İyul 8, 2026
Baku
Ədəbiyyat

Öz yaradıcılığı ilə rus ədəbiyyatı tarixində dönüş nöqtəsi yaradan A.S.Puşkin

Puşkin təkcə Rusiyanın yox, rus xalqının yox, bütün bəşəriyyətin dahi insanlarından biridir. Təsadüfi deyildir ki, Puşkinin yaradıcılığı – qısa bir ömür zamanı yazdığı həddən-ziyadə əsərləri dünyanın bir çox xalqları tərəfindən sevilə- sevilə oxunur, öyrənilir və bu əsərlər insanlara mənəvi qida verir.
Ulu öndər Heydər Əliyev
Puşkin dedikdə bizim xəyalımızda XVIII əsr rus ədəbiyyatının axtarışlarına tarixi yekun vurmuş, XIX əsr klassikasının birinci səhifəsini açıb, onu dünya ədəbiyyatına tanıtmış böyük bir şair surəti canlanır. Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığı rus ədəbiyyatı tarixində dönüş nöqtəsidir. Yazıçı özündən əvvəlki söz sənətinin ən yaxşı ənənələrindən bəhrələnib, dünya ədəbiyyatının nailiyyətlərini yaradıcılığının diqqət mərkəzində saxlamışdır. Puşkin  Homerdən başlamış Şekspirə, Şekspirdən Volter, Russo, Şiller, Höte, Bayrona qədər Qərb yazıçılarının əsərlərini diqqətlə öyrənsə də, onlardan da heç birini təkrar etməmişdi. Onun realizmi də, romantizmi də romantikası da özünə görə orijinal bədii-estetik və məfkurəvi xüsusiyyətləri olan rus realizmi, rus romantizmi, rus romantikası dekabrizm romantikası idi. Bu orijinallığına görə idi ki, yeni rus ədəbiyyatını mədəni dünyaya tanıtdıran, rus bədii təfəkkürünə diqqəti xüsusilə cəlb edən Puşkin oldu. Təsadüfi deyil ki, bizdə də rus ədəbiyyatı ilə ilk əsaslı tanışlıq  Puşkin yaradıcılığı ilə tanışlıqla başlamışdır. Puşkinin adı çəkiləndə o saat adamın gözü önündə rus xalqının milli şairi durur. Rus ədəbiyyatının bütün zənginliyi, güc və oynaqlığı lüğət tərkibində təzahür etmiş kimi onun əsərlərində toplaşmışdır. Puşkini  xalqlara  sevdirən, şöhrətləndirən, əbədiləşdirən də onun xalq səadəti, insan səadəti üçün alışıb-yanan ürəyi idi!..
Dahi rus şairi, nasir və dramaturq A.S. Puşkin 1799-cu il iyun ayının 6-da Moskvada, ədəbiyyatçı və tarixçi Nikolay Mixayloviç Karamzin, şair və alim İvan İvanoviç Dmitriyev, şair və tənqidçi Vasili Andreyeviç Jukovski, şair Konstantin Nikolayeviç Batyuşkovun və həmin dövrün digər görkəmli rus ədiblərinin tez-tez qonaq gəldikləri çox da varlı olmayan bir zadəgan ailəsində  anadan olmuşdu.
Gələcək şairin atası, əmisi Sergey və Vasili Lvoviçlər də zəmanəsinin tanınmış adamlarından idi. Anası Nadejda Osipovna  Böyük Pyotrun zəncisi kimi məşhur olan İbrahimin nəvəsi kimi tanınırdı. Sergey Lvoviç arabir şeirlər yazırdı, onun  zəngin kitabxanası vardı. Puşkin XVIII-XIX əsr rus və Avropa klassiklərinin əsərləri ilə məhz atasının kitabxanasında tanış olmuşdu. Puşkinin tərcümeyi halında bəzi məqamlar  vardı ki, bu, bütün dünya oxucularının da marağına çevrilmişdi. Şair  bu barədə yazırdı:  “Ana tərəfdən nəslimizin tarixini maraqlı hesab edirəm. Anamın tərəfindən onu bilirəm ki, onun həbəş babası varlı bir knyazın oğlu olubdur.
Konstantinopolda (İstambulda) rus elçisi onu sarayda əmanət kimi saxlanan uşaqların içindən tapıb və iki digər ərəb balası ilə birlikdə I Pyotra göndərmişdir. Hökmdar 1707-ci ildə Polşa kralı Avqustun arvadı ilə birlikdə Vilnoda balaca İbrahimi xaç suyuna salıb, ona Hannibal familiyasını vermişdir. Mərasim zamanı isə onu Pyotr adlandırmışdır. Hannibal ağlayıb, yeni adı qəbul etmək istəməyibdir. O, ölənə qədər Abram adlanıbdır. Hannibalın böyük qardaşı sonralar Peterburqa gəlib, Pyotra pul verib, Hannibalı azad etdirmək istəyibdir. Lakin Pyotr onu geri qaytarmayıb və həmişəlik yanında saxlayıbdır…”. Əlbəttə, bu o demək deyildi ki, Abram Petroviç Hannibal (İbrahim) taleyində uduzmuşdu. Bəlkə də Tanrı öz mərhəmətini ona bu istiqamətdə bəxş etmişdi ki, Abram sonralar Rusiyada ən yüksək vəzifələrə ucalıb,    böyük sərvət sahibi olmuşdu.
Rusiyada Yelizaveta Petrovnanın hakimiyyətdə olduğu dövrdə, yəni 1741-ci ildə Hannibal ordu generalı vəzifəsinədək yüksəldi. O, geniş və sanballı  tikinti — quruculuq işləri ilə məşğul olurdu. İmperiyanın inşaat işlərində; kanallar, evlər, qalalar tikintisində əsas mütəxəssislərdən biri idi. 1756-cı ildə general-mühəndis, yəni bütün ölkənin baş hərbi mühəndisi təyin olunan Abram Petroviç Hannibal , III Pyotrun dövründə istefaya çıxaraq,  özünün Peterburq yaxınlığındakı malikanəsinə çəkildi. 1780-ci ilin əvvəlində 82 yaşlı Hannibal vəsiyyətnaməsini hazırlayıb, öz kapitalını 7 övladı arasında böləndə və bir il sonra filosof kimi dünyadan köçəndə, ağlına da gəlməzdi ki,18 ildən sonra elə Rusiyanın özündə onun nəslini, ulularını, dostlarını əbədiyyətə qovuşduran bir oğlan uşağı dünyaya gələcəkdir. Əslində 1780-ci ildə Hannibal  sanki İlahinin diqtəsi ilə Puşkin üçün də müəyyən şeylər  “hazırlamışdı”. Qoca  ərəb özünün çoxlu malikanələrindən yalnız  Mixaylovski  və Petrovski kəndlərini saxlaya bilmişdi. Sonralar, yəni 1824 – cü ilin  sentyabrında Puşkinin Mixaylovski kəndində şair dostu Nikolay Mixayloviç Yazıkova  yazdığı şeir- məktubun misralarını yada salmaq  zənn edirəm ki, maraqlı olardı:

