İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Qəbələ Bəyannaməsində Türk dünyasının regional məsələlərlə bağlı mövqeyi təsdiqlənib

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısının yekununda liderlər tərəfindən “Qəbələ Bəyannaməsi” qəbul edilib. Sənəddə türk dövlətləri arasında bütün sahələrdə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində sarsılmaz iradə ifadə olunub.

Gundelik.az-ın məlumatına görə, bəyannaməni TDT-nin əsas üzvləri — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalayıb. Sənəddə üzv dövlətlərin sülhə, təhlükəsizliyə, sabitliyə və firavanlığa sadiqliyi bir daha təsdiqlənib, regional sabitliyin möhkəmləndirilməsi üzrə öhdəliklər vurğulanıb.

Kipr, Fələstin və Suriya məsələləri
Bəyannamədə Kipr probleminin adadakı mövcud reallıqlara əsaslanan danışıqlar yolu ilə, qarşılıqlı məqbul və davamlı həllinin vacibliyi qeyd olunub. TDT üzvləri “Türk dünyasının ayrılmaz hissəsi olan Kipr türklərinin təbii bərabər hüquqlarını təmin etmək istəyinə” dəstək ifadə ediblər.

Sənəddə Qəzzada humanitar vəziyyətin kəskin şəkildə pisləşdiyi qeyd olunaraq, dərhal və daimi atəşkəsə, humanitar yardımın maneəsiz çatdırılmasına çağırış edilib. İsrail-Fələstin münaqişəsinin 1967-ci il sərhədləri və BMT qətnamələri əsasında, paytaxtı Şərqi Qüds olmaqla iki dövlət həlli çərçivəsində ədalətli və qalıcı şəkildə həllinin vacibliyi vurğulanıb.

Suriyaya dair bölmədə isə üzv dövlətlər ölkənin ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə dəstəklərini bir daha təsdiqləyiblər.

Strateji tərəfdaşlıq və İslama qarşı nifrətə qarşı mübarizə
Bəyannamədə “Türk Dövlətləri arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq Müqaviləsi” layihəsinin qiymətləndirilməsinin sürətləndirilməsi çağırışı yer alıb. Liderlər həmçinin İslama qarşı nifrətin bütün formalarına qarşı mübarizə aparmaq və bu istiqamətdə beynəlxalq platformalarda səyləri birləşdirmək öhdəliyini bir daha təsdiqləyiblər.

Zəngəzur dəhlizi və regional nəqliyyat əlaqələri
Sənəddə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımaları təmin edəcək kommunikasiya kanallarının açılmasına dair saziş müsbət qiymətləndirilib. Üzv dövlətlər Zəngəzur dəhlizinin funksional olması və inkişafı istiqamətində aparılan səylərə dəstək ifadə ediblər.

Həmçinin Bakı–Tbilisi–Qars dəmir yolundan maksimum potensialla istifadə olunması öhdəliyi bir daha təsdiqlənib. Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin Asiya və Avropa arasında ticarət əlaqələrini gücləndirəcəyi vurğulanıb.

Qəbələ Bəyannaməsi türk dövlətlərinin regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək əzmini bir daha nümayiş etdirib.

Gundelik.az