İyul 8, 2026
Baku
Dünya İdman Xəbərlər

Parlaq cinah oyunçusundan demək olar ki, qaçmayan Messinin təkamülü

Əgər Argentina dünya çempionu titulunu 1962-ci ildən bəri ilk dəfə qoruya bilən komanda olacaqsa və bunu bacaran tarixdə cəmi üçüncü ölkəyə çevriləcəksə, demək olar ki, bunun mərkəzində Lionel Messi dayanacaq.

38 yaşlı futbolçu altıncı Dünya Çempionatına hazırlaşır. Bu göstərici ilə o, Portuqaliyalı Kriştiano Ronaldo və meksikalı Gilyermo Oçoa ilə birlikdə rekorda şərik olacaq. Amma bu, 2003-cü ildə “Barselona”da debüt edən Messi olmayacaq.

Əksər futbolçular zaman keçdikcə zəifləyirlər. Ən böyük ulduzlar isə buna uyğunlaşmağın yolunu tapırlar. Ronaldo sürəti azaldıqdan sonra özünü cərimə meydançasının təhlükəli hücumçusuna çevirdi.

Messi isə sadəcə geriləməyə uyğunlaşmadı. O, futbola hökm etməyə və daim bir addım öndə qalmağa uyğunlaşdı.

16 yaşında “Barselona”nın heyətində debüt edən, sağ cinahda oynayan, rəqibləri aldadaraq içəri kəsən həmin gənc futbolçu bu günə qədər ən azı beş dəfə öz oyununu yenidən formalaşdırıb və həm Argentina millisinin, həm də “İnter Mayami”nin tamamilə fərqli bir liderinə çevrilib.

Qvardiola niyə Messini cinahdan uzaqlaşdırdı?

O dövrdə dünyanın ən məşhur futbolçularından biri olan Ronaldinyo Messini ilk dəfə məşqdə görəndə demişdi:

“O, dünyanın ən yaxşısı olacaq.”

İki il sonra, 2005-ci ilin avqustunda, “Yuventus”a qarşı Joan Qamper Kubokunda Messi bütün dünyanın diqqətini çəkdi. Hətta “Yuventus”un baş məşqçisi Fabio Kapello onun oyunundan o qədər təsirlənmişdi ki, onu transfer etmək istəmişdi.

Ronaldinyo zəifləməyə başlayanda və komandanın liderliyi Messiyə keçəndə, baş məşqçi Frank Raykaard onun rolunu belə izah etmişdi:

“O, oyunun tam mərkəzində olmalıdır. Topa nə qədər çox toxunsa, komanda üçün bir o qədər yaxşıdır.”

2008-ci ildə Qvardiolanın ilk aylarında Messi əsasən sağ cinahda oynayırdı. Amma məşqçi onu ilk dəfə müdafiə səbəblərinə görə həmin mövqedən uzaqlaşdırdı. Messi geriyə qayıtmırdı və sağ cinah müdafiəçisi çətinlik yaşayırdı.

Lakin Qvardiola bilirdi ki, Messi gec-tez oyunun mərkəzinə keçəcək və komanda da onun yeni roluna uyğun qurulacaq.

Saxta doqquzluq və taktikanı dəyişən oyunçu

2 may 2009-cu il. Madridin Santyaqo Bernabeu stadionu.

Qvardiola Messini sağ cinahdan çıxarıb hücumun mərkəzinə yerləşdirdi, amma klassik hücumçu kimi yox.

Samuel Eto sağa, Tyerri Anri sola keçdi, Messi isə belə tapşırıq aldı:

“Geri çəkil, topu qəbul et və qərar ver.”

Matç 6:2 hesabı ilə başa çatdı və “saxta doqquzluq” rolu yenidən futbolun gündəminə gəldi.

Messi müdafiəçilər üçün həll olunmayan problemə çevrilmişdi. O, orta sahəyə enəndə rəqibin mərkəz müdafiəçiləri seçim qarşısında qalırdılar: onun arxasınca getsinlər, yoxsa mövqelərini qorusunlar?

Hər iki variant təhlükəli idi.

Arxasında Xavi, Andres İnyesta və Yaya Ture, cinahlarda isə Anri və Eto olan Messi rəqiblərin bütün planlarını pozurdu.

Qvardiola bu taktikadan bir neçə həftə sonra “Mançester Yunayted”ə qarşı Çempionlar Liqasının finalında da istifadə etdi. Messi həmin oyunda başla qol vurdu.

2011-2013-cü illər arasında o, La Liqada cəmi 69 oyunda 96 qol vurdu.

