Pakistanın paytaxtı İslamabad bu həftəsonu dünya gündəminin mərkəzinə çevrilməyə hazırlaşır. ABŞ və İsrailin İrana təşkil etdiyi və dini lider Ayətullah Əli Xameneinin ölümü ilə nəticələnən hücumlardan sonra başlayan müharibədə tərəflər ilk dəfə danışıqlar masasına oturacaq.
Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəsdən sonra keçiriləcək bu görüşlər qlobal enerji bazarları və regional təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.
Görüşlərin vaxtı və yeri
Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə təşkil olunan danışıqlar şənbə səhəri rəsmi olaraq başlayacaq.
Görüşlərin keçiriləcəyi otel və onun yerləşdiyi “Qırmızı Zona” ətrafında təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.
İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, danışıqlar 15 günə qədər uzana bilər. Bu səbəbdən Pakistan hökuməti 9–10 aprel tarixlərini paytaxtda rəsmi tətil elan edib.
Danışıqlarda kimlər iştirak edir?
ABŞ nümayəndə heyəti:
ABŞ vitse-prezidenti JD Vance rəhbərlik edir. Heyətdə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Jared Kuşner də yer alır.
İran nümayəndə heyəti:
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçinin heyətə rəhbərlik edəcəyi gözlənilir.
Vasitəçi:
Pakistanın xarici işlər naziri İshaq Dar danışıqları idarə edəcək. Pakistan ordusu və Baş nazir Şərif də prosesdə aktiv rol oynayacaq.
Əsas müzakirə mövzuları və fikir ayrılıqları
Tərəflər masaya fərqli tələblərlə gəlir.
İranın təqdim etdiyi 10 maddəlik sülh planına aşağıdakılar daxildir:
Hörmüz boğazına nəzarətin İrana verilməsi
ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdən çıxarılması
Müttəfiq qruplara qarşı əməliyyatların dayandırılması
ABŞ isə İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini “müzakirə olunmaz” şərt kimi irəli sürür.
Livan böhranı və etimadsızlıq problemi
Danışıqların qarşısındakı ən böyük maneələrdən biri İsrailin Livana hücumlarının davam etməsi və tərəflər arasındakı dərin etimadsızlıqdır.
İran bildirib ki, Livandakı hücumlar dayanmasa, atəşkəsi poza bilər. ABŞ isə atəşkəs şərtlərinin Livanı əhatə etmədiyini iddia edir.
Ekspertlər hesab edir ki, İsrailin danışıqlarda iştirak etməməsi və Livandakı gərginlik prosesi poza bilər.
Niyə məhz Pakistan?
Pakistanın hər iki ölkə ilə münasibətlərinin olması onu əsas vasitəçiyə çevirib. İranla 900 km sərhədi və dünyada ikinci ən böyük şiə əhalisinə sahib olması İslamabadın İran üçün etibarlılığını artırır.
Eyni zamanda Pakistan ABŞ-ın “NATO-dan kənar əsas müttəfiqi” sayılır və ölkədə ABŞ hərbi bazasının olmaması İran tərəfindən müsbət qarşılanır.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