Səni gözləyirəm
mən o kənddə ki,
O yerdə Pyotrun əzizi olan
Şahın, şahzadənin sevimli qulu-
Mənim ulu babam — ərəb bir zaman ,
Gizlənib özünə salmışdı məskən,
O yer də çıxmışdı xatirəsindən.
Babamın, hökmdar Yelizaveta
Təntənəli vədlər, bəzəkili saray
Cökə xiyabanı kölgələrində
Sərin göründükcə ona isti yay
Uzaq Afrikanı o eyləyib yad
Xəyalən o yerdə çalarmış qanad
Gözləyirəm səni, bax, o kənddə mən.

İki – üç ildən sonra Puşkin “Böyük Pyotrun ərəbi” povestində və daha sonra “Mənim nəslim” şeirində ulu babasını və əcdadlarını hörmətlə yad edirdi…
…Puşkinlər ailəsində uşaqların tərbiyəsi ilə xüsusi mürəbbilər məşğul olurdu.
Gələcəyin böyük şairinin mənəvi inkişafında iki şəxsin xüsusi xidməti vardı: şairin ana nənəsi M. A. Hannibal (O, 1801-ci ildən sonra Puşkinlər ailəsində yaşamışdı) və Puşkinin sevimli dayəsi Arina Radionovna. Gənc Puşkinin dünyagörüşünün formalaşmasına böyük təsiri nənəsi Mariya Alekseyevna (Hannibal) göstərmişdir. O, hər yayını nənəsinin yaşadığı kənddə keçirərmiş.
Erkən yaşlarında Aleksandr Sergeyeviç tosqun, biçimsiz və ləng bir uşaq idi. Şairin bacısı onun uşaqlıq çağlarını belə xatırlayır: “O öz köklüyü, ləngliyi və qaradinməzliyi ilə anamı çərlətmişdi. Anam az qala zor gücünə onu hər gün gəzməyə aparır, hətta qaçmağa məcbur edirdi. Buna görə o, nənəsi Mariya Alekseyevnanın yanında qalmağı xoşlayırdı: onun zənbilinə girib oturur, nənəsinin necə tikib toxuduğuna tamaşa eləyirdi. Lakin yeddi yaşına çatar – çatmaz o, şux və dəcəl bir uşaq oldu”.
1811-ci ildə Aleksandr Puşkin əmisinin köməkliyi ilə çar kəndində zadəgan uşaqları üçün yenicə təşkil edilmiş, şairlik istedadının əmələ gəlməsinə əsaslı şəkildə təsir göstərmiş Tsarskoselsk liseyinə daxil olur və həyatının 6 ilini burada keçirir. Gənc Puşkinin ədəbi fəaliyyəti məhz həmin illərə təsadüf edir. 1816-cı ildə A.S.Puşkinin poeziyası “böyüyür” və ön plana onun lirikasının elegiya kimi sevimli janrı çıxır.1817-ci ilin yayına qədər burada təhsil alır. Litseydə oxuyarkən o, yüksək savadı ilə bir çox yoldaşlarından kəskin fərqlənsə də, öz üstünlüyünü heç vaxt qabartmırdı.
Hətta imtahan zamanı dövrün tanınmış şairi və dövlət xadimi Qavril Romanoviç Derjavini “Çar kəndi haqqında xatirələr” şeiri ilə əməlli-başlı heyrətə gətirmişdi.
Gənc Puşkin bu şeirində rus xalqının qəhrəmanlığından vətəndaşlıq duyğusu ilə bəhs edirdi. Onu da qeyd edək ki, Puşkinin ilk şeiri 1814-cü ilin 15 iyulunda “Vestnik Evropı” jurnalının 13-cü nömrəsində çap olunmuşdur. “Şair dostuma” adlanan bu şeirini Aleksandr Sergeyeviç şair dostu Vilhelm Küxelbekerə həsr etmişdir. Litseyçilərin təlim – tərbiyəsilə dövrün mütərəqqi fikirli professor və müəllimləri məşğul olurdu. Məktəbə çoxlu siyasi ədəbiyyat gətirilirdi. Odur ki, bu təhsil ocağı siyasi – demokratik fikirlərin mərkəzinə çevrilmişdi. Şair 1815-ci ildə yazdığı “Litsiniyə” şeirində: “Sinəmdə azadlıq hissi coşur, böyük bir xalqın ruhu qəlbimdə baş qaldırmışdır”, deyə bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olduğunu etiraf edirdi. Puşkin və onun dostları haqlı olaraq məktəbi “Litsey respublikası” adlandırırdılar. 1817-ci ildə Litseyi bitirib, kollec katibi rütbəsində Xarici İşlər Kollegiyasına təyinat alan Puşkin,  poeziya aləminə də “Litsey şeirləri” ilə gəldi. Mənzum məktub, romans, sonet, elegiya, oda, satira və epiqramlardan ibarət olan ilk şeirlərində o, novator sənətkar kimi öz sözünü deyə bildi, müasir rus həyatının ən mühüm problemlərini cəsarətlə həll etməyə  müvəffəq oldu. Bu əsərlərin bir çoxu onun ideya və yaradıcılıq dostları olan Puşşin, Delanq, Küxelbeker, Çaadayev, Turgenev, Qaliç, Yudin kimi siyasi düşüncəli gənclərə həsr edilmişdir. Dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi   teatr cəmiyyətinin üzvü  olan gənc şair A.S.Puşkinin  şeirlərinin  hamısında zadəgan həyatına, zadəgan ənənələrinə qarşı güclü etiraz duyğuları əsas yer tuturdu. Azadlıq ideyaları onu xüsusilə özünə cəlb etmişdi. Gənc şair ətrafa nəzər salır, hər yerdə eyni ağır vəziyyəti, zülmü və zəncirləri  görürdü. “Azadlıq” adlı məşhur odasında şair yazırdı:
Əfsus ki, hər yana eyləsəm nəzər —
Bir zəncir görürəm, bir də ki, qamçı;
Hər yanda məhv edən o sarsıdıcı
Qanunlar, əsarət, göz yaşı gəzər.
Şair gördüyü, duyduğu, acı mənzərələrlə ilə razılaşmır, qəlbində güclü narazılıq və üsyan  baş qaldırır, hökmdara müraciət edərək, həqiqəti cəsarətlə onun üzünə deyir, xalqın böyük gücünü, ədaləti  ona xatırladırdı:
Ey zalım hökmdar, qəddar hökmran,
Yox səni, tacını heç görən gözüm…
Lənətin möhrünü  görüb üzündən
Oxuyur  tayfalar  baxaraq sənə,
Allaha tənəsən, kainatda sən,
Dəhşətsən, ləkəsən bu yer üzünə…
Ibrət götürünüz, ey çarlar, ibrət,
Nə ağır cəzalar, nə ərmağanlar,
Nə mehrablar, nə də soyuq zindanlar
Sadiq hasar deyil şahlara əlbət…
Şairin “Çaadayevə” şerindəki güclü məntiqə diqqət yetirək:
…Nə qədər ki, yanar alovlanaraq
Azadlıq eşqilə coşqun qəlbimiz,
Nə qədər şərəflə, namusla ancaq,
Yaşayıb dünyada bir gedirik  biz,
Ey mənim əzizim, müqəddəs, gözəl
Arzusunu bu gün könlümüzün gəl,
Həsr edək Vətənə, əziz Vətənə,
Yoldaş, inan buna, deyirəm sənə
Bir gün səadətin cazib ulduzu
Doğacaq, Rusiya ayılacaqdır,
Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır.
Dekabristlərlə ünsiyyət şairin yaradıcılığına təsir etməyə bilməzdi. Bir-birinin ardınca yazılan “Çaadayevə”, “Sərbəstlik”, “Kənd” kimi siyasi şeirlərə görə şair az qala Sibirə sürgün ediləcəkdir. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi cəzanı yüngülləşdirir və Aleksandr Puşkin iş yerindən Ekaterinoslav şəhərinə təyinat alır.

