İyul 8, 2026
Baku
Dünya Xəbərlər

NATO Zirvəsi üçün Ankarada yüksək səviyyəli təhlükəsizlik tədbirləri görüləcək

7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Zirvəsi ilə əlaqədar paytaxtda təhlükəsizlik və nəqliyyat sahəsində geniş hazırlıqlar aparılır.

Zirvə çərçivəsində şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq. Bu məqsədlə 55 mini silahlı polis və jandarma olmaqla, ümumilikdə 70 min əməkdaş xidmət aparacaq.

NATO-ya üzv ölkələrin liderləri ilə yanaşı, daha 9 ölkənin dövlət başçısının qonaq qismində iştirak edəcəyi tədbirin təhlükəsizliyinin təmin olunmasına terrorla mübarizə, kəşfiyyat, kibercinayətkarlıqla mübarizə, asayiş, KBRN (kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri), yol polisi, xüsusi təyinatlı qüvvələr və jandarma komando bölmələri cəlb ediləcək.

Giriş məntəqələrində nəzarət gücləndiriləcək

Zirvə müddətində hava limanları, qonaqların yerləşəcəyi məkanlar, hərəkət marşrutları və toplantı keçiriləcək ərazilərdə geniş təhlükəsizlik tədbirləri görüləcək. Hava limanı istiqamətlərində jandarma komando qrupları xidmət aparacaq, Ankaraya giriş-çıxış nöqtələrində isə yoxlamalar daha da sərtləşdiriləcək.

ABŞ Prezidenti Donald Trampın təyyarəsi və bəzi digər dövlət başçılarının hava gəmilərinin Ankara Etimesqut Hava Limanına eniş edəcəyi bildirilir.

Zirvədə iştirak edəcək liderlərin həyat yoldaşları üçün isə Ankaranın tarixi və turistik məkanlarını əhatə edən xüsusi ekskursiya proqramı hazırlanıb.

Daxili İşlər Nazirliyi: Bütün tədbirlər diqqətlə həyata keçiriləcək

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, Təhlükəsizlik və Fövqəladə Halların Koordinasiya Mərkəzində keçirilən iclasda NATO Zirvəsi ilə bağlı təhlükəsizlik planları ətraflı müzakirə olunub.

Nazirin sözlərinə görə, dövlət qurumları arasında sıx koordinasiya təmin edilir və ictimai asayişin qorunması, xarici nümayəndə heyətlərinin təhlükəsizliyi və zirvənin uğurla başa çatdırılması üçün bütün zəruri tədbirlər yüksək dəqiqliklə həyata keçiriləcək.

O vurğulayıb ki, Türkiyə öz təcrübəsi, güclü təhlükəsizlik infrastrukturu və institusional imkanları sayəsində NATO Zirvəsinə ən yüksək səviyyədə ev sahibliyi edəcək.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az