Gundelik.az Elm və təhsil Nazirin bəyan etdiyi daimi və rəqabətli müəllim modeli hansı üstünlükləri vəd edir?
Elm və təhsil Xəbərlər

Nazirin bəyan etdiyi daimi və rəqabətli müəllim modeli hansı üstünlükləri vəd edir?

Təhsil sistemimizdə illərdir ki, gözlədiyimiz ən əsaslı və ən dürüst islahat nəhayət ki, gündəmə gəldi. Elm və Təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi daimi və rəqabətli müəllim modeli təkcə yeni qayda deyil – bu, müəllimlik peşəsinin nüfuzunun bərpa olunması deməkdir.

İlk dəfədir ki, təhsilin rəhbəri problemi sadəcə görmür, onu kökündən dəyişmək üçün real mexanizm təqdim edir. İlk dəfədir ki, müəllimin əməyinə verilən dəyər sözlə yox, struktur islahatla ifadə olunur.

Yeni model müəllimi “saat yığan” yox, məktəbin daimi, peşəkar işçisi kimi görür. Dərs yükü 18-24 saat olacaq, qalan vaxt isə metodiki hazırlıq, fərdi iş, layihələr və inkişaf fəaliyyətinə sərf ediləcək. Bu, dünyanın ən qabaqcıl təhsil sistemlərinin Finlandiyanın, Estoniyanın, Sinqapurun tətbiq etdiyi yanaşmadır.

Ən əsas yenilik odur ki, model könüllüdür, ədalətlidir və rəqabətə əsaslanır. Yalnız yüksək nəticə göstərən, sertifikasiyada yüksək bal toplamış müəllimlər bu sistemə daxil ola biləcəklər. Bu isə təhsildə keyfiyyət mədəniyyəti yaradır – bilik və zəhmət ödülləndirilir.

Bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır. Hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu peşəkar və sosial rifah yarada bilməz. Yeni model bu problemi həll edir və müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan həqiqətən cəlbedici edir.

Bir sözlə, uzun illərdir hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası nəhayət ki, həyata keçirilməyə başlayır.

Bu islahat təkcə müəllimin rifahı deyil, təhsilin gələcəyidir.

Müəllim güclənirsə, təhsil də güclənir. Təhsil güclənirsə, ölkə də güclənir.

Bu addım üçün təşəkkürlər, cənab nazir. Bu, təhsilimizin ən doğru istiqamətdə atılmış ən cəsarətli addımıdır.

Təhsil eksperti Kamran Əsədov 

Gundelik.az 

Exit mobile version