Sentyabr 21, 2026
Baku
Xəbərlər

Niyə bəzi insanlarla danışdıqdan sonra özümüzü yorğun hiss edirik? – Psixoloqdan AÇIQLAMA

Bəzən gün ərzində fiziki olaraq çox yorulmadığımız halda, müəyyən insanlarla söhbətdən sonra özümüzü həddindən artıq tükənmiş hiss edirik. Hətta adi bir söhbət belə əhvalımıza təsir edə, enerjimizi azalda və bir müddət heç kimlə danışmaq istəməməyimizə səbəb ola bilər.

Bəs bunun səbəbi nədir? İnsanlarla ünsiyyət niyə bəzən bizi rahatlaşdırmaq əvəzinə yorur?

Bu barədə psixoloq Sevda Əliyeva Gundelik.az-a açıqlamasında bildirib ki, ünsiyyət zamanı insan yalnız sözləri deyil, qarşı tərəfin emosiyalarını və davranışlarını da qəbul edir.

Onun sözlərinə görə, xüsusilə daim şikayət edən, qarşısındakı insanı mühakimə edən və ya ünsiyyətdə gərginlik yaradan şəxslərlə münasibət psixoloji baxımdan daha çox enerji tələb edə bilər.

“İnsan ünsiyyət zamanı qarşı tərəfin emosional vəziyyətinə də reaksiya verir. Məsələn, davamlı narazılıq, aqressiv münasibət, tənqid və gərginlik insanın özünü təhlükəsiz hiss etməsinə mane ola bilər. Belə söhbətdən sonra insanın yorğunluq hiss etməsi təəccüblü deyil”, – deyə psixoloq bildirib.

Sevda Əliyeva qeyd edib ki, belə hallarda insan dərhal qarşı tərəfi “pis insan” kimi qiymətləndirməməlidir.

“Bəzən problem konkret şəxsdə deyil, münasibətin formasında olur. Qarşılıqlı hörmətin olmadığı, şəxsi sərhədlərin nəzərə alınmadığı və insanın daim özünü izah etməyə məcbur qaldığı münasibətlər emosional baxımdan yorucu ola bilər”, – deyə ekspert vurğulayıb.

Psixoloqun sözlərinə görə, insanın özünü qoruması üçün hər söhbətə cavab vermək, hər problemi həll etmək və hər kəsi razı salmaq məcburiyyətində olmadığını qəbul etməsi vacibdir.

“”‘Xeyr” demək münasibəti pozmaq deyil”

Psixoloq bildirib ki, şəxsi sərhədlər insanın psixoloji rahatlığında mühüm rol oynayır.

“İnsan hər zaman əlçatan olmaq məcburiyyətində deyil. Yorulduqda söhbəti təxirə salmaq, uyğun olmayan mövzuda danışmaq istəmədiyini bildirmək və özünə vaxt ayırmaq normaldır. Sağlam münasibətlərdə qarşılıqlı sərhədlərə hörmət edilir”, – Sevda Əliyeva deyib.

O, həmçinin insanlara öz emosional vəziyyətlərini müşahidə etməyi tövsiyə edib. Əgər müəyyən münasibətlərdən sonra mütəmadi olaraq narahatlıq, gərginlik, günahkarlıq və ya tükənmişlik hissi yaranırsa, bunun səbəbləri üzərində düşünmək faydalıdır.

“Bəzən insanın ehtiyacı daha çox ünsiyyət deyil, bir qədər sakitlikdir. Özümüzə ayırdığımız vaxt eqoizm deyil. Əksinə, psixoloji balansın qorunması üçün vacib ehtiyacdır”, – deyə psixoloq əlavə edib.

Nurəddin Abdullayev
Gundelik.az