Papa Leo Afrika turu çərçivəsində Kamerun səfəri zamanı müharibələrə milyardlarla dollar xərcləyən liderləri sərt tənqid edib. Papa bildirib ki, dünya “bir ovuc zorbanın əlində məhv edilir” və bir daha sülhə çağırış edib.
Bu açıqlamalar onun Donald Trump ilə yaşadığı gərginlikdən sonra gəlib. Trump bir neçə gün əvvəl sosial mediada Papaya hücum edərək onu “cinayət məsələsində zəif, xarici siyasətdə isə dəhşətli” adlandırmışdı.
“Dağıtmaq bir anlıqdır, qurmaq isə bəzən bir ömür”
Papa Kamerunun münaqişədən zərər çəkmiş Bamenda şəhərində çıxış edərək ad çəkmədən müharibə tərəfdarı siyasətləri tənqid edib. O deyib ki, müharibə aparan liderlər dağıtmağın bir an çəkdiyini, amma yenidən qurmağın bəzən bir ömür belə yetmədiyini görməzdən gəlirlər.
O həmçinin liderlərin təhsil və səhiyyə kimi sahələrə vəsait tapa bilmədiyi halda silahlanmaya milyardlarla dollar xərcləməsini tənqid edib. Papa bildirib ki, bəziləri öz maraqları üçün hətta Tanrının adını belə manipulyasiya edir və yoxsul xalqların resurslarını silahlara yönəldir.
ABŞ–İran gərginliyi fonunda
Papa ilə Trump arasındakı gərginliyin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi siyasətidir. Papa, Trumpın “İran tələbləri qəbul etməsə, böyük bir sivilizasiya yox olacaq” sözlərindən narahatlığını ifadə edib və müharibənin dini baxımdan əsaslandırıla bilməyəcəyini vurğulayıb.
Kamerunda sülh və korrupsiya mesajı
Papa çıxışında Kamerunda davam edən münaqişələrə də toxunub və bildirib ki, sülh yalnız korrupsiyanın kökünün kəsilməsi ilə mümkündür.
Bamenda katedralında minlərlə insana səslənən Papa deyib:
“Sülh icad ediləcək bir şey deyil; qonşumuzu qardaş kimi qəbul edib qucaqladığımız bir dəyərdir.”
Papa Leonun Afrika turu 4 ölkə və 11 şəhəri əhatə edir və qitədəki milyonlarla katolik üçün böyük əhəmiyyət daşıyır.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
