Gundelik.az Ölkə Torpaq və mənzillər bahalaşır: İlin sonuna qədər qiymətlər nə qədər qalxacaq?
Ölkə Xəbərlər

Torpaq və mənzillər bahalaşır: İlin sonuna qədər qiymətlər nə qədər qalxacaq?

“Oktyabr ayında Bakıda daşınmaz əmlak bazarında qiymət artımı qeydə alınıb. Xüsusilə torpaq sahələri və yeni tikililərdə bahalaşma daha qabarıq müşahidə olunur. Mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir”.

Gundelik.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, oktyabr ayının nəticələrinə əsasən, yeni tikili mənzillərin qiymətləri 14.3 faiz, köhnə tikililərin qiymətləri 10.6 faiz, torpaq sahələrinin qiymətləri isə 17 faiz artıb:

“Bu göstəricilər Bakı üzrə orta qiymət dinamikasını əks etdirir və paytaxtın bütün ərazilərində eyni səviyyədə bahalaşma olduğu anlamına gəlmir.

Torpaq sahələrinin qiymətində artımın ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır. İlin sonunadək torpaqların daha 7-8 faiz, mənzillərin isə təxminən 5 faiz bahalaşacağı gözlənilir. Bu proqnoz mənzil bazarında aylıq orta hesabla təxminən 1.5-1.7 faizlik artım ehtimalına işarə edir.

Qiymət artımı paytaxtın bütün ərazilərində eyni deyil. Mərkəzi hissələrdə bahalaşma daha çox nəzərə çarpır, Bakıətrafı ərazilərdə isə artım nisbətən zəifdir. Xüsusilə dənizkənarı ərazilərdə, istirahət üçün əlverişli məkanlarda və şəhər mərkəzində yerləşən torpaq sahələrinə tələbat qiymətlərin yüksəlməsinə təsir göstərir.

Belə ərazilərdə torpaq sahələrinin məhdud olması, yeni və əlverişli torpaq sahələrinin tapılmasının çətinləşməsi də bahalaşmanı sürətləndirən amillər sırasındadır”.

AQC sdəri əlavə edib ki, yeni tikililərdə də qiymət artımı müşahidə olunur:

“Bəzi layihələrdə mənzillər tikintinin ilkin mərhələsində, hətta kotlovan səviyyəsində daha yüksək qiymətlərlə satışa çıxarılır. Bunun əsas səbəbləri arasında tikinti materiallarının və digər xərclərin artması, eləcə də layihələrin maya dəyərinin yüksəlməsi göstərilir”.

Exit mobile version