Brent markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 104,70 dollardan ticarət olunur.
Cümə günü 105,09 dollara qədər bahalaşan Brent neftinin fyuçers barrel qiyməti günü 104,72 dollar səviyyəsində tamamlamışdı. Brent neftinin dekabr fyuçersləri üzrə barrel qiyməti bu gün saat 09:31 radələrində bağlama qiymətinə nisbətən 0,01 faiz azalaraq 104,70 dollar olub.
Eyni dəqiqələrdə West Texas Intermediate (WTI) markalı xam neftin noyabr fyuçerslərinin barrel qiyməti 91,46 dollar təyin edilib.
Neft qiymətlərinin cüzi enməsinə Rusiya ilə Ukrayna arasında enerji infrastrukturlarına hücumların dayandırılması ilə bağlı razılıq əldə olunduğuna dair bəyanatların tədarükün kəsilməsi narahatlıqlarını azaltması və investorların son dövrdə yüksələn qiymətlərdən sonra mənfəəti reallaşdırmağa (gəlir götürməyə) yönəlməsi təsir edir.
ABŞ Prezidenti Donald Tramp bazar günü sosial media hesabında etdiyi paylaşımda Rusiya ilə Ukrayna arasında dərhal qüvvəyə minmək şərtilə enerji infrastrukturlarını əhatə edən atəşkəs elan olunduğunu bildirib.
İki ölkənin davam edən müharibəyə baxmayaraq, qarşılıqlı olaraq enerji obyektlərinə zərbə vurmamaq barədə razılığa gəldiyini qeyd edən Tramp razılaşmaya əməl olunması çağırışını edib.
Sözügedən bəyanat Rusiyanın neft emalı zavodları və ixrac infrastrukturlarına hücumların azala biləcəyi, beləliklə qlobal neft və neft məhsulları tədarükündə baş verə biləcək kəsintilərin məhdudlaşdırılacağı gözləntilərini möhkəmləndirərək qiymətlərə aşağı yönlü təzyiq yaradıb.
Digər tərəfdən, Tramp daha əvvəl Ağ Evdən ayrılarkən jurnalistlərə verdiyi açıqlamada Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlar və sülh danışıqlarına yanaşması səbəbindən tənqid etmiş, Ukraynada yeni rəhbərin seçilməli olduğunu müdafiə etmişdi.
Trampın bəyanatlarına cavab verən Zelenski isə ölkəsində seçkilərin keçirilə bilməsi üçün Rusiya ilə 60 günlük tam atəşkəsin təmin olunmasını təklif edib.
Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandıracağı təqdirdə, Kiyev rəhbərliyinin də Rusiyadakı neft emalı zavodlarını və dizel yanacağı obyektlərini hədəf almaqdan imtina edə biləcəyini qeyd edib.
Rusiya hücumlarında son bir həftədə Ukraynanın enerji sektorunun 196 dəfə, neft və təbii qaz infrastrukturunun isə 20 dəfə hədəf alındığını bildirən Zelenski enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılmasının müharibəyə xitam verilməsi istiqamətində ilk addımlardan biri ola biləcəyini ifadə edib.
Tərəflərin qarşılıqlı hücumları dayandırmaq ehtimalı Rusiya nefti və neft məhsullarının qlobal bazarlara tədarükündə axasamaların yaşanması riskini azalda biləcəyi gözləntisi qiymətlərdəki geopolitik risk priminin geriləməsinə səbəb olur.
Meksika körfəzindəki istehsal kəsintiləri neft qiymətlərini dəstəkləyir
Digər tərəfdən, ABŞ-nin Meksika körfəzində tüğyan edən İsayas qasırğası səbəbindən dayandırılan neft və təbii qaz hasilatının mərhələli şəkildə yenidən başlamasına baxmayaraq, bölgədəki tədarük kəsintilərinin davam etməsi neft qiymətlərinin daha çox düşməsinin qarşısını alır.
ABŞ Dəniz Faydalı Qazıntıların İdarə Edilməsi Xidmətinin açıqladığı son məlumatlara görə, bölgədəki gündəlik neft hasilatının 57,54 faizinə bərabər olan təxminən 1,17 milyon barrellik istehsal hələ də dayandırılmış vəziyyətdədir. Təbii qaz hasilatındakı kəsinti isə 49,11 faiz təşkil edərək təxminən 1,05 milyard kub fut səviyyəsindədir.
Qasırğa səbəbindən hasilatı dayandıran “bp” və “Shell” enerji şirkətləri də hava şəraitinin yaxşılaşması ilə personalı obyektlərə qaytarmaq və istehsalı bərpa etmək istiqamətində işlərə başlayıblar.
Mütəxəssislər Brent neftində texniki baxımdan 106,36 dollar səviyyəsinin müqavimət, 100,70 dollar səviyyəsinin isə dəstək zonası kimi izlənilə biləcəyini qeyd edirlər.
Hazırladı:İsgenderova Zehra
Gundelik.az