Hələ 1790-cı ildə Puşkin anadan olmamışdan, inqilabçı, yazıçı Radişşev “Peterburqdan Moskvaya səyahət” adlı əsərində rus ədəbiyyatında  ilk dəfə
təhkimçilik rejiminə, çar mütləqiyyətinə  ağır bir zərbə endirmişdi. Puşkin özünün azadlıq uğrunda  mübarizəsini Radişşev işinin davamı  hesab  edirdi. Tərəqqipərvər  dvoryanlar, xüsusən gənc nəsil  dünyada  baş verən ictimai – siyasi hadisələrə çox həssaslıqla yanaşırdılar. Fransada, İtaliyada, İspaniyada, Yunanıstanda və başqa ölkələrdəki üsyanlar, inqilabi çıxışlar onları xalqın taleyi haqqında ciddi düşünməyə vadar edirdi. Puşkinin  artıq  başı üzərində qara  buludlar gəzirdi. Çar Birinci Aleksandr litseyin direktoru Yeqor  Antonoviç Engelqarta  demişdi: “Sənin keçmiş  tələbən  Puşkin özünün dəhşətli  şeirləri ilə  bütün Rusiyanı ayağa qaldırmışdır. Gənclər onun şeirlərini əzbər bilir. Puşkini Sibirə göndərmək vaxtı çatmışdır”. M. Karamzinin və V. Jukovskinin səyi nəticəsində  Sibir sürgünü cənub sürgünündə hərbi xidmətlə əvəz edildi.
1820-1824-cü illərdə cənub sürgünü Puşkin romantizminin zirvəsi oldu. Bessarabiyadakı xidməti, Vətən müharibəsinin qəhrəman döyüşçüsü, sərkərdəsi, general Nikolay Nikolayeviç Rayevskinin ailəsi ilə Şimali Qafqaza və Krıma səfərə çıxmasının şairin yaradıcılığında böyük əhəmiyyəti oldu. Burada Rayevskinin ailə üzvləri ilə Puşkin arasında olduqca səmimi və mehriban münasibət vardı. Bu səmimiyyət duyğularına  daha bir incə, munis hisslər də əlavə olunmuşdu.
1823-cü ildə Puşkin “Yevgeni Onegin” romanı üzərində çalışmağa başlayır. 18 fevral 1831-ci il tarixində Moskvada Aleksandr Puşkinlə Natalya Qonçarovanın nigah
mərasimi keçirilir və onlar yaşamaq üçün Tsarskoye selodakı (Çar-kənd) bağ evlərinə yollanırlar. Burada şair “Yevgeni Onegin” romanını nəhayət başa çatdırır. 1834-cü ildə Puşkin istefa haqqında ərizə verir və xahişi qəbul olunur. Şairin bundan sonrakı həyatı dərc etdirdiyi əsərlərdən əldə olunan qeyri-stabil gəlirlərdən asılı olur. Maliyyə problemləri, istedadının sonunu proqnozlaşdıran tənqidçilərin sərt hücumları şairin yaradıcılığında böhrana gətirib çıxarır. 1837-ci ilin qışında A.S.Puşkinlə Jorj Dantes arasında duellə nəticələnən münaqişə baş verir. Ölümcül yaralanan şair iki gündən sonra vəfat edir. Aleksandr Sergeyeviç Puşkin Mixaylovsk malikanəsinin yaxınlığındakı Svyatoqorsk monastırının divarları önündə dəfn edilib.

