“Microsoft” və “OpenAI” arasında süni intellekt sahəsində yeni mərhələni başlatacaq nəhəng razılaşma əldə olunub.
Gundelik.az xəbər verir ki, müqavilə “OpenAI”nin yenidən qurulmasına imkan verir və şirkətin dəyərini 500 milyard dollara yüksəldir.
Yeni razılaşmaya əsasən, “OpenAI” qeyri-kommersiya fond statusundan çıxaraq “İctimai Benefit Korporasiyası”na (Public Benefit Corporation — PBC) çevriləcək.
“Microsoft”un payı 135 milyard dollara çatdı
Sazişə görə, “Microsoft” “OpenAI Qrup PBC”də təxminən 135 milyard dollarlıq səhm əldə edəcək. Şirkət bu günə qədər “OpenAI”a 13,8 milyard dollar investisiya yatırmışdı ki, bu da təxminən 10 qat gəlir deməkdir.
Müqavilənin imzalanmasından sonra “Microsoft”un səhmləri 2,5 faiz bahalaşıb və şirkətin bazar dəyəri yenidən 4 trilyon dolları ötüb.
Əməkdaşlıq 2032-ci ilə qədər davam edəcək
Yeni tənzimləmə iki tərəfin ən azı 2032-ci ilə qədər sıx əməkdaşlıq etməsini nəzərdə tutur. Razılaşmaya əsasən, “OpenAI” “Microsoft”un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində xidmət alacaq. Bunun müqabilində Microsoft artıq “OpOpen”a prioritet xidmət hüququna malik olmayacaq.
Həmçinin “Microsoft” “OpenAI”nin gələcəkdə hazırlayacağı avadanlıqlara sahiblik hüququ əldə etməyəcək. Qeyd edək ki, “OpenAI” 2025-ci ilin martında “Apple”ın keçmiş dizayn direktoru Jony Ive tərəfindən yaradılan “LoveFrom” şirkətinin avadanlıq bölməsini 6,5 milyard dollara satın almışdı.
AGI mərhələsində müstəqil audit aparılacaq
Razılaşmaya görə, “OpenAI” süni intellektin Süni Ümumi İntellekt (AGI) səviyyəsinə çatdığını iddia edərsə, bu iddianın dəqiqliyini yoxlamaq üçün müstəqil audit şurası yaradılacaq.
“OpenAI” Fondunun prezidenti Bret Taylor bildirib ki, “bu model kommersiya şirkəti üzərində nəzarəti qorumaqla, AGI hələ formalaşmamışdan əvvəl böyük resurslara çıxış üçün şəffaf mexanizm yaradır.”
Yeni struktur sərmayə və şəffaflıq imkanlarını genişləndirir
Əvvəlki, 2019-cu ildəki “Microsoft” müqaviləsi “OpenAI”nin kənar investorlarla əməkdaşlıq imkanlarını məhdudlaşdırırdı. Yeni razılaşma bu məhdudiyyətləri tam aradan qaldıraraq, şirkətə sərbəst şəkildə vəsait cəlb etmək imkanı yaradır.
“50 Park Investments”in baş direktoru Adam Sarhan bildirib: “Yeni struktur “OpenAI”yə həm innovasiya, həm də hesabatlılıq baxımından daha şəffaf və dayanıqlı yol açır”
DA Davidson şirkətinin tədqiqat direktoru Gil Luria isə qeyd edib ki, “bu müqavilə “OpenAI”nin qeyri-kommersiya statusundan doğan qeyri-müəyyənlikləri aradan qaldırır və şirkətin investisiya strategiyasını aydınlaşdırır.”
Hazırda “OpenAI”nin həftəlik 700 milyondan çox istifadəçisi var. Ekspertlər hesab edirlər ki, bu restrukturizasiya şirkətin süni intellekt sahəsində innovasiyalarını sürətləndirəcək və onu qlobal investorlar üçün daha cəlbedici edəcək.
Gundelik.az

