattonun yeni kitabı Out of the Shadows: Revealing the Truth About Non-Human Intelligent Life (“Kölgələrdən kənarda: Qeyri-insani ağıllı həyat haqqında həqiqət”) əsərindən bəzi hissələri dərc edib.
Stratton 16 ildən çox müddət ərzində ABŞ hökuməti üçün müxtəlif anomaliyaları araşdırıb. 2022-ci ildə təqaüdə çıxdıqdan sonra o, dəfələrlə bəyan edib ki, ABŞ kəşfiyyat orqanlarında və ordusunda bəzi qüvvələr qəzaya uğramış yadplanetli gəmilərinin qalıqlarını və onların cəsədlərini gizlədir.
Keçmiş kəşfiyyat əməkdaşı kitabında, xüsusilə, 1947-ci ildə Nyu-Meksiko ştatında baş verdiyi iddia edilən Ruzvell hadisəsi zamanı yadplanetli gəminin həqiqətən qəzaya uğradığını bildirib. Strattonun sözlərinə görə, yadplanetlilərin bir qismi sağ qalıb və ABŞ hərbçiləri tərəfindən əsir götürülüb.
“Onlardan bəziləri dərhal öldü. Digərlərinin isə sağ qaldığı ehtimal olunur, lakin onlar ünsiyyət qurmaqdan və yemək yeməkdən imtina etdikləri üçün qısa müddət sonra dünyalarını dəyişdilər. Onlarla təmas cəhdləri məhdud olub və heç bir nəticə verməyib”, – Stratton iddia edib.
O, əlavə edib ki, bu məlumatları anonim mənbədən əldə edib.
Rəsmi versiyaya görə isə 1947-ci ildə Nyu-Meksiko ştatında ABŞ hərbçilərinin Sovet İttifaqının nüvə sınaqlarını izləmək üçün istifadə etdiyi kəşfiyyat aerostatı qəzaya uğrayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-də Pentaqonun keçmiş əməkdaşı da 1947-ci ildə baş verən Ruzvell hadisəsinin əslində yadplanetli gəmisinin qəzaya uğraması olduğunu iddia etmişdi. Alimin sözlərinə görə, o, bu məlumatı astronavt Ed Mitçeldən əldə edib.
Qeyd: Yadplanetlilərin qəza zamanı sağ qalması və aclıqdan ölməsi barədə iddialar təsdiqlənmiş elmi fakt deyil. Hadisənin rəsmi izahı kəşfiyyat aerostatının qəzaya uğramasıdır.
Nuri
Gundelik.az