Elə tarixi şəxsiyyətlər, nadir istedad sahibləri var ki, onlar öz yaradıcılıqları ilə humanizmə, bütünlüklə insanlığa mənəvi xidmət etdiklərinə görə təkcə mənsub olduqları xalqın deyil, bəşər mədəniyyətinin dahi simalarından sayılır. Bu sırada dahi rus şairi A.S.Puşkinin adı pozulmaz hərflərlə nəqş edilib. Puşkin Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, tədqiqatçıları, şairləri, hətta döyüşçüləri ilə xoş ünsiyyətdə olmuş, onlarla dostluq etmişdir. Puşkinin Azərbaycan xalqına böyük məhəbbəti və xoş münasibəti olub. Qafqaza səfər zamanı tanış olduğu Fazil Xan Şeyda adlı bir azərbaycanlı şair Puşkinə çox xoş təsir bağışlayıb. Puşkin qələm dostuna şeirlər həsr edib. Eləcə də bu səfər zamanı şücaət və hünərinə məftun olduğu döyüşçü, qarabağlı
Fərhad bəy də Puşkinin qəlbində dərin iz salıb. Şair o qədər təsirlənib ki, sonralar Fərhad bəyin simasında bütün azərbaycanlıları cəngavər, igid adlandırıb. Polşa və Rusiyaya səyahətə çıxan mütəfəkkir Azərbaycan yazıçısı Abbasqulu Ağa Bakıxanov Puşkinlə tanış olub. A.Bakıxanov Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə edən ilk şəxsiyyətdir. O, Puşkinin “Bağçasaray fontanı” əsərini ötən əsrin 30-cu illərinin birinci yarısında ana dilimizə tərcümə etmişdir. Mirzə Kazım bəy, Firidun bəy Köçərli şairin əsərlərini böyük məhəbbətlə Azərbaycan dilinə tərcümə etmişdir. 1880-ci ildə
Moskvada Puşkinə abidə qoyulması xəbərini eşidən S.Ə.Şirvani bu münasibətlə şeir yazmışdır. M.F.Axundov Puşkinin ölümünə təsirlənərək “Şərq poeması” yazmışdır. XX əsrdə Puşkinin yaradıcılığı Azərbaycanda geniş yayılmışdır. XIX əsrdə qoyulmuş tərcümə ənənəsi Abbas Səhhət, Böyükağa Qasımzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Rahim, Ənvər Əlibəyli, Bəxtiyar Vahabzadə və başqaları tərəfindən uğurla davam etdirilmişdir. Xalq şairi Səməd Vurğunun tərcüməsində oxuculara “Yevgeni Onegin” mənzum romanı soydaşlarımız tərəfindən maraqla qarşılanmışdır. Hələ orta məktəb illərində sevə-sevə əzbərlədiyimiz Puşkinin “Qafqaz” adlı şeirini Azərbaycan dilinə xalq şairi Süleyman Rüstəm tərcümə etmişdir.
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
Tutmuşam tək uçurum, dağlı qar üstündə qərar,
Qara quş uçmağa qalxarsa uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri qaynamada,
Şübhəli, qorxulu uçurumları ilk oynamada…

