ABŞ polisi Mead gölünün dibində çəlləkdə tapılan kişinin qalıqlarının kimliyini müəyyənləşdirib. Məlum olub ki, bu, 40 ildən çox əvvəl itkin düşən Edvard Lelburian Ceksondur.
Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Baddi” ləqəbi ilə də tanınan Ceksonun qalıqları 2022-ci ildə Heminvey limanı yaxınlığındakı milli istirahət zonasında, suyun səviyyəsinin azalması nəticəsində üzə çıxan ərazidə aşkarlanıb. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, kişi başından güllə yarası alıb.
Geyim tərzinə əsaslanan müstəntiqlər qətlin 1970-ci illərin ortalarından 1980-ci illərin əvvəllərinə qədər olan dövrdə törədildiyini ehtimal ediblər.
Las-Veqas polisi dörd il ərzində qurbanın kimliyini müəyyənləşdirməyə çalışıb. Onun DNT-si kriminalistik məlumat bazaları ilə müqayisə edilib, xarici görünüşünə dair məlumatlar itkin düşmüş şəxslərin milli reyestrinə daxil edilib, sümük nümunələri isə genetik analiz üçün göndərilib.
Nəticə yalnız bu yaxınlarda əldə olunub. Oklahoma Dövlət Universitetinin məhkəmə ekspertlərindən ibarət qrupu araşdırma zamanı mühüm ipucu tapıb. Mütəxəssislər Ceksonun DNT-sini ehtimal olunan qohumunun nümunəsi ilə müqayisə edərək onun kimliyini təsdiqləyiblər.
Məlum olub ki, Arkanzas ştatında anadan olan Cekson ailəsi ilə sonuncu dəfə 1980-ci illərin əvvəllərində görüşüb. Görünür, o, Las-Veqasda heç vaxt yaşamayıb.
Polis leytenantı Robert Prays bildirib ki, indiyədək kişinin bu şəhərlə əlaqəsini təsdiqləyən heç bir iz tapılmayıb. Əvvəllər cinayətin mütəşəkkil cinayətkar qruplaşmanın iştirakı ilə törədilə biləcəyi ehtimalı da irəli sürülüb. Hazırda müstəntiqlər kişinin başına nələr gəldiyini dəqiqləşdirməyə çalışırlar.
Mead gölündə tapılan yeganə insan qalıqları Ceksona aid deyil. Uzun illər davam edən quraqlıq və suyun səviyyəsinin rekord həddə düşməsi nəticəsində onilliklər ərzində su altında qalan ərazilər üzə çıxıb.
Ceksonun cəsədinin olduğu çəllək aşkarlandıqdan qısa müddət sonra yaxınlıqda ikinci, boş çəllək də tapılıb. Daha sonra üzə çıxan qumlu sahədə başqa insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-də 49 il əvvəl evdən qaçaraq itkin düşən məktəbli qızın qalıqlarının da kimliyi müəyyən edilmişdi. Onun skeleti 1977-ci ildə meşədə tapılmışdı.
Nuri
Gundelik.az

