İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Pasxa atəşkəsi: Rusiya və Ukrayna müvəqqəti sülhə razılaşdı

Rusiya və Ukrayna Vladimir Putinin verdiyi açıqlamaya görə pravoslav Pasxası münasibətilə müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Putin bildirib ki, o, bu həftəsonu üçün rus qoşunlarına “bütün istiqamətlərdə” atəşi dayandırmaq əmri verib. Bu qərar Moskvadan o vaxt gəldi ki, Volodymyr Zelensky dəfələrlə atəşkəs çağırışları etmiş, lakin Kreml bunlara məhəl qoymamışdı.

Putin elan edib ki, atəşkəs 11 aprel şənbə günü yerli vaxtla saat 16:00-dan (Bakı vaxtı ilə 18:00) başlayaraq Pasxa bazar gününə qədər davam edəcək. O əlavə edib ki, Ukraynanın da “Rusiyanın nümunəsini izləyəcəyini” gözləyir. Eyni zamanda, o, rus qüvvələrinə “mümkün düşmən təxribatlarına” və hər hansı “aqressiv hərəkətlərə” qarşı hazır olmağı tapşırıb.

Rusiyanın bu tonu və təşəbbüsü ələ almağa çalışması ukraynalıları qıcıqlandıra bilər.

Zelenski isə X platformasında yazıb ki, Ukrayna “simmetrik addımlara hazırdır”:

“İnsanlara təhlükəsiz, hədəsiz bir Pasxa lazımdır və real sülhə doğru addımlar atılmalıdır. Rusiyanın Pasxadan sonra da hücumları davam etdirməmək şansı var.”

O, daha əvvəl demişdi ki, bayram günləri üçün atəşkəs təklifini Moskvaya çatdırmaq üçün ABŞ-dan vasitəçilik istəyib və bunu ilk addım kimi görür.

Əgər döyüşlərdə qısa fasilə olsa, bu, xüsusilə Ukraynanın şərqində uzun cəbhə xəttində döyüşən əsgərlər üçün müsbət olacaq, çünki onlar daim hücum dronlarının təzyiqi altındadırlar.

Bu fasilə həm də ölkə üzrə insanlara bir qədər rahatlıq verə bilər. Çünki hava hücumu siqnalları artıq gündəlik həyatın bir hissəsinə çevrilib və Rusiya raketləri və dronları hələ də mülki insanları öldürür və yaralayır.

Yaxın günlərdə cənub-şərqdə yerləşən Nikopol şəhərində dronun avtobusu vurması nəticəsində bir neçə nəfər həlak olub. Kiyevin qərbində yerləşən Jitomirdə isə səhər saatlarında bir qadın evinin yanında raket düşməsi nəticəsində ölüb. Atəşkəs elan edildikdən qısa müddət sonra Kiyevdə yenidən sirenlər səslənib.

Ukrayna da son vaxtlar Rusiyaya qarşı dron hücumlarını artırıb, xüsusilə enerji infrastrukturu hədəf alınıb. Rusiya isə bildirir ki, yaşayış evləri də zərər görüb.

Əgər bu atəşkəs şənbə günü qüvvəyə minsə, ukraynalılar onun davamlı olacağına şübhə ilə yanaşacaqlar.

Bu ilin əvvəlində Rusiya “enerji atəşkəsi” elan etdiyini demişdi – yəni qışın ortasında Ukraynanın elektrik stansiyalarına hücumları dayandırdığını bildirmişdi. Amma bu fasilə sadəcə növbəti böyük hücuma hazırlaşmaq üçün kifayət qədər qısa sürdü.

Keçən ilin mayında da Rusiya Sovetlərin nasist Almaniyası üzərində qələbəsinin 80 illiyi münasibətilə birtərəfli atəşkəs elan etmişdi. Həmin vaxt Ukrayna yüzlərlə atəşkəs pozuntusu qeydə almışdı.

Kiyevin əsas istəyi isə – dəfələrlə təklif etdiyi kimi – tam və sabit atəşkəsdir ki, bu da müharibəni bitirmək üçün danışıqlara ilk addım ola bilər.

Lakin Moskva əvvəlcə sülh razılaşmasının əldə olunmasını tələb edir. Bu isə Kiyev tərəfindən Rusiyanın müharibəni bitirməkdə ciddi olmadığı kimi qiymətləndirilir.

ABŞ-ın vasitəçiliyi ilə bir neçə raund danışıqlar aparılsa da, proses Donald Trump diqqətini Yaxın Şərqə yönəltdikdən sonra dayandırılıb.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az