2009-cu ildə qazandığı ilk “Qızıl Top”dan sonra bu mükafat demək olar ki, onun şəxsi əmlakına çevrildi. O, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də bu mükafatı qazandı və ümumilikdə səkkiz dəfə dünyanın ən yaxşı futbolçusu seçildi.

Messi sonradan demişdi:

“Əvvəllər taktikaya çox diqqət yetirmirdim. Amma Qvardiola ilə işləyəndən sonra boşluqları, topa nəzarəti və futbolun necə işlədiyini daha yaxşı başa düşdüm.”

Keçid dövrü – komandanın bütün yükü

2015-ci ildə Xavi, 2018-ci ildə isə İnyesta “Barselona”dan ayrıldıqdan sonra hər şey dəyişdi.

Messi artıq təkcə həlledici futbolçu yox, komandanın əsas mühərriki idi.

Bir müddət ondan həm Xavinin, həm İnyestanın, həm də bombardirin işini görmək tələb olunurdu. Bu isə hər kəs üçün ağır yük olardı.

Messi yenidən dəyişdi. O, daha dərinə çəkilərək oyunu quran futbolçuya çevrildi. Həm hücumları başladır, həm də çox vaxt özü tamamlayırdı.

2019-20 mövsümündə o, La Liqada 33 oyunda 25 qol və 22 məhsuldar ötürmə etdi.

PSJ-də ilk mövsümü isə bu dəyişikliyi tam təsdiqlədi: 34 oyunda 11 qol və 15 assist. Klub karyerasında ilk dəfə məhsuldar ötürmələrinin sayı qollarını keçdi.

Bir argentinalı analitik bunu belə təsvir etmişdi:

“Qolçu olub, sonra İnyestaya çevrildi.”

Kapitanlıq yükü və azadlıq

Messinin taktiki inkişafı ilə yanaşı, Argentina millisindəki rolu da dəyişirdi.

2014 Dünya Çempionatının finalı, 2015 və 2016 Copa America finalları – hamısı məğlubiyyətlə bitdi.

2016-cı ildən sonra hətta milli komandanı tərk etdiyini açıqladı. Amma geri döndü və artıq əvvəlki Messi deyildi.

2019 Copa America-da hakimliklə bağlı açıq tənqidlər səsləndirdi. Bu, əvvəllər susmağa üstünlük verən futbolçudan tam fərqli idi.

2021 Copa America qələbəsi isə hər şeyi dəyişdi. Argentina Braziliyanı Marakanada məğlub etdi və 28 illik həsrətə son qoydu.

2022 Dünya Çempionatında isə Messi bütün əvvəlki versiyalarının birləşməsi idi.

Xorvatiyaya qarşı Yosko Qvardiolu keçərək etdiyi sprint 2009-cu ilin sürətli cinah oyunçusunu xatırladırdı.

Fransaya qarşı finalda verdiyi dəqiq ötürmələr, yaratdığı epizodlar və soyuqqanlı penaltilər isə tamamilə başqa səviyyə idi.

Messi özü bunu belə izah etmişdi:

“Futbol çox dəyişib. Sistemlər və oyun tərzi əvvəlkindən daha taktiki və fiziki olub. Əvvəllər daha çox boşluq tapmaq olurdu.”

Qaçmayan, amma hamıdan əvvəl görən Messi

“İnter Mayami”də və 2024 Copa America-da Messi əvvəlkindən daha çox yeriyir, daha az qaçır.

Bir vaxtlar tənqid olunan bu xüsusiyyət indi ustalıq əlaməti sayılır. O, oyunu oxuyur və enerjisini ən vacib anlar üçün saxlayır.

Uşaqlıq kumiri Pablo Aymar bir dəfə demişdi:

“Messinin son versiyası həmişə ən yaxşı Messi olur.”

Bəlkə də, hələ də haqlıdır.

Messinin iki onillik ərzində qazandığı uğurlar təkcə kuboklar və statistika deyil. O, futbolçunun karyerasının hər mərhələsində necə yenidən doğula biləcəyini göstərib.

Fabio Kapellonu heyrətləndirən yeniyetmə cinah oyunçusu…

Avropa futbolunun taktiki xəritəsini dəyişən saxta doqquzluq…

Komanda yoldaşlarını daha yaxşı edən oyun qurucu…

Ölkəsinin ehtiyac duyduğu liderə çevrilən kapitan…

Və indi – demək olar ki, qaçmayan, amma oyunda hər şeyi hamıdan əvvəl görən veteran.

Messi haqqında çox təriflər deyiləcək. Amma əsas məsələ onun nə qədər yaxşı futbolçu olması deyil.

Əsas məsələ odur ki, o, zirvədə qalmaq üçün karyerası ərzində neçə dəfə tamamilə yeni bir Messiyə çevrilə bilib.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az