Puşkinin əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycan dilinə tərcümə edilmişdir. Əməkdar incəsənət xadimi Tofiq Bayram tərcümələrlə bağlı bu fikirləri söyləmişdir: “A.S.Puşkinin əsərləri hər hansı bir dilə tərcümə olunarkən onun poeziyasındakı fikir və ifadə gözəlliyi, siqlət və əzəmət, sadəlik və vüsət, ümumiyyətlə Puşkini Puşkin kimi sevdirən yüksək keyfiyyətlər hifz edilməli, müqəddəs dövlət sərhədi kimi qorunmalıdır”. 2001-ci il oktyabrın 12-də Bakının mərkəzində A.S.Puşkin və Ü.Hacıbəyov adına küçələrin kəsişdiyi yerdəki bağçada dahi rus şairinin abidəsi ucaldılmışdır. Tədbirdə ulu öndərimiz Heydər Əliyev iştirak etmişdir.
Bəli, Puşkin təkcə Rusiyanın deyil, Qafqaz xalqlarının da sevdiyi, oxuduğu, rəğbət bəslədiyi, dünya mədəniyyətinin mənəvi sərvətini zənginləşdirən düha sahibi idi. Bir müddət Yekatironoslavlda, Qafqaz mədən sularında, Kişinyovda, Odessada yaşamağa və  işləməyə  məcbur olan şair, Peterburqdan  uzaq düşsə də, çox  yerlər gəzir, çox adamlar görür, yeni-yeni  təəssüratlarla yazıb-yaradır. Xüsusən  Qafqazın təbiəti, cəsur  adamları, Qafqaz  xalqlarının  adət və ənənələri  Puşkin üçün  maraqlı mövzular  idi. Puşkin dövrünün  bu  “sürgünü”nə  yeni gözəl əsərlərilə cavab verdi. Məhz
həmin yerlərdə  şairin “Qafqaz  əsiri”, “Baxçasaray fantanı”, “Qaraçılar” dan ibarət romantik poemalar trilogiyası yarandı. Rus ədəbiyyatını zənginləşdirən bu trilogiya sonralar Şərq mövzusuna müraciət edən neçə-neçə şair və yazıçıların çoxsaylı əsərlərinin yaranmasına geniş imkanlar yaratdı. “Qalib gəlmiş şagird”in “Qafqaz əsiri” poemasında  xalqın azadlıq mübarizəsi rənglərin  bütün   dolğunluğu, parlaqlığı ilə təsvir edilmişdir. Poemada ictimai siyasi motivlər daha qüvvətlidir. “Qanriliada”, “Qaçaq qardaşlar”, “Baxçasaray fantanı” kimi poemalarda da başlıca motiv yenə  azadlıqdır. “Baxçasaray fantanı”  istər məzmun və istərsə də ifadə gözəlliyi, poetik dolğunluğuna görə rus poeziyasında yeni bədii hadisə idi.  Belinski deyirdi:
“Baxçasaray fantanı”nda forma cəhətdən irəliyə doğru böyük addım atıldığını görürük. Şeiriyyəti daha yaxşıdır. Poeziyası bəzəkli və təravətlidir. Bu poemanın əsasında ancaq tamamilə  inkişaf etmiş və püxtələşmiş  istedadın qüvvəsi çatacaq qədər böyük bir fikir qoyulmuşdur”. “Qaraçılar” poemasında şairin şəxsi iztirabları, cəmiyyətdən şikayəti daha aydın və realist boyalarla verilmişdir. “Qafqaz  əsiri”nin qəhrəmanı kimi Aleko da öz sinfi mahiyyətinə, kübar cəmiyyətinə nifrət edir, zümrəsindən üz döndərir, azadlığı, qaraçıların sərbəst həyatını üstün tutur.
Bəşəriyyətin bədii təfəkkür tarixində elə dahilər yetişmişdir ki, onlar öz xalqlarının şan və şöhrətini artırmış, öz istedad və dühasını bütün dünyaya təsdiq etdirmiş, öz millətlərinin yaradıcılıq qüdrətini hamıya bildirmişlər. Rus realizminin atası və banisi, rus milli dilinin yaradıcısı olan Puşkin, rus ədəbiyyatının inkişaf yolunu tam bir əsr, hətta zəmanəmizə qədər müəyyən etmişdir. XIX əsrdə və XX əsrin birinci yarısında yaşayıb – yaratmış olan dahi rus yazıçılarının hamısı müəyyən dərəcədə Puşkin əsərlərinin, onun füsunkar və doğru sözlərinin təsiri altında olmuşlar. A.S.Puşkinin adı çəkiləndə o saat adamın gözü önündə rus xalqının milli şairi durur. Onu başqa şairlərdən fərqləndirən məziyyətlərdən danışmaq lazım gəlirsə, deməliyik ki, bunlar təsvirin fövqəladə iti olmasından, bir şeyi cuzi cizgilərlə, lakin sonsuz bir məharətlə göstərməkdən ibarətdir. Puşkin birinci olaraq ədəbiyyatçının adını və şərəfini o zamana qədər mümkün olmayan  bir yüksəkliyə qaldırmışdır: onun nəzərində şair- xalqın bütün arzu və istəklərinin ifadəçisidir, həyatın bütün hadisələrini anlayıb əks etdirmək şairin vəzifəsidir.Şairin realizminə qüvvət verən bu xüsusiyyət ən yaxşı bir ənənə kimi rus ədəbiyyatının inkişafında böyük rol oynamışdı. Bu cəhətinə görə Puşkin bütün dünya yazıçıları və şairləri içərisində fərqlənirdi. yazıçı və şair öz xalqının mənəvi saflığını, gözəlliyini Puşkin kimi məharətli bir şəkildə təsvir edə bilməmişdi. İnsan qəlbini, xüsusilə rus qəlbini çox gözəl bilən, rus ruhunun sirlərinə, incəliklərinə dərindən bələd olan Puşkin, eyni zamanda müqtədir bir dil ustası idi. Onun dili sadə, təmiz və ifadəlidir. O, zahiri bəzək və dəbdəbə ardınca qaçmır, hər şeydən əvvəl, mənaya, fikrə və həyat həqiqətinə əhəmiyyət verirdi.Rus şeirinin günəşi adlandırılan Puşkin rus xalqında tükənməz yaradıcılıq qüvvəti olduğunu hiss etmişdi. Buna görə də şair həmişə xalq yaradıcılığına böyük mənəvi bir sərvət
mənbəyi kimi baxırdı. Xalq mahnılarını, nağıllarını, atalar sözlərinin həvəslə və diqqətlə toplayıb öyrənən şair, buradakı xalq hikmətinə, dərin mənaya heyran olurdu.
Xalq nağıllarının hər birini bir poema adlandırırdı. O, yazırdı ki, rus dilinin xüsusiyyətlərini mükəmməl surətdə bilmək üçün qədim mahnıları, nağılları və sairəni öyrənmək lazımdır.
Puşkindən sonra yetişən bütün rus sənətkarlarının, istər şair və yazıçıların, istərsə də bəstəkar və rəssamların əsərlərində biz rus ədəbiyyatının ölməz dahisindən şəfəqlər görür, onun mövzularının yeni üsulda davamı ilə rastlaşır, onu bu gün də müasirimiz hesab edirik. Bu gün Rusiyada elə bir rəssam yoxdur ki, Puşkin əsərlərinə illüstrasiyalar çəkməsin, elə bir bəstəkar yoxdur ki, Puşkinin söz sənətini musiqi və balet dilinə çevirməsin, elə bir şair və yazıçı yoxdur ki, onun sənət çeşməsindən su içməsin. Çünki Puşkin mənsub olduğu xalqın ruhunu, mənəviyyatını formalaşdıran elə bir sənət yaratmışdır ki, bu sənət güzgüsündə xalq özünü, öz milli varlığını görmüş, özünü dərk edib tanımışdır.Puşkini yalnız rus xalqı üçün deyil, bütün
zəhmətkeş xalqlar üçün sevimli edən hər şeydən əvvəl, onun böyük insanpərvərliyi, dərin humanizmi idi. O, doğrudan da böyük vətənpərvər, azadlıq və sülh sevən bir şair idi. Rus xalqının qabaqcıl fikirlərini ifadə edən Puşkin, hər cür sinfi və milli əsarətə, köhnəliyə düşmən idi. O, insanları hansı millətdən olursa-olsun, azad, rahat görmək istəyirdi. O, başqa xalqları əzən çar mütləqiyyətinə, onun zülmkar siyasətinə düşmən idi. Şair süngülər və dar ağacları üzərində qurulmuş çar mütləqiyyətini çürümüş bənd adlandırırdı. Abidə adlı şeirində şair öz yaradıcılığının beynəlmiləl, demokratik bir ruhda olmasını fəxrlə qeyd edirdi:

