İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Poladdan 10 dəfə möhkəm yeni ağac növü istehsal olundu

ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən InventWood şirkəti “Superwood” adlı yeni nəsil ağac növünü satışa çıxarıb. Bu material poladdan 10 dəfə daha yüksək möhkəmlik-çəki nisbətinə malik olmaqla yanaşı, 6 dəfə yüngüldür və istehsal zamanı karbon emissiyalarını 90 faizədək azaldır.

Gundelik.az-ın CNN-ə istinadən məlumatına görə, layihənin müəlliflərindən biri — materialşünas professor Liangbing Hu təxminən 10 il əvvəl Merilend Universitetində apardığı araşdırmalar zamanı ağacın strukturunu yenidən dizayn etmək ideyasını irəli sürüb. O, ağaca rəng və möhkəmlik verən lignini çıxararaq ağacı şəffaf vəziyyətə gətirib. Daha sonra isə məqsəd bu materialı poladdan daha möhkəm hala salmaq olub.

Elmi yenilik

2017-ci ildə alim ağacın əsas komponenti olan sellülozanı kimyəvi yolla gücləndirərək onun davamlılığını xeyli artırmağa nail olub. İstehsal prosesi zamanı ağac kimyəvi vannada qaynadılır, sonra yüksək təzyiq altında sıxılaraq hüceyrə quruluşu dəyişdirilir və sıxlıq artırılır. Nəticədə əldə edilən “Superwood”un güc-çəki nisbəti əksər metal və ərintiləri üstələyib.

Bu nailiyyət “Nature” jurnalında dərc olunan elmi məqalə ilə beynəlxalq elmi ictimaiyyətə təqdim edilib.

Möhkəm, ekoloji və uzunömürlü material

Hazırda Superwood istehsal prosesi 140-dan çox patentlə qorunur. Şirkətin baş direktoru Aleks Lau bildirib ki, yeni ağac növü görünüş və toxunuş baxımından adi ağaca bənzəyir, lakin davamlılıq baxımından bütün testlərdə onu üstələyir.

Materialın yüksək möhkəmliyi sayəsində mebel istehsalında metal hissələri ağacla əvəz etmək mümkün olacaq. Superwood həmçinin göbələk və həşəratlara qarşı tam davamlıdır, yanğın testlərində isə ən yüksək təhlükəsizlik göstəricilərini əldə edib.

Tikinti sektorunda inqilab gözlənilir

Superwood polad istehsalına nisbətən daha az enerji sərf edir və karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssislər hesab edir ki, bu material tikinti sektorunda metal və betonu əvəz edən əsas alternativlərdən birinə çevrilə bilər.

Hazırda taxta konstruksiyalardan istifadənin artdığı müşahidə olunur. Dünyanın ən hündür taxta binası — 87 metrlik “Ascent MKE” qülləsi ABŞ-ın Milwaukee şəhərində yerləşir. Şəhər yaxın illərdə 600 fut (183 metr) hündürlüyündə taxta göydələn inşa etməyi planlaşdırır.

Qeyd edək ki, beton istehsalı qlobal karbon emissiyalarının təxminən 7 faizinə cavabdehdir. Ağac isə fotosintez prosesi nəticəsində karbonu atmosferdən udur və daha dayanıqlı istehsal prosesi tələb edir.

Mütəxəssislər hesab edir ki, Superwood yaxın illərdə həm tikinti, həm də sənaye sahəsində daha ekoloji və möhkəm material kimi geniş tətbiq edilə bilər.

Gundelik.az