İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Pakistanda polis maşını partladıldı

Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın Cənubi Vəziristan rayonunun Vana şəhərində yol kənarına yerləşdirilmiş bomba partlayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki polis əməkdaşı həlak olub, 14 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti ərazidə olan mülki şəxslərdir.

Məlumatı yerli polis rəisi Adam Xan təsdiqləyib. Bildirilib ki, son vaxtlar ölkənin bu bölgəsində silahlı hücumların sayı artıb və onlarla təhlükəsizlik əməkdaşı həyatını itirib.

Rəsmilər yaxın günlərdə Bəcur bölgəsində hərbi əməliyyata hazırlaşır. Hökumət və üsyançılar arasında danışıqlar aparmaq üçün bölgənin ağsaqqalları səfərbər olunub. Keçmiş oxşar əməliyyatlar zamanı minlərlə mülki şəxs evlərini tərk etməyə məcbur qalmışdı.

Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Lakin səlahiyyətlilər bunun arxasında adətən hərbçilərə və mülki vətəndaşlara hücum edən Tehreek-e-Taliban Pakistan (TTP) qruplaşmasının ola biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, TTP, 2021-ci ildə ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra hakimiyyətə gələn Əfqan Talibanı ilə sıx əlaqəyə malikdir. Çox sayda TTP üzvü bu müddətdə Əfqanıstana keçərək orada sığınacaq tapıb və rəsmilərin fikrincə, bu onlara Pakistan daxilində daha aktiv fəaliyyət imkanı verib.

Əlavə edək ki, bu yaxınlarda Kolumbiyada da oxşar hadisə baş verib – partlayıcı maddə daşıyan kamikadze eşşək hərbi hissənin qarşısında partlayış törədib.

Gundelik.az