“ChatGPT” süni intellekt “chatbot”unun yaradıcısı “OpenAI” 2026-cı ilin ikinci yarısında birjaya çıxmaq (IPO) niyyətindədir.
Gundelik.az-ın “Reuters”ə istinadən məlumatına görə, şirkət 1 trilyon dollar dəyərində ilkin kütləvi təklif həyata keçirməyi hədəfləyir.
Mənbələrin bildirdiyinə görə, “OpenAI” bu proses çərçivəsində ən azı 60 milyard dollar kapital cəlb etməyi planlaşdırır. Bu, texnologiya tarixindəki ən iri IPO ola bilər.
Şirkətin baş icraçı direktoru Sam Altman çərşənbə axşamı daxili toplantı zamanı bildirib: “Kapital ehtiyaclarımızı nəzərə alsaq, IPO-nun bizim üçün ən real marşrut olduğunu demək ədalətli olardı”.
Bununla belə, “OpenAI”nin sözçüsü qeyd edib ki, hazırda şirkətin əsas diqqəti IPO deyil: “Biz konkret tarix müəyyənləşdirməmişik. Məqsədimiz hər kəsin süni ümumi intellektdən (AGI) faydalana biləcəyi davamlı mühit yaratmaqdır”.
Qeyri-kommersiya təşkilatından texnologiya nəhənginə
2015-ci ildə bəşəriyyətin rifahı üçün təhlükəsiz süni ümumi intellekt (AGI) inkişaf etdirmək məqsədilə qeyri-kommersiya təşkilatı kimi yaradılan “OpenAI” bu həftə kommersiya yönümlü şirkətə çevrilmə prosesini başa çatdırıb.
Bu restrukturizasiya şirkətə kapital cəlb etmə imkanlarını artırır və IPO üçün hüquqi zəmin yaradır. Müqaviləyə əsasən, “Microsoft” “OpenAI”nin kommersiya bölməsində təxminən 27% paya sahib olub. Sövdələşmə şirkəti 500 milyard dollar dəyərində qiymətləndirib və bu xəbərin ardından “Microsoft”un bazar kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib.
Artan gəlirlər, böyük itkilər
“OpenAI” 2025-ci ilin ilk yarısında 4,3 milyard dollar gəlir əldə edib. Lakin “The Information” nəşrinin məlumatına görə, şirkətin əməliyyat itkisi 7,8 milyard dollar təşkil edib.
Ekspertlər bildirirlər ki, süni intellekt sektorunda bu cür yüksək qiymətləndirmələr “baloncuq riski” ilə bağlı narahatlıqları artırır. İngiltərə Mərkəzi Bankı da bu ay xəbərdarlıq edib: “Süni intellektlə bağlı gözləntilər azalarsa, texnologiya şirkətlərinin bazar dəyəri kəskin şəkildə düşə bilər”.
“Reuters”ə danışan mənbələrə görə, “OpenAI”nin maliyyə direktoru Sara Friar daxili iclasda 2027-ci ili potensial IPO ili kimi göstərib. Bununla belə, bəzi məsləhətçilər prosesin 2026-cı ildə də baş tuta biləcəyini istisna etmirlər.
Gundelik.az

