Gundelik.az Dünya “OpenAI” kommersiya fəaliyyətindən imtina edir
Dünya Xəbərlər

“OpenAI” kommersiya fəaliyyətindən imtina edir

Amerikanın süni intellektlə məşğul olan “OpenAI” şirkəti kommersiya qurumuna çevrilmək planlarından imtina edib.

Gundelik.az bu barədə şirkətin bəyanatına istinadən xəbər verir.

“OpenAI”nin ana şirkəti qeyri-kommersiya təşkilatı olaraq qalacaq, onun mənfəət məqsədi daşıyan qolu isə həm səhmdarların, həm də missiyanın maraqlarını nəzərə almalı olacaq ictimai faydalı korporasiyaya (PBC) çevriləcək. PBC də bu qeyri-kommersiya təşkilatının nəzarəti altında olacaq. “OpenAI”nin missiyası dəyişməyəcək”, – məlumatda bildirilib.

“OpenAI” normal bir şirkət deyil və heç vaxt olmayacaq”, – şirkətin baş direktoru Sam Altman deyib.

“Bizim missiyamız süni ümumi intellektin (AGI) faydalarını bütün bəşəriyyətə çatdırmaqdır. Biz bütün bəşəriyyətə xidmətlərimizə geniş çıxışı təmin etməyə imkan verəcək şəkildə fəaliyyət göstərmək və qaynaqlanmaq istəyirik ki, bu da hazırda yüz milyardlarla dollara başa gəlir və zamanla trilyonlarla dollara başa gələ bilər”, – Altman işçilərə açıq məktubunda bildirib.
“OpenAI” rəhbəri həmçinin qeyd edib ki, şirkət hələ dünyanın ehtiyac duyduğu qədər süni intellekt təmin edə bilmir və sistemlərinin istifadəsini məhdudlaşdırmağa və onları yavaş-yavaş idarə etməyə məcburdurlar.

Fevral ayında İlon Mask və bir qrup digər investor “OpenAI”yə nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaq üçün təklif təqdim ediblər. Altman bu təklifə qarşı çıxıb.

“The Wall Street Journal” xəbər verir ki, Maskın vəkilləri daha sonra bildiriblər ki, əgər “OpenAI”nin idarə heyəti onun kommersiya qurumuna çevrilməsini rədd edərsə, o, ərizəni geri götürəcək.

“OpenAI” 2015-ci ildə qeyri-kommersiya tədqiqat laboratoriyası kimi təsis edilib və 2020-ci ildə biznes bölməsini işə salıb.

Gundelik.az 

Exit mobile version