Gundelik.az Dünya Oskar itdi: “Oskar” mükafatçısına onu təyyarəyə götürməyə icazə verilmədi
Dünya Xəbərlər

Oskar itdi: “Oskar” mükafatçısına onu təyyarəyə götürməyə icazə verilmədi

“Oskar” mükafatı laureatı Pavel Talankin Nyu-York hava limanında sənədli filmi “Mr Nobody Against Putin” üçün qazandığı qızıl heykəlciyi qeydiyyatdan keçən baqaja verməyə məcbur qalıb – indi isə mükafat yoxa çıxıb.

Talankinin sözlərinə görə, o, çərşənbə günü Almaniyaya uçuş üçün mükafatı əl yükündə aparırdı. Lakin John F. Kennedy Beynəlxalq Hava Limanında təhlükəsizlik əməkdaşları bildiriblər ki, bu əşya potensial silah kimi istifadə oluna bilər və onu salona buraxmayıblar.

Ancaq Almaniyaya çatanda məlum olub ki, “Oskar” itib.

Lufthansa aviaşirkəti bildirib ki, Talankinin qeydiyyatdan keçən baqajı olmadığı üçün əməkdaşlar mükafatı qutuya yerləşdirərək təyyarəyə göndəriblər. Şirkət hadisə ilə bağlı “ciddi və təcili” araşdırma apardığını açıqlayıb:

“Bu vəziyyətə görə dərin təəssüf hissi keçiririk. Komandamız məsələni maksimum diqqətlə və təcili şəkildə araşdırır, mükafatın tapılıb mümkün qədər tez geri qaytarılması üçün geniş daxili axtarış aparılır.”

BBC həmçinin mükafatı təqdim edən Akademiya və hava limanı təhlükəsizliyinə cavabdeh olan ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) ilə əlaqə saxlayıb.

Filmin icraçı prodüseri Robin Hessman bildirib ki, Talankin ingilis dilində sərbəst danışmadığı üçün o, hava limanında TSA ilə telefon vasitəsilə əlaqədə olub. Onun sözlərinə görə, Talankin daha əvvəl həm “Oskar”, həm də bu il qazandığı BAFTA mükafatını bir neçə dəfə ABŞ daxilində və beynəlxalq uçuşlarda problemsiz şəkildə özü ilə aparıb.

“Bu, Leonardo DiCaprio-nun başına gəlməzdi,” – deyə o əlavə edib.

Talankin tez-tez mükafatı özü ilə aparır və müxtəlif nümayişlərdə, tədbirlərdə tamaşaçılara göstərir. Bu səfər zamanı da o, Nyu-Yorkda bir universitetdə film nümayişindən sonra keçirilən müzakirədə mükafatı tələbələrə təqdim edib.

BBC Lufthansa əməkdaşlarının “Oskar”ı qablaşdırmaq üçün skotç və köpüklü qoruyucu materialdan istifadə etdiyini əks etdirən videoya baxıb.

“Oskar” heykəlciyi 34 sm hündürlüyündədir və təxminən 3,9 kq çəkir. Onun hazırlanma dəyərinin 400–1000 dollar arasında olduğu bildirilir.

“Mr Nobody Against Putin” sənədli filmi Talankinin Rusiyada işlədiyi məktəbdə Ukraynaya qarşı müharibədən sonra artan təbliğatı sənədləşdirir.

Talankin hazırda təhlükəsizliyi səbəbindən Rusiyanı tərk edib və Avropada yaşayır. Film Rusiyada “ekstremizm və terrorizmi təbliğ etdiyi” iddiası ilə üç platformada qadağan olunub.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version