İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən

Norveçin Baş naziri: Vəliəhd şahzadə Epstein əlaqələri ilə bağlı “pis qərar” verib

Norveçin Baş naziri Jonas Qar Støre bildirib ki, o, Vəliəhd şahzadə Mette-Maritin mərhum seks cinayətkarı Jeffrey Epstein ilə bağlı əlaqələrinə görə “pis mühakimə” göstərdiyini etiraf etməsi ilə razıdır.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epsteinlə bağlı açıqlanan son sənədlərdə şahzadənin adı 2011-2014-cü illər arasında yüzlərlə dəfə qeyd olunur.
Bu, kral ailəsi üçün daha bir utancverici hadisədir və üstəlik, şahzadənin oğlunun Osloda başlayacaq yeddi həftəlik məhkəməsi ərəfəsində baş verir. Oğlu 38 maddə üzrə – o cümlədən zorlamaya və zorakılığa görə ittiham olunur.
Vəliəhd şahzadə Mette-Marit sadə bir ailədən idi və oğlu Marius Borg Høiby dörd yaşında olarkən Norveçin Vəliəhd şahzadəsi Haakonla evlənib. Əri taxta çıxanda Mette-Marit kraliça olacaq.
E-poçt yazışmalarının məzmunu ortaya çıxmağa başlayanda şahzadə şənbə günü bəyanat yayaraq belə deyib: “Pis qərar verdim və Epsteinlə hər hansı əlaqəm olduğuna görə peşmanam. Bu, sadəcə biabırçılıqdır.”
O, həmçinin Jeffrey Epstein tərəfindən törədilmiş sui-istifadələrin qurbanlarına “dərin simpatiya və həmrəylik” ifadə edib.
Baş nazir şahzadənin “pis qərar” etirafı ilə razılaşsa da, daha irəli getməyib. Bununla belə, onun dolayısı tənqidi Norveçdə qeyri-adi hesab olunur.
Støre həmçinin keçmiş Baş nazir Thorbjørn Jaglandın da “pis qərar” verdiyini deyib. Çünki Jaglandın ailəvi tətili Epsteinə məxsus şəxsi adada keçirməyi planlaşdırdığı, lakin sonradan bunu ləğv etdiyi ortaya çıxıb.
Epstein sənədlərinin son toplusu göstərir ki, Vəliəhd şahzadə Mette-Marit 2013-cü ilin yanvarında Epsteinin Mayamidə, Palm Biçdəki evində dörd gün keçirib. Həmçinin HRH (Vəliəhd şahzadə) hesabından göndərilən bir e-poçtda Epsteinə belə bir sual verilib: bir ana oğlunun divar kağızı üçün çılpaq qadınların sörf lövhəsi daşımasını təklif etməlidirmi?
Yazışmaların səmimi tonu Norveçdə şərhçiləri şoka salıb. Mesajlardan birində şahzadənin Epsteinin 2008-ci ildə aldığı həbs cəzasından xəbərdar olduğu da hiss olunur.
Son vaxtlar Norveç kral ailəsi ard-arda qalmaqallarla sarsılıb. Bunlardan biri də Vəliəhd şahzadənin bacısı, şahzadə Märtha Louise-in özünü amerikalı şaman kimi təqdim edən bir şəxslə evlənməsi idi.
İndi isə norveçlilər Marius Borg Høiby-nin məhkəməsinə hazırlaşarkən, anasının Epsteinlə əlaqələrin nə qədər “zəhərli” olduğunu anlamamasına və onun məsləhətçilərinin roluna dair suallar artır.
Mette-Marit ağciyər fibrozundan əziyyət çəkir və həkimlər onu ağciyər transplantasiyası üçün siyahıya salmağa hazırlaşırlar.
Kral ailəsinə daxil olmayan 29 yaşlı oğlu ona qarşı irəli sürülən ən ağır ittihamları rədd edir. Zorlama ittihamlarından biri qadın yatdığı vaxt cinsi əlaqə ilə bağlıdır. Digər üç ittiham isə qadınların huşsuz və ya özünü müdafiə edə bilmədiyi vəziyyətdə cinsi təcavüzə məruz qalması ilə əlaqədardır. Norveç qanunlarına görə bu da zorlama sayılır.
Əgər günahı sübuta yetirilərsə, onu ən azı 10 il həbs cəzası gözləyə bilər.
Kral ailəsindən heç kim çərşənbə axşamı Oslo dairə məhkəməsində başlayacaq məhkəmədə iştirak etməyəcək.
Buna baxmayaraq, Vəliəhd şahzadə Haakon ötən həftə jurnalistlərə emosional açıqlamasında belə deyib: “Düşüncələrimiz bu işdən təsirlənən hər kəslədir… bunun bir çoxunuz üçün çətin dövr olduğunu anlayırıq və sizə simpatiya bəsləyirik.”
Ögey oğlu kral ailəsinin üzvü olmasa da, o əlavə edib: “Biz ona qayğı göstəririk və o, ailəmizin vacib üzvüdür.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az