Gundelik.az Dünya Peruda baş verən zəlzələdə ölənlərin sayı 6-ya çatıb
Dünya Hadisə Xəbərlər

Peruda baş verən zəlzələdə ölənlərin sayı 6-ya çatıb

Perunun Sicaya şəhərində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 6-ya, yaralananların sayı isə 32-yə yüksəlib.

ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, zəlzələnin episentri Sikaya şəhərinin 2 kilometr cənub-qərbində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində Junin bölgəsində bir səhiyyə müəssisəsinin infrastrukturu zədələnib. El Karmen Regional Qadın Doğum və Uşaq Xəstəxanasında da dağıntılar qeydə alınıb. Xəstəxananın uşaq reanimasiya şöbəsində çatlar əmələ gəldiyi bildirilib.

Milli Fövqəladə Hallar Əməliyyat Komitəsi (COEN) zəlzələdən sonra təsirlənən bir sıra rayonlarda elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Yeraltı təkanlar paytaxt Lima ilə yanaşı, Huankayo şəhərində də hiss olunub.

Sosial şəbəkələrdə paylaşım edən Peru sakinləri güclü zəlzələ hiss etdiklərini yazıb, təhlükəsizlik məqsədilə bəzi yaşayış binaları və digər tikililərin təxliyə edildiyi bildirilib.

Perunun Milli Mülki Müdafiə İnstitutu açıqlayıb ki, zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralananların sayı isə 32 nəfərə çatıb.

Məlumata görə, Çonqos Baxo rayonunda yaşayış evləri, səhiyyə müəssisələri, elektrik ötürücü xətləri və turizm infrastrukturu da zərər görüb.

Perunun səhiyyə nazirinin müavini Henri Rebaza Canal N televiziya kanalına açıqlamasında bildirib ki, yaralanan 32 nəfərdən 26-sı müalicə olunduqdan sonra evə buraxılıb, 6 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Rebaza qeyd edib ki, bölgədə çoxlu sayda tikili zədələnib. Çupaka rayonunda həkimlər, tibb bacıları və yerli fövqəladə yardım qruplarından ibarət təxminən 100 tibb işçisi fəaliyyət göstərir. Bundan əlavə, əraziyə əlavə mütəxəssislər və mobil xəstəxana göndərilib.

O vurğulayıb ki, bütün bölgələrdə vəziyyət diqqətlə izlənilir:

“Bizim üçün ən vacib məsələ insanların sağlamlığıdır. Bununla yanaşı, maddi ziyanın həcmini də anbaan izləyirik.”

Xatırladaq ki, daha əvvəl verilən ilkin məlumatda zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilmişdi. Daha sonra aparılan qiymətləndirmələr nəticəsində ölən və yaralananların sayı artıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version