Gundelik.az Dünya OpenAI 80 illik riyaziyyat problemini həll etdiyini açıqladı
Dünya Xəbərlər

OpenAI 80 illik riyaziyyat problemini həll etdiyini açıqladı

Süni intellekt şirkəti OpenAİ hazırladığı texnologiyanın 80 illik bir riyaziyyat problemini uğurla həll etdiyini açıqlayıb. Bu nailiyyət süni intellektin məntiq yürütmə (reasoning) bacarıqlarında yeni mərhələ kimi qiymətləndirilir.

Paul Erdös tərəfindən 1946-cı ildə ortaya atılan “müstəvi vahid məsafə problemi” (planar unit distance problem) belə bir suala əsaslanır:

Bir müstəvi üzərində müəyyən sayda nöqtə yerləşdirildikdə, neçə nöqtə cütü bir-birindən tam eyni məsafədə ola bilər?

Erdös hesab edirdi ki, bu cütlərin sayı nöqtələrin ümumi sayından yalnız bir qədər daha sürətli artmalıdır. Lakin OpenAI modeli müxtəlif riyaziyyat sahələrindən istifadə edərək bu sərhədi aşan tamamilə yeni bir düzülüş ailəsi tapıb və bununla da Erdősün nəzəriyyəsinin kifayət qədər güclü olmadığını göstərib.

Kvadrat tor nəzəriyyəsi sarsıldı

OpenAI sosial media platforması X-də paylaşdığı açıqlamada bildirib:

“Təxminən 80 ildir riyaziyyatçılar ən yaxşı mümkün həllərin kvadrat torlara bənzədiyini düşünürdülər. OpenAI modeli isə bundan daha yaxşı nəticə verən tamamilə yeni düzülüş ailəsi aşkar etdi.”

Bununla belə, problem hələ tam həll olunmuş hesab edilmir. Süni intellekt nöqtə cütlərinin dəqiq artım sürətini müəyyən etməyib, sadəcə Erdösün irəli sürdüyü yuxarı sərhədin çox aşağı olduğunu sübut edib.

Riyaziyyatçılar nəticəni təsdiqlədi

ABŞ birjasında IPO-ya hazırlaşan OpenAI bildirib ki, bu nəticələr xüsusi olaraq riyaziyyat üçün hazırlanmış sistemlə deyil, problemləri kiçik addımlara bölərək həll edən ümumi məqsədli reasoning modeli ilə əldə olunub.

Şirkət daha əvvəl də Erdös problemlərini həll etdiyini iddia etmişdi. Amma ötən il məlum olmuşdu ki, model əsasən mövcud elmi mənbələrdəki məlumatları təkrarlayıb. Bu dəfə isə nəticələr mütəxəssislər tərəfindən təsdiqlənib.

Araşdırmanın müəlliflərindən biri olan Thomas Bloom bildirib ki, süni intellekt:

“İnsanların faydasız hesab edib yarımçıq qoyacağı yolları inadla izləyərək” nəticəyə çatıb.

Bununla yanaşı o vurğulayıb ki, insan faktoru hələ də çox vacibdir:

“Süni intellektin yaratdığı ilkin sübut düzgün olsa da, OpenAI tədqiqatçıları və digər riyaziyyatçılar onu ciddi şəkildə təkmilləşdiriblər. Sübutun müzakirəsi, anlaşılması və inkişaf etdirilməsində insan rolu hələ də həyati əhəmiyyət daşıyır.”

Məqaləyə töhfə verən digər riyaziyyatçı Tim Gowers isə bu hadisəni “süni intellekt riyaziyyatında dönüş nöqtəsi” adlandırıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version