Azərbaycan Dövlət Dəniz Akademiyasının alimi beynəlxalq elmi jurnalın redaksiya heyətinə seçilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Natalya Fatyanova nüfuzlu beynəlxalq elmi nəşrlərdən biri olan Applied Chemical Engineering (ACE) jurnalının redaksiya heyətinin üzvü seçilib.
Bu təyinat alimin materialşünaslıq, qoruyucu örtüklər, korroziyaya qarşı mühafizə texnologiyaları və nanokompozit materialların hazırlanması sahəsində uzunillik elmi fəaliyyəti və peşəkar nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Redaksiya heyətinin üzvü kimi Natalya Fatyanova elmi məqalələrin resenziyalaşdırılması prosesində iştirak edəcək, müasir tədqiqatların elmi qiymətləndirilməsinə töhfə verəcək, beynəlxalq elmi təcrübə mübadiləsinin genişləndirilməsi və akademik əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Alimin elmi maraq dairəsinə lak-boya materiallarının, dəniz mühafizə örtüklərinin və antikorroziya sistemlərinin tədqiqi, həmçinin örtüklərin istismar xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə nanokomponentlərin tətbiqi daxildir. Onun apardığı tədqiqatlar müasir materiallar və səthlərin qorunması texnologiyalarının inkişafına mühüm töhfə verir.
Applied Chemical Engineering (ACE) jurnalının redaksiya heyətində təmsil olunmaq Natalya Fatyanova üçün beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, ekspert fəaliyyətinin gücləndirilməsi və yeni tədqiqat istiqamətlərinin inkişafı baxımından əhəmiyyətli imkanlar yaradır.
Qeyd edək ki, bu uğur Azərbaycan Dövlət Dəniz Akademiyasının mühəndislik elmləri sahəsində beynəlxalq elmi məkandakı mövqeyinin daha da möhkəmləndirilməsi və elmi əməkdaşlığın inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biridir.

Gundelik.az