Mənim qəddar əsrdə nəğməm hürriyyət oldu,
Rübabımla oyatdım incə-incə duyğular.
İstəyim məzlumlara yalnız mərhəmət oldu,
Onunçun da xalq məni hər zaman əziz tutar…
Puşkin həqiqətən rus ədəbiyyatı üçün bir günəş idi. Bu ürfan günəşinin nuru təkcə rus xalqına və rus ədəbiyyatına deyil, başqa xalqların mədəniyyətinə də ruh verirdi.
Azərbaycan xalqının mütərəqqi düşüncəli övladları, ziyalı və sadə insanları nəinki Puşkini yaxşı tanıyır, hətta onu dərin bir məhəbbətlə sevirdilər. Sənətini və dühasını yüksək qiymətləndirirdilər. Böyük şairin Qafqaz haqqındakı, azərbaycanlıların qoçaqlığı barədəki şeirlərini də sevə-sevə oxuyurdular. Bir sənətkar və bir şəxsiyyət kimi Puşkin özünün kiçik zərif əsərlərində, olduqca çoxcəhətli bir şairdir və onun istedadı poemalarına nisbətən bu əsərlərdə daha geniş, daha görkəmli təzahür edir. Bu kiçik əsərlərdən bəziləri o qədər göz qamaşdıracaq dərəcədə parlaqdır ki, onları
anlamağa hər kəs qadirdir. Rus ədəbiyyatını maraqla öyrənən Mirzə Fətəli Axundov Puşkini şairlər ordusunun başçısı" adlandırmışdı. Təsadüfi deyildir ki, Puşkinin ölüm xəbərinə Lermontovdan sonra Axundov həyəcanlı bir poema ilə münasibət bildirmişdi. Rus yazıçısı və filosofu Aleksandr İvanoviç Gertsenin sözləri ilə desək:
Puşkinə açılan tapançanın səsi Lermontovun ruhunu ayıltdı. 22 yaşlı gənc
Lermontov böyük şairin ölümü münasibətilə yazdığı məşhur "Puşkinin ölümünə şeirində çarın ətrafında toplanmış azadlıq, şərəf və düha cəlladlarını qəzəb və nifrətlə lənətlədi.
Puşkinin ölüm xəbərini eşidən Qafqaz isə o zaman öz kədərini 25 yaşlı bayaq qeyd etdiyim kimi, gənc Səbuhinin (Axundovun) məşhur Şərq poeması ilə izhar etdi.
Şairin ölümünə həsr edilmiş poeziya nümunələri içərisində ürək ağrısı ilə yazılmış bu iki əsər Puşkinə olan ümumxalq məhəbbətinin ən gözəl ifadəsi idi. Xalqımızın parlaq məfkurə sahibləri olan ziyalılarından A.Bakıxanov, Mirzə Kazımbəy, Həsənbəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəfbəy Vəzirov, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev rus ədəbiyyyatının mütərəqqi rolunu başa düşüb, Azərbaycan ədəbiyyatını da bu yol ilə inkişaf etdirməyə çalışırdılar.
Puşkini oxuduqca sanki müqtədir söz incilərilə ağzınadək dolu mədəniyyət layına varırsan. Puşkini düşündükcə anlayırsan ki, sənin fikirlərin artıq Rusiyanın milli dahisi haqqında çoxdan düşünülmüş, söylənmiş, yazılmışların yalnız əks-sədasıdır. Puşkinin təşbihi o qədər aydın və sərrastdır ki, bəzən bir təşbih tam bir təsviri əvəz edir. Onun kiçik pyesi bütöv bir poemaya bərabərdir. Qısaca pyesdə böyük bir əzəmət, sadəlik və qüvvət ifadə etmək qüdrəti vardır. Puşkin lirikasının çox qismi yeniyetmələrlə müdrik söhbətlərdir. Puşkinin əsərlərinin çətinliyindən danışanlara etiraz edən Qoqol
deyirdi ki, “onlar elə parlaqdır ki, hər kəs onları dərk etməyə qabildir. Onlar elə vüsətli, elə parlaq, elə atəşli, elə xoş və eyni zamanda uşaq kimi safdırlar. Puşkin ədəbi irsində aşağı sinif şagirdləri hətta məktəbəqədər yaşında olanlar üçün anlaşıqlı olan əsərlər çoxdur. Puşkin lirikasının yeni nəsildə ali mənəvi keyfiyyətlər tərbiyə etmək üçün gözəl zəmin olması bizim dövrümüzdə heç kimdə şübhə doğurmur. A.S.Puşkin məhz uşaqlar üçün əsərlər yazmasa da, onun adı uşaqlara hələ məktəbəqədərki dövrdə məlum olur. Ətraf aləmi bütövlükdə görən böyük şairin universal dühası dar çərçivəyə sığmırdı: o, oxucularını yaş qruplarına bölmədən bir tam halında görürdü. Puşkin yaşından asılı olmayaraq bütün oxucular üçün anlaşıqlı olmağa çalışırdı. Bunu o hələ yaradıcılıq yolunun əvvəlində bəyan etmişdir:
“İstəyirəm ki, məni –
həm kiçik, həm də böyük-
Hamı dərk edə bilsin”.
Puşkin orijinal milli şair kimi  yetişərkən sənətin və poeziyanın böyük xalq işi olduğunu dərk edir və öz yaradıcılığında   bu cəhətə xüsusi olaraq diqqət edirdi. Puşkin irihəcmli əsərlər yazmağa hələ litseydə təhsil alarkən başlamışdı. “Ruslan və Lyüdmila” poeması  litseydə yaranmışdı. Puşkin yeni romantik poeması ilə saxta və yalançı klassisizmə ağır zərbə vurdu.  Poema xalq ədəbiyyatı motivləri əsasında, həm də qüvvətli bədii üslubda yazılmışdır. V. Jukovski poemanı oxuduqdan sonra öz şəklini Puşkinə göndərmiş və şəklin  arxasında  bu sözləri yazmışdı: “Məğlub olmuş şairdən, qalib gəlmiş şagirdə”. “Qalib gəlmiş şagird” isə düşmənləri getdikcə daha güclü misralarla nişan alırdı: (“Nasir və şair” şeirində)
Nədir, nasir dostum, hey əlləşirsən?
İstədiyin fikri gəl, mənə ver sən!
Mən onun ucunu kəskinləşdirim,
Ona qafiyədən bir qanad verim.
Çəkim, gərginləşsin əlimdə kaman,
Atım, qoy başlasın fəryada düşman!
Öz dövründə Puşkinin ən düzgün qiymətini verən Belinski olmuşdur. Demokratik fikrin  ən görkəmli nümayəndəsi olan Belinski hələ şairin sağlığından başlayaraq, onun yaradıcılığına dair bir çox məqalə həsr etmişdi. Puşkini  birinci olaraq dahi rus şairi adlandıran Belinski idi. Halbuki, Puşkindən əvvəl Rusiyada Lomonosov, Derjavin, Jukovski kimi qüvvətli şairlər var idi. Lakin Belinskinin obyektiv elmi qiymətinə gəlib çıxana qədər Puşkin ilk şeirlərindən  başlayaraq, uzun zaman kəskin hücumlara, haqsız təqiblərə məruz qalmışdı. Hər şeydən əvvəl onu deyək ki, çar və onun hakimiyyət dairəsi üçün Puşkin çox qorxulu bir qüvvə  idi. Onun mövcud quruluşa qarşı müxalifətçi mövqe tutan şəxsiyyətini, azadlığı təbliğ edən, sadə xalq adamlarına rəğbət bəsləyən üsyankar şeirlərini çar və onun çinovnikləri həzm edə bilmirdilər.Tarix milli ədəbi irsdən xəbərsiz olan və ona etinasızlıq göstərən bir çox bədii istedadların sönüb getdiyinin şahidi olduğu kimi, məhdud milli çərçivəyə  qapılıb qalan, onu  ancaq təbliğ etməklə kifayətlənib dünya ədəbi  prosesindən, onun bədii nailiyyətlərindən xəbərsiz olan istedadların da  sönüb getdiyinin, unudulduğunun  şahidi  olmuşdur. Nizami Firdovsidən, Nəvai  Nizamidən  xəbərsiz  olsaydı, bizə gəlib çatan Nizami və Nəvai yetişməzdi. Bizim Mirzə Fətəli Axundovun Azərbaycanın və ümumiyyətlə, Yaxın Şərqin ilk dramaturqu, ilk ədəbiyyat  tənqidçisi və ilk materialist filosofu səviyyəsinə yüksələ bilməsi bir tərəfdən də rus və Avropa
ədəbiyyatı və elmi ilə tanışlığının nəticəsi idi. Bu tanışlığın nəticəsi idi ki,  Axundov Şərq ədəbiyyatı, ictimai və fəlsəfi fikrinə də  o vaxta qədər görünməmiş yeni bir nəzərlə baxa bilmiş, Şərq ədəbiyyatı və fəlsəfəsinin mütərəqqi cəhətlərini də yüksək qiymətləndirə bilmişdir.Böyük Puşkini yeni rus realist ədəbiyyatının banisi  səviyyəsinə çatdıran sənədlərdən üçüncüsü onun alimliyi, zəmanəsinin elmləri ilə tanışlığı, əsrinin fəlsəfi yüksəkliyinə  qalxa bilməsidir. Çernışevski: “Puşkin  rus şeiri tarixində necə böyük yer tutursa, rus elmi tarixində belə bir yer tutur” demişdir. Belə də olmalı idi. Əks təqdirdə Füzuli demişkən, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur.
Rusiyanın Puşkindən sonra gələn bütün böyük söz ustaları yaradıcılıqlarının ən kamil dövründə belə, yenə də  Puşkini özlərinin müəllimi, ustadı sayırdılar. Puşkindən sonra Rusiyanın ikinci qüdrətli şairi Lermontov Puşkinin davamçısı kimi şöhrət tapdı.
Qoqol Puşkinin ona verdiyi mövzuları işləyib  “Müfəttiş” və “Ölü canlar” əsərlərini yaratdı. Dostoyevskinin ilk qələm təcrübələrindən  biri Puşkinin təsiri ilə yazdığı ikinci  “Boris Qodunov” əsəri idi.  Belinski  Dostoyevskinin  “Zavallı  insanlar” romanında  Puşkinin  “Stansiya  gözətçisi”  hekayəsindəki ideyanın davamını görürdü. Nekrasovun “Dekabrist qadınlar”, Lev Tolstoyun “Dekabristlər” əsərlərində  Puşkinin dekabristlərə münasibətinin davamı  çox  aydın hiss olunurdu. 1873- cü ildə “Anna Karenina” romanı üzərində işləyərkən Tolstoy N. N. Straxova məktubunda  yazırdı: “Anna Karenina” romanının bədii qayəsi üçün o, “İlahi Puşkinə minnətdardır.
Rəsul Rza: “Hələ cocuqluq illərində Puşkinin mənzum nağıllarını dinləyib, onun əfsanəvi hadisələrlə dolu dünyasını səyahətə çıxırdım, hər şeyi unudub bu nağılların havası ilə yaşayırdım. Cavanlıq illərində Puşkinin romantik poeziyası məni könüllər aləmində gəzdirir, insan taleyinin müxtəlif çalarlı, əlvan rəngli aləminə valeh edirdi.

