15 dekabr- Dünya Türk Dili Ailəsi Günü Türk dünyasının ortaq mədəni irsini və dil birliyini qeyd etdiyi əlamətdar gündür. Bu gün Orxon–Yenisey abidələrindən başlayaraq indiyə qədər aparılan Ortaq Türk Əlifbası işləri türk dilinin minillik inkişafını və xalqları birləşdirən gücünü göstərir.
“Dünya Türk Dili Ailəsi Günü” türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransının 3 noyabr tarixli iclasında bu gün rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” elan edilib.
Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təqdim olunub və 26 ölkə tərəfindən dəstəklənib. Qərarın əsas məqsədi Türk dilinin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanınmasının gücləndirilməsidir.
Türk dilinin ən qədim və ən dəyərli yazılı nümunələri olan Orxon–Yenisey abidələrinin 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen tərəfindən oxunması ilə bağlı bu tarix UNESCO qərarı ilə dünya miqyasında tanınıb. Bununla türk dilinin yalnız ünsiyyət vasitəsi olmadığı, eyni zamanda tarixi yaddaşı əks etdirən və xalqları birləşdirən güclü bir dəyər olduğu vurğulanıb.
Bu prosesin uğurla nəticələnməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarına etdiyi çağırışlar və keçirilən zirvə görüşlərində atılan addımlar mühüm rol oynayıb.
“Dünya Türk Dili Ailəsi Günü” türk dilinin keçmişini xatırlamaq, dilə marağı artırmaq və türk dövlətləri arasında mədəni əlaqələri daha da möhkəmləndirmək baxımından əlamətdar bir gün hesab olunur.

Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