Zaman keçdi, ahıllıq illərində Puşkinin əsərlərini yenidən təkrar-təkrar oxudum. Onun müdrik poeziyası yeni bir təravətlə qarşımda açılıb, məni heyranlıq hissilə bürüdü. Bu əsərləri oxuduqca mənə elə gəlirdi ki, onların müəllifi bu şeirləri, bu poemaları, povestləri və romanları bir oturuma, bir nəfəsə yazmışdır. Bu əsərlərdəki fikrin aydınlığı, sözlərin kəsəri, ahəng o qədər təbii və təsirlidir ki, insan coşub – daşan bu ilhamın qüdrətinə heyran qalırdı. Lakin Puşkin poeziyasının, Puşkin yaradıcılığının ilk əlyazmalarını gözdən keçirdikdə, yeni bir həqiqət bütün amansızlığı ilə ortaya çıxır. Görür və inanırsan ki, sənətkar hər sözün üstündə necə zərgər işi aparmışdır. Hər cümlənin düzümünə nə qədər əmək sərf etmiş, pozub və yenidən yazmış və nəhayət, ağır yaradıcılıq zəhməti nəticəsində axtardığını tapmış, sözlər yerinə düşmüş, cümlələrin ahəngi, fikrinin məntiqi düzümü, poetik ifadənin orjinallığı yaranmışdır. Puşkinlə yaxın tanışlıq həqiqətən onun poeziyasının, onun yaradıcılığının dövrünün geniş müdrik ensiklopediyası olduğunu aydın – aşkar göstərir. Bu gün də nəsil-nəsil insan Puşkinin poeziyasından cəsarət, həqiqət, məhəbbət və nifrət dərsi almağa qadirdir". Bu fikirləri mən Rəsul Rza elə özümün Böyük sənətkar şeirində də ifadə etmişəm:
…Sənin hər sözündə, hər bir sətirində,
Böyük rus qəlbi var, rus ruhu vardı.
O nəcib könlünün saf tellərində
Qardaşlıq nəğməsi dalğalanardı.

Öldürdü canına qəsd edənləri
Böyük sənət adlı yarağın sənin.
Azad insanların qəlbində vardır
Məhəbbətin sənin, sorağın sənin.
Bəxtiyar Bahabzadə: “Puşkin həm şairdir, həm rəssam, həm də bəstəkar. O, son dərəcə adi və sadə sözlərlə həm rəsm çəkir, həm də bu rəsmin nəğməsini yaradır. Onun məşhur “Qış gecəsi ” şeirindən ikicə bəndi misal gətirmək istəyirəm:
Yağan qarı bura- bura
Boran səslənər əsəbi.
Uşaq kimi gah ağlayar,
Gah ulayar bir qurd kimi.

Yel küləşi səsləndirib
Çardaqlarda gah inləyər.
Gah gecikmiş yolçu kimi
Pəncərəni  tıq – tıq döyər.
Boranın yağan qarı burması, onun gah uşaq kimi ağlaması, gah da qurd kimi ulaması həm poetik tapıntı, həm tipik rus qışının səslərlə ifadəsi, həm də şairanə mənzərəsidir. Damları küləşlə örtülən rus komalarının çardağında küləyin əsəbi halda səslənməsinin gecənin vahiməli zülmətində pəncərənin gecikmiş yolçu tərəfindən taqqıldadılmasına bənzədilməsi yenə də həm nəğmə, həm də nəğmənin poetik mənzərəsidir. Çünki Puşkin yazarkən yazdığını həm görür, həm də eşidirdi. Özü bir şair kimi gördüyü və eşitdiyinə görə, oxucunu da görməyə və eşitməyə vadar edir. Bax, budur dahiliyin ən böyük sirlərindən biri ! Mən Puşkinin dahiliyini bir də insan qəlbinin ən dərin guşələrinə işıq salıb, ən gizli və ən incə hissləri üzə çıxara bilməsində görürəm. O, obrazlarını müxtəlif şəraitdə təsvir edir və onun düşdüyü vəziyyətə uyğun yaşadığı duyğuları elə böyük ustalıqla üzə çıxarır ki, oxucu bu duyğuların dərinliyinə və doğruluğuna heyrətlənir.
Bəli, Puşkinin adı bizim xalqımız və ölkəmizin vətəndaşları üçün də çox əzizdir.Dahi şairin yaradıcılığı iki əsrə yaxındır ki, yurdumuzda ehtiramla qarşılanır. Onun əsərlərini bir-birini əvəz edən nəsillər sevə-sevə oxuyur, nakam şairin xatirəsini daim əziz tuturlar. Sözümü A.S.Puşkinin qələmə aldığı bu şeirlə bitirmək istəyirəm.

Yox, mən ölmərəm tamam, yaşaram torpaq sanı,
Ruhum öz rübabımla dolaşar bu dünyanı…
Yayılıb səsim tutar bu böyük Rusiyanı.
Hər tayfa öz dilində oxuyacaqdır məni.

Məmmədli Ruhiyyə

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi – metodika şöbəsinin müdiri

Gundelik.az